
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Newscenter.az xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli şeyx həzrətləri.
Hörmətli qonaqlar.
Sizi səmimiyyətlə salamlayıram. Qonaqlara "Azərbaycana xoş gəlmisiniz!" deyirəm.
Bu günlərdə Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı keçirilir. Bu, özlüyündə böyük bir beynəlxalq tədbirdir. Eyni zamanda, bu günlərdə Bakıda böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirilir və çoxlu qonaqlarımız bu konfransda iştirak edirlər.
Bu iki tədbirin eyni vaxtda Bakıda keçirilməsinin böyük mənası var. Çünki biz öz dahi şəxsiyyətlərimizlə, mütəfəkkirlərimizlə, şairlərimizlə həmişə fəxr edirik. Seyid Yəhya Bakuvi onlardan biridir. XV əsrdə yaşayıb-yaratmış Yəhya Bakuvi çox böyük bir iz buraxmışdır.
Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir. Sadəcə olaraq, onların adlarının sadalanması göstərir ki, xalqımız və diyarımız nə qədər istedadlarla zəngindir - XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli. Yəni onların hər biri böyük bir dünyadır. Onların qoyduqları miras, tarixi-mədəni irs bu gün bizim üçün, onların davamçıları üçün, bütün Azərbaycan xalqı üçün və deyə bilərəm ki, bütün İslam aləmi üçün çox böyük dəyərdir.
Bilirəm ki, bizim tədbirlərdə bir çox ölkələrdən dini liderlər iştirak edirlər. Onları xüsusilə salamlayıram. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderlərindən başqa, bu gün Gürcüstan, Suriya dini liderləri, Şimali Qafqaz respublikalarının nümayəndələri, xüsusilə Dağıstandan, Çeçenistandan olan dini rəhbərlər iştirak edirlər. Yəni bu, birliyin nümunəsidir. Təbii ki, burada Azərbaycanın xüsusi rolu var. Çünki Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir. Bizim ölkəmizin tarixinə baxanda hər şey açıq-aydın görünür. Qədim Qafqaz Albaniyası məhz bizim ərazilərimizdə mövcud idi və qədim dövlətin paytaxtı Qəbələ şəhəri idi, bu gün də ölkəmizin ən gözəl yerlərindən biridir.
Qədim Atabəylər dövlətinin paytaxtı isə digər gözəl şəhərimiz Naxçıvan olmuşdur. Yəni bu bir daha göstərir ki, Türk dünyası və Qafqaz - bu iki məkan, əslində, vahid bir coğrafiyanı əhatə edirdi və Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi Azərbaycandır.
Təbii ki, bizim Türk dünyası ilə sıx əlaqələrimiz var, Qafqaz xalqları ilə sıx qohumluq, dostluq əlaqələrimiz var. Təbii ki, burada sizin bir yerdə olmağınız çox böyük rəmzi məna daşıyır. Çünki məhz belə birgə tədbirlər bizi daha da birləşdirir, aramızdakı dostluq, qardaşlıq əlaqələrini gücləndirir və dünyaya çox gözəl mesajlar verir.
Müsəlman dini liderlərin hər bir sözü, təbii ki, müsəlman icmaları üçün çox dəyərlidir, qiymətlidir. Bu sözlər sülhə, əməkdaşlığa, əmin-amanlığa, barışığa istiqamətləndirilirsə, deməli, yaşadığımız bölgələrdə də sülh və əmin-amanlıq üstünlük təşkil edəcək.
Bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr, təbii ki, bizim hamımızı narahat edir. Biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək. Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilmişdir. Hələ təxminən 10 il bundan əvvəl - 2017-ci ildə bizim təşəbbüsümüzlə və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıda IV İslam Həmrəylik Oyunları keçirilmişdir. Biz də bu Oyunları, sadəcə olaraq, idman yarışı kimi deyil, böyük birlik bayramı kimi qəbul edirdik.
Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü keçiriləcək. Dünyada gedən proseslərin fonunda belə bir tədbirin məhz Azərbaycanda keçirilməsi hesab edirəm ki, təsadüfi deyil. Düzdür, bu qərar bir qədər əvvəl qəbul edilmişdir, amma, əslində, çox düzgün bir qərardır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir. Əminəm ki, gələn il Azərbaycanda keçiriləcək bu Zirvə Görüşünün çox gözəl nəticələri olacaq. Bizim ümidlərimiz ondan ibarətdir ki, o Zirvə Görüşünə qədər bəzi müsəlman ölkələri arasında gedən proseslər, anlaşılmazlıq, bəzi hallarda toqquşmalar başa çatacaq. Öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin, bütün lazımsız söz-söhbətlər yığışdırılsın, qarşıdurmalar dayandırılsın. Bizi ayırmaq istəyən, əslində, İslam dininə zərbə vurmaq istəyən ünsürlər də öz yerlərinə otursunlar. Əlbəttə ki, biz ancaq müştərək səylərlə buna nail ola bilərik.
