
Bu gün şanlı Zəfərimizin ilk addımından — 44 günlük Vətən müharibəsinin başlanmasından 6 il ötür. Ən yeni tariximizə 27 Sentyabr — Anım Günü kimi həkk olunan bu gün hər bir azərbaycanlı üçün həm kədər, həm də qürur səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarımızı işğaldan azad etməsinin və xalqımızın illərlə həsrət qaldığı ədaləti bərpa etməsinin başlanğıc günüdür bu gün.
Düz 44 gün davam edən şanlı Zəfər yürüşünün sayəsində kəndlərimiz və şəhərlərimiz bir-birinin ardınca erməni işğalçılarından təmizləndi, ölkəmizin ərazi bütövlüyü təmin olundu, xalqımızın milli birliyi, iradəsi və Vətən sevgisi bütün dünyaya bir daha nümayiş etdirildi. Bu tarixi qələbə təkcə cəbhədə qazanılan Zəfər deyildi — bu, ədalətin, səbrin, dövlətimizin gücünün və xalqımızın sarsılmaz həmrəyliyinin təntənəsi idi. 44 günlük Vətən müharibəsinin başlandığı bu tarix torpaqlarımızın azadlığı uğrunda aparılan ədalətli mübarizə ilə yanaşı, həm də dövlətimizin qətiyyətinin, ordumuzun peşəkarlığının və xalqımızın sarsılmaz birliyinin simvoludur.
Bu gün hər bir azərbaycanlı üçün həm hüzn, həm də iftixar günüdür. Şəhidlərimizin qanı, xalqımızın birliyi və Ordumuzun gücü sayəsində yazılan bu şanlı tarix gələcək nəsillərə azərbaycançılıq ruhunun, vətənpərvərliyin və dövlətə sədaqətin ən parlaq nümunəsi kimi çatdırılmalıdır. Qazilərimizin şücaəti, Ordumuzun qüdrəti, xalqımızın birliyi və dövlətimizin qətiyyəti Azərbaycanın bu gününü və gələcəyini daha da möhkəmləndirən əsas dayaqlardır. 27 Sentyabr — Anım Günü hər bir vətəndaş üçün Vətənə sədaqətin, milli yaddaşın və dövlətçilik ənənələrinə hörmətin ifadəsi kimi böyük əhəmiyyət daşıyır.
Bu gün həm də bizə bir həqiqəti xatırladır: Vətən uğrunda sıx birləşən, dövlətinə və ordusuna bütün varlığı ilə güvənən xalqı heç bir qüvvə məğlub edə bilməz. Azərbaycanın gücü onun ordusunun yenilməzliyində, dövlətinin qətiyyətində, xalqının birliyində və şəhidlərinin müqəddəs mirasına sədaqətindədir. 200 illik itkilərimizə və tarixi ədalətsizliklərə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanı yeni mərhələyə çıxardı. Biz ədalətli müharibənin yeni salnaməsini yazdıq. 27 Sentyabr xalqımızın yaddaşında həm kədərin, həm də yenilməz iradənin, milli həmrəyliyin və Zəfər əzminin simvolu kimi əbədi qalacaqdır.
Bu müqəddəs gün münasibətilə Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini sonsuz ehtiramla anır, onların böyük amal uğrunda göstərdikləri misilsiz qəhrəmanlığı dərin minnətdarlıq hissi ilə yad edirik. Şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, onların müqəddəs qanı ilə yazılmış Zəfər tarixi gələcək nəsillərə örnək olacaqdır. Onların igidliyi, qəhrəmanlığı və Vətənə sonsuz məhəbbəti bu gün azad nəfəs aldığımız hər qarış torpağın yaddaşına həkk olunub. "Şəhidlər ölməz, Vətən bölünməz" həqiqəti 27 sentyabrda başlayan haqq savaşımızla təsdiqlənib.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında imzaladığı Sərəncam isə bu həqiqəti rəsmiləşdirib. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın üçrəngli bayrağını Qarabağ və Şərqi Zəngəzurun hər guşəsində dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin xatirəsinə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si hər zaman Anım Günü kimi qeyd ediləcək. Qədirbilən Azərbaycan xalqı öz qəhrəmanlarını heç vaxt unutmur!
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri












































