Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan İranla normal qonşuluq münasibətlərinin formalaşmasında maraqlıdır

Azərbaycan İranla normal qonşuluq münasibətlərinin formalaşmasında maraqlıdır


Cənub qonşumuz olan və Azərbaycana qarşı zaman-zaman aqressiv siyasət yürüdən İranda ötən gün baş tutan seçkilərdə kimin qələbə qazanacağı sözsüz ki, hamımızın diqqət mərkəzində idi. Kifayət qədər gərgin keçən seçki kampaniyasından sonra İran siyasi dairələrinin islahatçılar qanadını təmsil edən Məsud Pezeşkian növbədənkənar prezident seçkilərinin 2-ci turunda 16.384.403 səs toplayaraq qalib gəldi, ölkənin yeni - 9-cu prezidenti seçildi. İslahatçı cinaha mənsubluğu və üstəlik də milliyətcə fars olmaması, onun İranın digər qeyri-fars mənşəli seçicilərinin də rəğbətini qazanmasına və mühafizəkar-molla rəqibinə böyük səs çoxluğu ilə qalib gəlməsinə səbəb oldu.

40 milyon soydaşımızın yaşadığı cənub qonşumuzda bir Güney Azərbaycan türkünün namizəd olması və prezident seçilməsi şübhəsiz ki, olduqca mühüm hadisədir. Pezeşkianın qələbəsi milyonlarla güneyli soydaşımızın varlığının dünya birliyi tərəfindən qəbul edilməsində önəmli rol oynayacaq. Bu hadisə eyni zamanda İranda soydaşlarımızın mövqeyinin, nüfuzunun da artmasına və milli şüurun güclənməsinə də səbəb olacaq. Bu baxımdan Pezeşkianın qələbəsinin Güney Azərbaycan şəhərlərində izdiham yaratması heç də təsadüfi deyil. Belə ki, güneylilər Pezeşkianın 14-cü prezident seçkilərində qalib gəlməsi xəbərini böyük sevinclə qarşılayıblar. Təbriz, Ərdəbil və Urmiya şəhərlərində əsl qələbə izdihamı yaşanıb.

Güneyli soydaşlarımızın bu xəbəri belə sevinc hissilə qarşılamaları anlaşılandır. Çünki İslam inqilabından sonra ilk dəfədir ki, Azərbaycan türkü olduğunu açıq şəkildə dilə gətirən bir şəxs prezident seçilib. Məsud Pezeşkian seçkilərdən əvvəl verdiyi müsahibə və çıxışlarında bəyan edirdi ki, o, türkdür, Güney Azərbaycanda doğulub və evdə uşaqlarını farsca danışmağa qoymayıb, Azərbaycan türkcəsində danışmağa üstünlük veriblər. Bütün bunlar sözsüz ki, milli haqların məhdudlaşdırıldığı İran kimi qapalı bir ölkə üçün əsl yenilikdir. Fars-molla rejimi də artıq dərk edir ki, İranı köhnə qaydalarla idarə etmək mümkün deyil, həm daxili, həm də xarici siyasətin yenilənməsinə ciddi surətdə ehtiyac var.

Ümid edək ki, doktor Məsud Pezeşkianın prezident seçilməsi ilə İranın daxili və xarici siyasətində müsbət dəyişikliklər baş verəcək, Azərbaycana qarşı yersiz hücumlara və təxribatlara son qoyulacaq, Türkiyə ilə mehriban qonşuluq siyasətinə üstünlük veriləcək. Prezident İlham Əliyevin İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkiana təbrik məktubu göndərməsi xoş niyyətin göstəricisidir. Dövlətimizin başçısı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparmaq məqsədilə cənab Pezeşkianı Azərbaycana səfərə dəvət edib. İlham Əliyevin Pezeşkianı ölkəmizə səfərə dəvət etməsi təqdirəlayiq addımdır.

M.Pezeşkian Təbrizin millət vəkili olduğu dönəmlərdə İran parlamentindəki çıxışlarında rəsmi Tehranın Azərbaycan və Türkiyəyə münasibətdə yürütdüyü aqressiv siyasətin yanlıs olduğunu deyir və bu siyasətin dəyişdirilməsinin vacibliyini vurğulayırdı. Bu baxımdan Pezeşkianın yeni prezident kimi İranın xarici siyasətində gözlənilən pozitiv addımları atacağı ehtimalı kifayət qədər yüksəkdir. Bir sözlə, onun qələbəsi bölgəyə müsbət yeniliklər vəd edir. Ümid edək ki, belə də olacaq. Azərbaycan İranla normal qonşuluq münasibətlərinin formalaşmasında maraqlıdır. Ermənilərin azərbaycanlı siyasətçinin İranın yeni prezidenti seçilməsindən narahat olmaları isə onların xislətindən irəli gəlir. Xain xoflu olar deyiblər.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş