
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədr müavini Ferhat Pirinç və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Newscenter.az xəbər verir ki, görüş zamanı Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duranın Hikmət Hacıyevə Türkiyəyə səfər dəvəti çatdırılıb. Görüşdə Türkiyə ilə Azərbaycan arasında dərin köklü qardaşlıq və strateji müttəfiqlik münasibətləri çərçivəsində kommunikasiya, media və ictimai diplomatiya sahələrində əməkdaşlıq müzakirə edilib.
İki ölkə arasında strateji kommunikasiya sahəsində inkişaf etmiş institusional əməkdaşlığın əhəmiyyəti vurğulanan görüşdə dəyişən qlobal kommunikasiya mühiti, dezinformasiya ilə mübarizə, ictimai diplomatiya fəaliyyətləri, Türkiyə və Azərbaycanın ortaq məsələlər üzrə beynəlxalq ictimaiyyətə kommunikasiya potensialının gücləndirilməsi məsələləri müzakirə olunub.
Görüşdə həmçinin regional hadisələr və Cənubi Qafqazda davamlı sülhün, sabitliyin bərqərar olması prosesində strateji kommunikasiyanın əhəmiyyətindən danışılıb.

Türkiyə ilə Azərbaycan arasında güclü həmrəyliyin təkcə ikitərəfli münasibətlər baxımından deyil, həm də regional əməkdaşlıq və sabitlik baxımından əhəmiyyətinə diqqət çəkilib.
Tərəflər "iki dövlət, bir millət" anlayışına və Şuşa Bəyannaməsində ifadə olunan müttəfiqlik ruhuna uyğun olaraq, kommunikasiya sahəsində Türkiyə-Azərbaycan münasibətlərinin daha yüksək səviyyələrə yüksəldilməsinin vacibliyini vurğulayıblar.
Türkiyənin Bakıdakı səfiri professor Dr. Birol Akgünün də qatıldığı görüşdə iki ölkənin müvafiq qurumları arasında əlaqələrin davam etdirilməsi və birgə işlərlə bağlı müzakirələr aparılıb.
Süleyman











































