
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Bakıda "Türk Dünyasının Dialoqları: Ortaq Gələcək, Ortaq Vizyon" adlı panel keçirilib.
Newscenter.az xəbər verir ki, əvvəlcə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri, professor Dr. Burhanəddin Duran video mesaj vasitəsilə panel iştirakçılarını salamlayıb, Türk dünyasının birlik və bərabərliyi istiqamətində atılan addımlar, görülən işlərdən danışıb, Türk Dövlətləri Təşkilatının bu prosesdə oynadığı rola toxunub. Panelə Daşkənddəki Kommunikasiya Məsləhətçisi, professor Dr. Mehmet Yüce moderatorluq edib. Paneldə Türkiyə Prezidentinin müşaviri Seyit Sertçelik, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fariz İsmayılzadə, Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin baş müşaviri Esma Özdaşlı, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev; və Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərov çıxış edərək Türk dünyasının birliyi, inteqrasiya prosesinin sürətləndirilməsi məqsədilə görülməsi vacib olan işlərdən danışıblar.
Panel Türk Dövlətləri Təşkilatının regional və qlobal gücünü artırmaq, türk dünyasının ortaq vizyonunu daha geniş auditoriyaya çatdırmaq və üzv dövlətlər arasında akademik, mədəni, iqtisadi və sosial qarşılıqlı əlaqəni gücləndirmək məqsədi daşıyır.
Paneldə təhsil, iqtisadiyyat, nəqliyyat, enerji, elm və texnologiya, müdafiə sənayesi, media və mədəniyyət daxil olmaqla bir çox sahələrdə mövcud əməkdaşlığın inkişaf etdirilməsi üçün atılacaq addımlar, eləcə də gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Bildirilib ki, paneldə müzakirə edilən məsələlər bu ilin oktyabr ayında Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 13-cü Zirvə Görüşünə hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, bundan əvvəl eyni mövzuda panel toplantı Qazaxıstanın Astana şəhərində keçirilib.
Süleyman











































