Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Niderlandda Anım Gününə həsr olunmuş tədbir keçirilib

Niderlandda Anım Gününə həsr olunmuş tədbir keçirilib


Niderlandın Rotterdam şəhərində Belçika–Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Newscenter-az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin nümayəndəsi, diaspor təşkilatlarının rəhbərləri, Azərbaycan icmasının fəalları, ziyalılar, gənclər və soydaşlarımız iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra gənc diaspor fəalı Əli Məmmədov Qurani-Kərimdən ayələr oxuyaraq şəhidlərimizin ruhuna dualar edib.

Ardınca şəhidlərimizin qəhrəmanlığını və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.

Tədbirin təşkilatçısı, Belçika–Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru, Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov açılış nitqi ilə çıxış edib.

O, 27 Sentyabr – Anım Gününün Azərbaycan xalqının tarixində xüsusi yer tutduğunu vurğulayaraq, Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsinin hər zaman dərin ehtiramla yad edildiyini bildirib.

Elsevar Mammadov qeyd edib ki, şəhidlərimizin qəhrəmanlığı, Vətənə sədaqəti və fədakarlığı gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Xaricdə yaşayan azərbaycanlıların əsas vəzifələrindən birinin də milli yaddaşımızı qorumaq, Azərbaycanın tarixi həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırmaq və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişməsinə töhfə vermək olduğunu bildirib.

Daha sonra Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin baş müşaviri Nurlan Əliyev çıxış edib.

Nurlan Əliyev çıxışında 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylikdən, Azərbaycan Ordusunun qəhrəmanlığından və şəhidlərimizin Vətən qarşısındakı xidmətlərindən bəhs edib. O, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını itirmiş hərbçilərimizin xatirəsinin daim ehtiramla anıldığını vurğulayıb.

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva çıxışında şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək, şəhid ailələrinin göstərdiyi dözüm və fədakarlıqdan danışıb. O, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyətini vurğulayıb.

Benilüks Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Yasəmən Əkbərova çıxış edib.

O, şəhidlərimizin qəhrəmanlığının milli yaddaşımızda daim yaşayacağını bildirib, onların xatirəsinin ədəbiyyat və poeziya vasitəsilə gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıb. Yasəmən Əkbərova çıxışının sonunda şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeir səsləndirib.

Tədbirdə Benilüks Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, şəhid qardaşı Niyazi Əmikışızadə də çıxış edib.

Niyazi Əmikışızadə şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edərək, şəhid ailələrinin keçirdiyi hisslərdən və onların göstərdiyi mənəvi dözümdən danışıb. Şəhid qardaşı kimi bu günün onun üçün xüsusi və duyğulu məna daşıdığını ifadə edib. O, Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinin daim yaşadılmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.

Tədbirin davamında Belçika–Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının 27 Sentyabr – Anım Günü münasibətilə hazırladığı bəyanat diasporun fəal gənc nümayəndəsi Sürə Gündoğdu tərəfindən səsləndirilib.

Bəyanatda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını itirmiş hərbçilərimizin və mülki şəxslərimizin xatirəsi dərin ehtiramla yad edilib. Xaricdə yaşayan azərbaycanlıların milli həmrəyliyinin və tarixi yaddaşın gələcək nəsillərə ötürülməsinin vacibliyi qeyd olunub. Eyni zamanda, bütün dünyada müharibələrin və insan itkilərinin təkrarlanmaması, xalqların sülh, təhlükəsizlik və qarşılıqlı hörmət şəraitində yaşaması arzusu ifadə edilib.

Tədbirin sonunda şəhidlərimizin ruhuna dualar oxunub və onların əziz xatirəsinə ehsan süfrəsi açılıb.

Rotterdamda keçirilən anım mərasimi Niderlandda yaşayan Azərbaycan icmasının şəhidlərimizin xatirəsinə ehtiramının, milli həmrəyliyinin və Vətənə bağlılığının ifadəsi olub.

Süleyman
Xəbəri paylaş