
Qırğızıstan Prezidenti Sadır Japarov Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) prezidenti Abdullah Ereni qəbul edib.
Newscenter.az Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadən bildirir ki, görüşdə TİKA ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi və sosial-iqtisadi və humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.
Qırğızıstan Prezidenti səhiyyənin modernləşdirilməsi, kənd təsərrüfatı laboratoriya infrastrukturu, peşə və texniki təhsil və "yaşıl" enerji sahəsində mütəxəssislərin hazırlanması da daxil olmaqla əsas sahələri vurğulayıb.
Kiçik su elektrik stansiyaları, tibbi infrastruktur və sosial xidmətlərə çıxışın artırılması sahəsində layihələr də daxil olmaqla, ölkənin ucqar və dağlıq bölgələrində layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
Öz növbəsində TİKA prezidenti Abdullah Eren Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi salamlarını Prezident Sadır Japarova çatdırıb və Qırğızıstanın sosial-iqtisadi göstəricilərinin müsbət dinamikasını xüsusi olaraq vurğulayıb.
TİKA prezidenti agentliyin yaxın gələcəkdə Qırğızıstanda həyata keçirəcəyi planlardan danışıb. Bildirilib ki, yeni layihələr və bəzi təşəbbüslər də daxil olmaqla bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.
Süleyman











