Ona görə hesab edirəm ki, sizin Bakıda olmağınız və bir yerdə tədbirlərdə iştirakınız, yenə də deyirəm, həm bölgəmizə, həm dünyaya çox ciddi və birmənalı mesajlar verəcəkdir.
Bilirəm ki, səfər zamanı siz Qarabağa da gedəcəksiniz. Mənə verilən məlumata görə, Ağdam, Xankəndi, Xocalı, Şuşa şəhərlərində olacaqsınız. Əminəm ki, bu səfər sizin üçün çox maraqlı olacaq. Çünki həm 30 ilin işğalının fəsadlarını, dağıntılarını görəcəksiniz və eyni zamanda, bu gün dirçələn Qarabağın yeni simasını görəcəksiniz. Bu torpaqlar 30 il ərzində Ermənistanın işğalı altında idi. Xalqımıza qarşı hərbi cinayətlər törədilmişdir. Xocalı şəhərində qanlı soyqırımı törədilmişdir. Artıq Xocalıda Xocalı Memorial Kompleksi də yaradılıb və əgər vaxtınız olarsa, oraya da baş çəkə bilərsiniz.
Qarabağda və Şərqi Zəngəzurda yerləşən bütün şəhər və kəndlərimiz yerlə-yeksan edilmişdir. Xalqımıza qarşı etnik təmizləmə aparılmışdır. Bir milyona yaxın azərbaycanlı Ermənistan dövlətinin etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salınmışdır. Bildiyiniz kimi, 30 il davam edən danışıqlar heç bir nəticə verməmişdir. Çünki Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Ermənistanı dəstəkləyən böyük sayılan dövlətlər isə məsələni həll etmək yox, uzatmaq və bu işğalı əbədi etmək istəyirdi. Bu dövlətlər Ermənistana hərbi, iqtisadi, siyasi dəstək verərək faktiki olaraq işğalçını mükafatlandırırdı.
Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı. Çünki bu vaxta qədər işğal edilmiş torpaqlar əfsuslar olsun ki, azad edilmirdi. Hər halda XX əsrdə və XXI əsrdə belə hallara rast gəlinmirdi, ya da ki, çox nadir hallarda rast gəlinirdi.
Azərbaycan xalqı qan tökərək, döyüşərək bu torpaqları azad etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların canı-qanı bahasına, qəhrəman övladlarımızın fədakarlığı hesabına biz öz ədalətimizi, hüququmuzu və milli ləyaqətimizi bərpa etdik. İşğalçıları torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində qaldırdıq, separatçılığa son qoyduq. Separatçı liderlər, hərbi cinayətkarlar, uşaq qatilləri bu gün Azərbaycan həbsxanalarında öz cəzalarını çəkirlər. Bu da ədalətin təntənəsidir. Yəni ədalət tam zəfər çalmışdır və Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etmişdir.
Biz bu torpaqlara 30 ildən sonra qayıdanda nəyi gördük? Bunu indi bütün dünya görür - viran qoyulmuş şəhərlər, kəndlər, sökülmüş evlər, talanmış milli sərvətlərimiz, dağıdılmış məscidlər. 65 məscid Ermənistan dövləti tərəfindən, - mən xüsusilə bunu qeyd etmək istəyirəm, bu, Ermənistanın dövlət siyasəti idi, - Ermənistan dövləti tərəfindən tam dağıdılmışdır. Bəziləri yarıdağılmış vəziyyətdə idi. Yəqin ki, siz də o fotoları görmüsünüz, Ermənistan məscidlərdə bilərəkdən, qəsdən heyvan saxlayırdı, donuz saxlayırdı, inək saxlayırdı. Yəni bizi təhqir etmək, bizi aşağılamaq üçün, bizim həssaslığımızı dərk edərək, yəni qəsdən xalqımızı daha da incitmək üçün belə vəhşi əməllərdən də çəkinmədi. Əslində bu, təkcə bizə, xalqımıza yox, bütün İslam dünyasına bir təhqir idi. Bax, budur Ermənistan dövlətinin əsl siması. Biz bunu heç vaxt unutmamalıyıq və unutmayacağıq.
