Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elmlə dini üz-üzə qoymaq doğru deyil

Elmlə dini üz-üzə qoymaq doğru deyil


Elmlə dini üz-üzə qoymaq doğru deyil. Hərəsinin öz yeri var. Dinə qarşı ikrah yaratmaq üçün elmi dinə qarşı qoyurlar. Guya dünyadakı bütün mənfi halların səbəbkarı din yaxud dinlərmiş. Bu, yanlış, qərəzli subyektiv yanaşmadır.

Newscenter.az xəbər verir ki, bunları ilahiyyatçı alim Tural İrfan deyib. O bildirib ki, bu gün bəşəriyyəti təhdid edən nüvə silahını din icad etməyib:

"Nə Stalin, nə də Hitler dindar, inanclı idi. Naqasaki və Hiroşimaya 1945-ci ildə atom bombasını da peyğəmbərlər atmayıb. Nə də o silah hansısa müqəddəs kitabın nəzəriyyəsi əsasında hazırlanmayıb. Əgər dində müəyyən problemlər varsa, bu heç şübhəsiz elmdə də var. Filosoflar Əl Kindi, Cahiz, Əbu Nəsr Fərabi, İbn Rüşd və başqaları dinin heç də elmdən uzaq olmadığını isbatlayırdılar. Din sadəcə istiqamətdir. Yerdə qalan detalları artıq elm, ağıl müəyyən edir. Əks halda gərək hazırda hər ölkədə bilavasitə Allahla hər gün rabitədə olan bir peyğəmbər olaydı. Ziddiyyətli və xurafatla qarışmış hədis və Qurandan qeyri mətnlərlə heç bir nailiyyət əldə etmək olmaz, olmur da. Ona görə Quranın mesajları elm sayəsində, ağıl vasitəsi ilə tətbiq olunmalıdır".

Tural İrfan qeyd edib ki, elm faydalı istifadə olunduqda dəyər qazanır:

"Din elmə istiqamət verir. Doğru istiqamət olmayanda alim bəşəriyyət üçün faydalı şey deyil, kütləvi qırğın silahının layihəsini hazırlayacaq. Din düzgün istiqamət verəndən sonra Muhəmməd Peyğəmbər demiş, elm üçün lap Çinə də getmək olar. Hansısa dahinin belə bir sözü var ki, elmsiz din topal, dinsiz elm kordur. Bəli, elm olmasa din də inkişaf edə bilməz, yalnız doqmatik proqram üzrə standart orta əsr adətlərini dövrə daşıyar və bəşəri inkişafdan saxlayar. Dinlər niyə orta əsrlərdəki kimi sürətlə yayılmır? Çünki o dövrdə ya elmlə dini uzlaşdırıb izah edənlərin sayəsində anlayaraq ya da tam cəhalət uchatından kor-koranə qəbul edirdilər. Lakin sonra dinin üzünə reform qapısını bağladılar və elmlə din əks cəbhələrdə yer aldı. Dinsiz elm isə zəlalətə aparan ən asan yoldur. Dinsiz elm savadlı, təhsilli, lakin vicdansız, ləyaqətsiz adam kimidir. Elm əxlaqi, mənəvi dəyərlərlə paralel şəkildə inkişaf etməlidir. Din də elmi tənqidlərə açıq olmalıdır ki, zamanla ayaqlaşsın".

Süleyman
Xəbəri paylaş