Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanı və Türkiyəni bir-birindən incik salmağa çalışan yad güclərin əlində maşa olmayın

Azərbaycanı və Türkiyəni bir-birindən incik salmağa çalışan yad güclərin əlində maşa olmayın


İsrailin baş naziri Benyamin Netanyahunun BMT-nin 81-ci Baş Assambleyasında çıxışına etiraz əlaməti olaraq bir sıra ölkələrin nümayəndələrinin zaldan çıxması fonunda Azərbaycan təmsilçisinin zalı tərk etməməsi faktı Türkiyə və Azərbaycanın sosial şəbəkə istifadəçilərinin münasibət bildirib hökm verəcəyi məsələ deyil. Bu mövzu sosial şəbəkələrdə emosional müzakirə predmetinə çevrilməməlidir. Belə həssas məsələlərin qiymətləndirilməsi xarici siyasət qurumlarının və aidiyyəti rəsmi strukturların səlahiyyətinə daxildir. Bunun üçün hər iki ölkənin xarici siyasət idarəsi və digər əlaqədar qurumları, rəsmi şəxsləri var.

Ona görə də hər iki ölkənin blogerləri, ictimai fəalları, sıravi sosial şəbəkə istifadəçiləri Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə xələl gətirməyə və ictimai rəydə bu münasibətlərə dair mənfi təsəvvür formalaşdırmağa yönəlmiş paylaşımları, əsassız və qərəzli iddiaların yer aldığı şərhləri tirajlamaqdan çəkinməlidirlər. İki qardaş ölkənin münasibətlərinin hazırkı yüksək səviyyəsi və qarşılıqlı etimad mühiti uzun illər ərzində formalaşdırılıb. Bu münasibətlər yalnız iki ölkənin deyil, həm də regionda sabitliyin, əməkdaşlığın və qarşılıqlı anlaşmanın mühüm dayaqlarından biri kimi çıxış edir. Məhz buna görə də, bu əlaqələrə dair mövzuların ictimai müstəvidə diqqət və məsuliyyətlə müzakirə olunması vacibdir.

Yeri gəlmişkən, bu gün Azərbaycanda Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə "Birliyin Gücü-2026" adlı birgə hərbi təlimin keçirilməsi də elə qardaşlıq və müttəfiqliyimizin ən yüksək səviyyədə olmasının göstəricisi, ölkələrimiz arasında mövcud olan sıx əməkdaşlığın, qarşılıqlı etimadın və regional həmrəyliyin bariz nümunəsidir. Belə təşəbbüslər ortaq maraqların, təhlükəsizlik əməkdaşlığının və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi bu gün də sağlam əsaslar üzərində inkişaf edir və gələcəkdə də bu xəttin davam etməsi hər iki xalqın maraqlarına cavab verir.

Odur ki, hər iki ölkənin çılğın və macərapərəst insanları birlik və həmrəyliyimizə zərər verə biləcək hərəkətlərdən, ürək bulandıran sözlərdən çəkinməlidirlər. Biz belə şər zehniyyət sahiblərinə iki qardaş ölkənin arasına girməməyi tövsiyə edirik. Azərbaycanı və Türkiyəni bir-birindən incik salmağa, ayırmağa çalışan yad güclərin əlində maşa olmayın, alətə çevrilməyin!

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş