Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni mərhələdə Hərbi Dəniz Qüvvələrimizin gücləndirilməsinə yanaşma konseptual şəkildə dəyişir

Yeni mərhələdə Hərbi Dəniz Qüvvələrimizin gücləndirilməsinə yanaşma konseptual şəkildə dəyişir


"Azərbaycanın hərbi dənizçiliyində yeni dönəm başlayır. Prezident İlham Əliyevin sentyabrın 6-da Hərbi Dəniz Qüvvələrini ziyarət etməsini və burada “Salvo” silahlı, “Qaira” kommunikasiya təyinatlı insansız, pilotsuz dəniz vasitələrinin təqdimatı və praktiki sınaqlarını izləməsini yeni dönəmin startı kimi qəbul etmək olar. Bu sahəyə xüsusi diqqət prioritetə çevrilir. Belə ki, Hərbi Dəniz Qüvvələrinin arsenalına yeni vasitələrin əlavə olunması bütövlükdə Azərbaycanın öz dəniz pilotsuz sistemləri ekosistemini formalaşdırmağa başlamasının göstəricisidir".

Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O qeyd edib ki, yeni mərhələdə Hərbi Dəniz Qüvvələrimizin gücləndirilməsinə yanaşma da konseptual şəkildə dəyişir:

"Əvvəlkindən fərqli olaraq indi hərbi dəniz donanmamızda nəhəng və çox bahalı platformaların, iri döyüş gəmilərinin sayının artırılması elə də önəmli və aktual sayılmır. Çünki Rusiyanın nəhəng döyüş gəmilərinin Ukrayna tərəfindən Qara dənizdə, Azov dənizində dronlar vasitəsilə çox asanlıqla vurulub sıradan çıxarılması bir daha göstərdi ki, iri həcmli döyüş gəmilərinin dövrü artıq geridə qalıb. İndi kiçik ölçülü, sürətli və yüksək döyüş qabiliyyətinə malik olan mobil vasitələr, katerlər dəniz döyüşləri üçün daha əlverişlidir. Bu baxımdan pilotsuz dəniz vasitələri klassik döyüş gəmilərindən fərqli olaraq daha yüksək döyüş nəticələri göstərmək imkanına malikdir".

Komitəs sədri qeyd edib ki, digər Xəzəryanı ölkələr kimi Azərbaycan da bu təcrübəni, bu yeni reallığı nəzərə alır və müvafiq addımlar atır:

"Bu mənada, Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin modernləşdirilməsi yalnız “gəmi sayını artırmaq” məsələsi deyil, daha çox doktrina, texnologiya, çeviklik və Xəzərdə deterrensiya qabiliyyəti məsələsidir. Xüsusilə pilotsuz dəniz vasitələrinin ortaya çıxması dəniz müharibəsinin klassik modelini dəyişdirir: böyük platformaların yerini daha ucuz, daha sürətli, daha riskə davamlı və şəbəkələşmiş vasitələr alır. Bu, Azərbaycanın dəniz təhlükəsizliyi üçün məntiqli və tam da vaxtında cızılan bir istiqamətdir. Hazırda Azərbaycanın Xəzərdə maraqları əsasən sahil təhlükəsizliyi, limanların müdafiəsi, dəniz xəttlərinin nəzarəti, enerji infrastrukturunun qorunması, dəniz sərhədlərinin monitorinqi üzərində qurulur. Bu tip vəzifələr üçün nəhəng freqatlardan çox, çevik və rəqəmsal inteqrasiya olunmuş platformalar daha səmərəlidir. Ona görə də pilotsuz dəniz sistemləri parkının genişləndirilməsi, sahil müşahidə və erkən xəbərdarlıq şəbəkəsinin gücləndirilməsi, radioelektron mübarizə və anti-dron müdafiəsi, sürətli reaksiya katerləri və kiçik mobil platformalar, dəniz kəşfiyyatı, məlumat inteqrasiyası və komanda-idarəetmə, liman, enerji və sualtı infrastrukturun fiziki və rəqəmsal qorunması kimi məsələlər bu gün əsas diqqət mərkəzimizdədir. Bu model Azərbaycanın həm sərfəli, həm də müasir hərbi-dəniz konsepsiyasına daha uyğundur".

Bəs Hərbi Dəniz Qüvvələrimizin modernləşdirilməsi və gücləndirilməsi digər hansı zərurətlərdən irəli gəlir? Rusiya və İran kimi daim problemli və narahat ölkələr tərəfindən Xəzərdə Azərbaycan üçün hər hansı bir təhdid ehtimalı, ekzistensial təhlükə riskləri varmı?

