
Müasir qlobal çağırışlar fonunda Azərbaycan iqtisadiyyatı dinamik şəkildə güclənir, şaxələndirmə islahatları sayəsində yerli istehsal və qeyri-neft sektoru sürətlə inkişaf edir. Ölkəmizin iqtisadi qüdrətinin artması onun beynəlxalq miqyasda nüfuzlu bir investisiya mərkəzinə çevrilməsini şərtləndirir. Məhz bu inkişafın məntiqi davamı olaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və himayəsi altında 26 sentyabr 2026-cı il tarixində Bakı şəhərində II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilmişdir. Dünyanın geosiyasi və geoiqtisadi platformada dərin parçalanmalar yaşadığı, ənənəvi tədarük zəncirlərinin qırıldığı bir dövrdə, Cənubi Qafqaz, xüsusən də Azərbaycan sabitlik nümunəsi kimi daim önə çıxır. Dövlətimizin başçısının forumdakı çıxışı və səsləndirdiyi strateji mesajlar rəsmi Bakının gələcəyə dair iqtisadi modelinin konturlarını tam dəqiqliyi ilə ortaya qoyur. Ölkənin təqdim etdiyi əsas üstünlük Şərq–Qərb və Şimal–Cənub nəqliyyat koridorlarının məhz bu coğrafiyada kəsişməsi və Orta Dəhliz kimi layihələrin artıq alternativsiz qlobal marşruta çevrilməsidir. Zəngəzur dəhlizinin potensialı isə təkcə regional inteqrasiyanı deyil, həm də Mərkəzi Asiyadan Avropaya uzanan ən qısa və təhlükəsiz ticarət yolunun formalaşmasını vəd edir. İnvestorlar üçün ən böyük stimul heç şübhəsiz ki, proqnozlaşdırıla bilən daxili sabitlik, güclü maliyyə immuniteti və hüquqi təminatdır. Ölkənin strateji valyuta ehtiyatlarının ÜDM-in yüz faizindən çoxunu təşkil etməsi və nüfuzlu beynəlxalq reytinq agentliklərinin Azərbaycanın kredit reytinqini investisiya səviyyəsinə qaldırması qlobal kapitalın Bakıya olan etimadını rəsmiləşdirir. Digər tərəfdən, Azərbaycanın strateji hədəfləri artıq ənənəvi karbohidrogen resurslarının hasilatı ilə məhdudlaşmır, belə ki, ölkə sürətlə yaşıl enerji mərkəzinə çevrilməkdədir. Xəzər dənizindən və regional bərpa olunan mənbələrdən əldə edilən yaşıl enerjinin Avropa bazarlarına nəqli üçün qurulan dəhlizlər Azərbaycanı qlobal iqlim hədəflərinin mühüm tərəfdaşı edir. Forum çərçivəsində imzalanan strateji sənədlər o cümlədən "Abşeron" yatağı üzrə yekun investisiya qərarı, rəqəmsallaşma, süni intellekt və yaşıl keçid sahəsindəki real addımlar bu yeni iqtisadi doktrinanın sadəcə kağız üzərində deyil, böyük bir praktiki güclə həyata keçirildiyini təsdiqləyir.
Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri












