Bəli, bu gün sülh var və müharibə dayanıb. Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və əminəm ki, bu, uzunmüddətli olacaq. Hər halda Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir. Ancaq biz bizə qarşı, xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq. Xocalı qurbanlarını unutmayacağıq, dağıdılmış məscidlərimizi, təhqir edilmiş mədəni ocaqlarımızı heç vaxt unutmayacağıq və bu yaddaş bizi daha da ayıq edəcək. Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq, imkan verməyəcəyik ki, yenə də xalqımıza qarşı hansısa məkrli planlar baş tutsun. Biz ayıq olmalıyıq, ayığıq və eyni zamanda, öz hərbi gücümüzü də artırırıq. Məhz hərbi güc və övladlarımızın qəhrəmanlığı nəticəsində biz Ermənistanın işğalçı ordusunu öz torpaqlarımızdan qovmuşuq. Ona görə hərbi vətənpərvərlik tərbiyəsi bu gün Azərbaycanda çox geniş vüsət alıb. Hər kəs görür ki, bu gün dünya tamamilə dəyişib və güc amili ön plana çıxıb. "Kim güclüdür, o da haqlıdır" prinsipini biz ortaya atmamışıq. Amma biz mövcud olan reallıqlarla gərək hesablaşaq və təbii ki, hesablaşırıq. Bilirik ki, suverenliyimizin, ərazi bütövlüyümüzün, xalqımızın bundan sonra azad, müstəqil xalq kimi yaşamasının bir zəmanəti var, o da bizim iradəmiz, qətiyyətimiz, hərbi gücümüz, xalqımızın bir yumruq kimi birləşməsi, imanımız və milli dəyərlərimizdir.
Əlbəttə ki, Qarabağa səfəriniz, yenə də deyirəm, çox maraqlı olacaq. Çünki siz dirçələn Qarabağı da görəcəksiniz. Bu gün Qarabağda və Şərqi Zəngəzurda artıq 48 şəhər və kənddə insanlar yaşayır. Yəni keçmiş köçkünlər qayıdıb, orada işləyənlər, təhsil alanlar məskunlaşıb. "Böyük Qayıdış" Proqramı uğurla icra edilir. Bax, dediyim bu şəhər və kəndlərdə artıq 90 mindən çox insan yaşayır. Yəni həyat qayıdıb və bu, bizim böyük nailiyyətimizdir, tarixi nailiyyətimizdir. Xalqımız 30 il ərzində əzab-əziyyət içində yaşayıb. Bu gün isə qalib xalq kimi, müzəffər dövlət kimi yaşayırıq.
Onu da bildirməliyəm ki, bütün bu əzablara, işgəncələrə, soyqırımlara baxmayaraq, biz Ermənistana, Ermənistan xalqına qarşı adekvat addım atmamışıq. İkinci Qarabağ müharibəsi zamanı biz ancaq hərbi birləşmələri atəşə tutmuşduq. Biz Ermənistandan fərqli olaraq, əliyalın, mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq. Bu, bizim xalqımızın mentalitetinə də, adətlərinə də ziddir. Mən hələ müharibə dövründə demişdim ki, biz intiqamımızı, qisasımızı döyüş meydanında almalıyıq və artıqlaması ilə aldıq da. Şəhidlərimizin qanı yerdə qalmadı. Biz şəhidlərimizin qanını düşməndən aldıq, düşməni məhv etdik, təslim olmağa məcbur etdik. Bir daha deyirəm, bu gün müzəffər xalq kimi qürurla yaşayırıq, qururuq.
Otuz il ərzində işğal dövründə Qarabağda Ermənistan dövləti bir daşı daş üstə qoymamışdır, bir bina tikməmişdi, ancaq öz yırtıcı, rüşvətxor və qaniçən rəhbərləri üçün villalar, imarətlər tikmişdir. İndi gedib görərsiniz, biz 4-5 il ərzində bütün o böyük ərazini, - təqribən 15 min kvadratkilometrə yaxın olan ərazi, - yəni bir ölkə boyda ərazini hansı hala gətirdik. Onu özünüz görərsiniz.
Mən bir daha sizi salamlayıram. Xüsusilə şeyx həzrətlərinə öz təşəkkürümü bildirmək istəyirəm. Şeyx həzrətləri həm Azərbaycanda, həm Qafqazda, Türk dünyasında, İslam dünyasında və dünyada böyük hörmətə malik olan şəxsiyyətdir. Onun fəaliyyəti həm Azərbaycan xalqı tərəfindən, həm qonşu dövlətlər, xalqlar tərəfindən yüksək qiymətləndirilir. Onun himayəsi, təşəbbüsü ilə keçirilən bu tədbirlərin çox böyük mənası var - həm xalqımız üçün, həm Qafqaz üçün, Türk dünyası üçün, İslam aləmi üçün. Ona görə hörmətli şeyx həzrətləri, sizə öz təşəkkürümü bildirmək istəyirəm. Qonaqlara da təşəkkürümü bildirirəm ki, bu gün bizimlə bir yerdədirlər. Sizə uğurlar, təmsil etdiyiniz xalqlara, ölkələrə xoşbəxtlik, əmin-amanlıq, cansağlığı arzulayıram.
Sağ olun.











































