Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İnvestisiya, sabitlik və yeni iqtisadi mərhələ: Azərbaycanın inkişaf gündəliyi

İnvestisiya, sabitlik və yeni iqtisadi mərhələ: Azərbaycanın inkişaf gündəliyi


Azərbaycanın son onilliklərdə keçdiyi sosial-iqtisadi inkişaf yolu ölkənin investisiya imkanlarının, maliyyə dayanıqlığının, enerji və nəqliyyat infrastrukturunun, eləcə də qeyri-neft sektorunun inkişafı ilə müşayiət olunub. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Prezident İlham Əliyevin çıxışı da bu inkişafın əsas dayaqlarını və qarşıdakı dövr üçün prioritet istiqamətləri geniş şəkildə ortaya qoydu. Prezidentin çıxışında xüsusi vurğulanan məqamlardan biri sabit iqtisadiyyatın və müstəqil maliyyə sisteminin uzunmüddətli inkişaf üçün yaratdığı imkanlardır. Dövlət başçısının qeyd etdiyi kimi, indiyədək görülən işlər, sabit iqtisadiyyat və müstəqil maliyyə-iqtisadi sistem gələcək inkişaf haqqında danışmaq üçün ilkin şərtləri formalaşdırıb. Əlverişli investisiya mühiti nəticəsində son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya cəlb edilib və bunun təxminən yarısı birbaşa xarici investisiyaların payına düşüb.
Bu göstəricilər investisiya siyasətinin yalnız ayrı-ayrı layihələrlə məhdudlaşmadığını, uzunmüddətli iqtisadi inkişaf modelinin formalaşdırılmasının tərkib hissəsi olduğunu göstərir. İndi əsas məsələ mövcud potensialı daha da genişləndirmək, investisiyaları yüksək əlavə dəyər yaradan sahələrə yönəltmək və iqtisadiyyatın yeni inkişaf mənbələrini hərəkətə gətirməkdir.

Azərbaycanın iqtisadi inkişaf gündəliyində bərpaolunan enerji xüsusi yer tutur. Prezident İlham Əliyev çıxışında Xəzərin Azərbaycan sektorunda 157 giqavatlıq enerji potensialının olduğunu bildirib. Quruda Günəş və külək elektrik stansiyalarının fəaliyyət göstərməsi, qarşıdakı illərdə ölkənin müxtəlif ərazilərində bərpaolunan enerji mənbələrinin genişləndirilməsi istiqamətində işlərin aparılması enerji sektorunun yeni mərhələyə keçdiyini göstərir. Burada məqsəd yalnız elektrik enerjisi istehsalını artırmaq deyil. Yeni enerji güclərinin yaradılması sənaye, rəqəmsal texnologiyalar, data mərkəzləri və digər yüksək enerji tələbatlı sahələrin inkişafı üçün də əlavə imkanlar yaradır. Eyni zamanda bərpaolunan enerjinin inkişafı Azərbaycanın enerji ixracı imkanlarını genişləndirə bilər. Bunun üçün yeni ötürücü xətlərin və enerji saxlanc sistemlərinin yaradılması mühüm əhəmiyyət daşıyır. Beləliklə, Azərbaycanın enerji siyasətində ənənəvi enerji resursları ilə yaşıl enerjinin paralel inkişafı müşahidə olunur. Bu yanaşma həm enerji təhlükəsizliyi, həm də yeni investisiya imkanlarının formalaşması baxımından əhəmiyyətlidir.
Prezident İlham Əliyevin çıxışında logistika, nəqliyyat və bağlantılar Azərbaycanın gələcək iqtisadi inkişafının mühüm hərəkətverici qüvvələrindən biri kimi təqdim olunub.

Azərbaycanın coğrafi mövqeyi ölkəni Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin mühüm qovşaqlarından birinə çevirir. Lakin coğrafi mövqenin özü kifayət etmir. Bunun üçün uzun illər ərzində dəmir yollarına, avtomobil yollarına, dəniz limanlarına, hava nəqliyyatına və digər infrastruktur sahələrinə böyük həcmdə investisiyalar yatırılıb. Prezidentin sözlərinə görə, Azərbaycanın dəmir yollarının 60 faizi elektrikləşdirilib və bu proses davam edir. Ölkənin bütün qonşuları ilə dəmir yolu əlaqələrinin mövcud olması tranzit imkanlarının genişləndirilməsi üçün mühüm infrastruktur bazası formalaşdırır.
Bu gün əsas məsələ həmin infrastrukturu daha səmərəli istifadə etməklə tranzit yüklərin həcmini artırmaqdır. Prezidentin çıxışında qeyd edildiyi kimi, bu il Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 16 milyon tona çatacağı gözlənilir. Hədəf isə 2030-cu ilədək Şərq–Qərb və Şimal–Cənub istiqamətlərinin hər ikisində daşımaların həcmini 25 milyon tona, hətta daha yüksək səviyyəyə çatdırmaqdır. Bu hədəf Azərbaycanın tranzit və logistika potensialının iqtisadi inkişafın ayrıca istiqamətinə çevrildiyini göstərir.

