
Türkiyə səfirliyinin tədbirlərində dönə-dönə iştirak edib özlərini guya türkçü imiş kimi göstərən bəzi şəxslərin indi özlərinə əl qatıb Türkiyə-Azərbaycan münasibətlərində qəsdən süni gərginlik yaratmağa çalışmaqları həm riyakarlığın, həm də "beşinci kolon"çuluğun göstəricisidir. Bu dırnaqarası "türkçü"lər əsl həqiqətdə isə başqa güclərin - Rusiya, İran, İsrail və Qərbin maraqlarına xidmət edən proksilərdir.
BMT-dəki son hadisə həm Türkiyədəki Azərbaycan əleyhdarlarının, həm də Azərbaycandakı türkəfobların, Türkiyə əleyhdarlarının gerçək simalarını bir daha üzə çıxartdı. Bu adamlar Türkiyə-Azərbaycan münasibətlərini korlamaq üçün hər dona girməyə, hər oyundan çıxmağa hazırdırlar. Bunların əlinə fürsət düşən kimi Azərbaycan-Türkiyə birliyini baltalamağa başlayırlar.
Azərbaycan və Türkiyə "Bir millət, iki dövlət" fəlsəfəsi ilə bundan sonra da hər zaman qardaşlıq və müttəfiqlik yoluyla yürüməyə davam edəcək. Amma daxilimizdəki düşmənləri, "5-ci kolon"çuları da yaxşı tanımalıyıq. Bu anti-Azərbaycan və anti-Türkiyə mövqeli qüvvələr Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın illərlə möhkəmləndirib inkişaf etdirdiyi və tarixi Şuşa Bəyannaməsi ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdiyi Azərbaycan-Türkiyə birliyini belə rahat-rahat hədəf alıb zədələməyə cəsarət göstərə bilməməlidirlər.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri












