Əlisahib Hüseynov hesab edir ki, bu suallar günümüzdə həqiqətən də mühüm aktuallıq kəsb edir:

"Məsələ burasındadır ki, həm Ukrayna istiqamətində, həm də Yaxın Şərq arealında (Hörmüz boğazı ətrafında) cərəyan edən proseslər Xəzərdə də təhlükəsizlik mühitinin dəyişməsini qaçılmaz edir. Xəzər dənizi formal olaraq “qapalı” hövzə sayılsa da, lakin hazırda burada təhlükəsizlik gündəmi kifayət qədər həssasdır. Söhbət yalnız klassik hərbi təhdiddən getmir. Buraya sərhəd təhlükəsizliyi, kontrabandaya nəzarət, dəniz infrastrukturunun qorunması, enerji obyektlərinin müdafiəsi, limanların və sualtı xətlərin təhlükəsizliyi də daxildir. Azərbaycan üçün dənizdə güclü olmaq, həm də iqtisadi və enerji suverenliyinin qorunması deməkdir.

Rusiya və İran Xəzərdə təhdid yarada bilərmi? Nəzəri cəhətdən, bəli, bu, mümkündür. Ancaq hazırkı reallıqda isə tammiqyaslı ekzistensial təhlükə ehtimalı hələlik elə də yüksək deyil, lakin risklər və təzyiq imkanları mövcuddur. Rusiya istiqamətinə baxaq. Rusiya bu gün Xəzərdə ən güclü hərbi aktorlardan biridir və bu, nəzəri olaraq Azərbaycan üçün strateji balans amili yaradır. Lakin hazırkı reallıqda Rusiyanın Xəzərdə Azərbaycana qarşı açıq hərbi eskalasiya aparması bir neçə səbəbdən məhduddur. Birincisi, Xəzər regionunda açıq müharibəyə başlamaq bu gün Rusiyanın öz maraqlarına zidd olar. Çünki Azərbaycanla münasibətlər təkcə hərbi deyil, həm də siyasi-iqtisadi məzmun daşıyır. Regional sabitlik neft-qaz, nəqliyyat və diplomatik münasibətlər baxımından bu gün Rusiya üçün olduqca vacibdir. Bununla belə, risklər tam sıfır deyil. Yəni açıq işğal və ya birbaşa ekzistensial hücum ehtimalı aşağıdır, amma təzyiq və göstərilən güc riski mövcuddur".

Komitə sədri bildirib ki, İran istiqaməti də aktualdır:

"Çünki İran da Xəzərdə mühüm aktordur və burada təhlükə daha çox ideoloji və geosiyasi şübhələr, eləcə də regional rəqabət kontekstində qiymətləndirilir. İranın Azərbaycanla münasibətlərində zaman-zaman gərginlik yaradan məqamlar olub. Buna baxmayaraq, Xəzərdə birbaşa hərbi toqquşma ssenarisi də çox yüksək ehtimallı görünmür. Hazırda İranla bağlı əsas risk sahələri bunlardır: sərhəd və dəniz patrulu insidentləri, kəşfiyyat və təsir fəaliyyəti, regionda güc balansı ilə bağlı siqnallar və Azərbaycan üzərində siyasi-psixoloji təzyiq. Ümumən götürsək, İran tərəfindən də əsas məsələ klassik dəniz müharibəsi deyil, təzyiq, qarşılıqlı siqnal və deterrensiya mühitidir. Ona görə də mənim qiymətləndirməmə görə, hazırkı mərhələdə Xəzərdə Rusiya və ya İran tərəfindən Azərbaycana qarşı birbaşa ekzistensial hərbi təhlükə ehtimalı aşağıdır. Amma bu, təhlükəsizliyin avtomatik təmin olunması demək deyil. Çünki ekzistensial təhlükə təkcə tank və gəmi ilə gəlmir. Bu təhlükə aşağıdakı yollarla da formalaşa bilər: kritik infrastruktura təhdid, dənizdə nəqliyyat və enerji marşrutlarının pozulması, kiber və elektron mübarizə, informasiya hücumu, psixoloji təzyiq, hibrid təsir formaları, regional koalisiyalarda təcrid cəhdləri və s. Buna görə də bu gün Azərbaycan üçün dəniz qüvvələrinin gücləndirilməsi yalnız silahlanma deyil, strateji dayanıqlıq siyasətidir. Yeni reallıqlar onu göstərir ki, pilotsuz dəniz vasitələri və çevik dəniz doktrinası Azərbaycan üçün həm müdafiə, həm də strateji çəkindirmə baxımından çox önəmlidir".

Süleyman
Xəbəri paylaş