Prezidentin çıxışında Azərbaycanın böyük potensiala malik sahələrindən biri kimi mədənçilik də xüsusi qeyd olunub. Cəmi bir neçə gün əvvəl dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə 2027–2030-cu illər üçün Dövlət Proqramının qəbul edilməsi bu istiqamətdə sistemli siyasətin formalaşdırıldığını göstərir. Dağ-mədən sənayesinin inkişafı yalnız filiz hasilatı ilə məhdudlaşmamalıdır. Əsas məsələ hasilatdan emala, metallurgiyadan yüksək əlavə dəyərli məhsulların istehsalına qədər bütöv dəyər zəncirinin yaradılmasıdır.

Bu sahəyə investisiyaların artması yeni istehsal müəssisələrinin yaradılması, regionlarda məşğulluğun genişlənməsi və qeyri-neft ixracının artırılması üçün imkanlar yarada bilər. Beləliklə, enerji, logistika, rəqəmsal texnologiyalar və mədənçilik bir-birindən ayrı sahələr kimi deyil, Azərbaycanın yeni sənaye və investisiya modelinin bir-birini tamamlayan istiqamətləri kimi nəzərdən keçirilir.

İqtisadiyyatın şaxələndirilməsi neft-qaz sektorunun əhəmiyyətinin azalması anlamına gəlmir. Əksinə, Prezidentin çıxışında vurğulandığı kimi, neft və qaz Azərbaycanın iqtisadiyyatında aparıcı rolunu qoruyacaq və bu sahədən əldə olunan gəlirlərin iqtisadiyyatın digər istiqamətlərinə investisiya şəklində yönəldilməsi davam etdiriləcək. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində enerji sektorunda bir sıra mühüm sənədlərin mübadiləsi də bu yanaşmanın praktik ifadəsidir. “SOCAR”, “XRG” və “TotalEnergies” arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı, “SOCAR” ilə “ExxonMobil” arasında Orta Kür hövzəsində qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Hasilatın Pay Bölgüsü Sazişi və digər sənədlər enerji sektorunda beynəlxalq tərəfdaşlığın davam etdiyini göstərir. Prezidentin çıxışında “ExxonMobil” ilə imzalanacaq sazişin potensial kəşfiyyat nəticələrindən asılı olaraq yeni hasilat imkanları yarada biləcəyi, “TotalEnergies” ilə Abşeron yatağının ikinci mərhələsi üzrə əməkdaşlığın isə qaz hasilatının artırılmasına yönəldiyi bildirilib.

Forum çərçivəsində mübadilə edilən sənədlərin coğrafiyası və sahələri Azərbaycanın investisiya gündəliyinin çoxşaxəli olduğunu göstərir.

Enerji sektorunda “SOCAR”ın “Comstock Resources”, “Apollo”, SEFE, “Eni”, “ExxonMobil” və VNG ilə müxtəlif strateji tərəfdaşlıq və əməkdaşlıq sənədləri imzalanıb. Bu sənədlərin bir qismi Azərbaycanın enerji resurslarının işlənilməsi və hasilatına, digərləri isə enerji təhlükəsizliyi, LNG, infrastruktur və beynəlxalq layihələrə yönəlib. Bununla yanaşı, Forumun gündəliyi yalnız enerji ilə məhdudlaşmayıb. “SOCAR” ilə “Oracle” arasında Oracle Alloy Agreement-in mübadiləsi Azərbaycanın rəqəmsal transformasiya və texnoloji əməkdaşlıq istiqamətində də yeni imkanlara diqqət yetirdiyini göstərir. Azərbaycan Biznesinin İnkişafı Fondu ilə Hindistanın “UFlex Group” şirkəti arasında birgə müəssisə müqaviləsi, İqtisadiyyat Nazirliyi ilə “Carlsberg Group” arasında strateji tərəfdaşlıq və investisiya çərçivə sazişi də qeyri-neft sahələrinin investisiya gündəliyində yer aldığını nümayiş etdirir.

Ələt Azad İqtisadi Zonası ilə Honq Konqun “Hong Kong Renteng International Trade Co. Limited” şirkəti arasında investisiya müqaviləsinin mübadiləsi isə Azərbaycanın xüsusi iqtisadi zonalarının beynəlxalq investorlar üçün yaratdığı imkanların praktiki nümunələrindən biridir. Prezidentin çıxışında gələcək iqtisadi inkişafın ən diqqətçəkən istiqamətlərindən biri kimi süni intellekt və data mərkəzləri də qeyd olunub. Süni intellekt texnologiyalarının inkişafı böyük həcmdə elektrik enerjisi və məlumat emalı infrastrukturu tələb edir. Azərbaycanın əlavə enerji potensialının olması, yeni ötürücü xətlərin yaradılması və enerji istehsalının genişləndirilməsi ölkədə data mərkəzlərinin inkişafı üçün müəyyən imkanlar formalaşdırır. Burada əsas məsələ enerji resursunu sadəcə ixrac etmək deyil, onun ölkə daxilində yüksək əlavə dəyər yaradan texnologiyalara çevrilməsidir. Bu baxımdan enerji və rəqəmsal iqtisadiyyatın bir-biri ilə əlaqələndirilməsi Azərbaycanın yeni investisiya strategiyasının perspektivli istiqamətlərindən biri kimi çıxış edir.


Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü

Newscenter.az üçün
Xəbəri paylaş