Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin novbəti plenar iclası keçirilib

Milli Məclisin novbəti plenar iclası keçirilib


Noyabrın 1-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

İclasın gündəliyi qəbul edildikdən sonra cari məsələlərin müzakirəsinə başlanılıb. Müzakirələrdə Milli Məclis sədrinin müavini Rafael Hüseynov, parlamentin komitə sədrləri Zahid Oruc, Fazil Mustafa, Siyavuş Novruzov, deputatlar Naqif Həmzəyev, Müşfiq Məmmədli, Əziz Ələkbərov, Əli Məsimli, Ceyhun Məmmədov, Razi Nurullayev, Hikmət Məmmədov çıxış ediblər.

Deputatlar Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi ilə məqsədyönlü siyasət sayəsində dövlətimizin daha da qüdrətləndiyini, iqtisadi inkişafla bağlı proqramların uğurla həyata keçirildiyini, vətəndaşların sosial rifah halının yüksəlməsi istiqamətində təqdirəlayiq addımların atıldığını, əhəmiyyətli infrastruktur layihələrinin icra olunduğunu, torpaqlarımızın 30 illik işğaldan azad edildiyini, suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpa edildiyini vurğulayıblar.

Çıxışlarda qlobal iqlim dəyişmələri və istiləşmə nəticəsində yaranan problemlərdən söhbət açılıb. Ətraf mühitin qorunması və ekoloji vəziyyətin yaxşılaşdırılması ilə əlaqədar Azərbaycanın göstərdiyi səylər qeyd edilib, Prezident İlham Əliyevin alternativ enerji mənbələrindən istifadə olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdiyi bildirilib.

Müzakirələrdə, həmçinin ölkə və dünya mətbuatında cərəyan edən proseslərə nəzər salınıb. Bildirilib ki, bəzi xarici mətbu orqanlarda ayrı-ayrı vaxtlarda dərc edilən yazılarda, o cümlədən Azərbaycanın Qarabağ bölgəsi, işğaldan azad edilmiş ərazilərimiz, ölkəmizin evsahibliyi ilə keçiriləcək COP29 konfransı ilə bağlı məqalələrdə faktların təhrif edildiyi, qərəzli ittihamların yer aldığı birtərəfli mövqe nümayiş etdirilir. Azərbaycanlılara qarşı 30 il ərzində törədilən cinayətlər barədə isə bəhs edilmədiyi təəssüflə qeyd olunub.

Millət vəkilləri, dünyada gedən proseslər nəzərə alınaraq, ölkəmizdə ideoloji işin daha da gücləndirilməsinin, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasının vacibliyindən söhbət açıblar, idmanın inkişaf etdirilməsi sahəsində görülən işlərdən, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlardan bəhs ediblər. Deputatlar nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlərin təqdirəlayiq olduğunu deyiblər.

Çıxışlarda, həmçinin anti-Azərbaycan qüvvələrin COP29-la bağlı ölkəmizə qarşı təzyiqləri pislənilib, Qərbi Azərbaycan ərazisi ilə bağlı aparılan araşdırmaların nəticəsi barədə bir sıra faktlar diqqətə çatdırılıb, bəzi problemlərdən, onların həlli istiqamətində görülən işlərdən danışılıb, təkliflər səsləndirilib.

Sonra spiker Sahibə Qafarova bugünkü iclasın gündəliyində 9 məsələnin olduğunu bildirib.

Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, layihənin əhalinin dərman vasitələrinə olan ehtiyaclarının qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəminin yaradılması məqsədi ilə hazırlandığını deyib.

Komitə sədri bildirib ki, sənəddə vətəndaşlara göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi, həmçinin əhalinin dərman vasitələri üzrə xərclərinin minimuma endirilməsi məqsədilə ambulator şəraitdə dərman vasitələrinin buraxılması şərtləri müəyyən edilir. Dəyişikliklərdə, həmçinin icbari tibbi sığorta üzrə ambulator dərman vasitələrinin kompensasiya şərtləri, icbari tibbi sığorta çərçivəsində təminat verilən ambulator dərman vasitələrinin xidmətlər zərfi ilə müəyyən edilməsi, icbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələrinin təminatı kimi məsələlər öz əksini tapıb.

Məsələ ətrafında müzakirələrdə deputatlar Səyyad Salahlı, Vüqar Bayramov, Elşad Musayev, Aqil Abbasov, Rəşad Mahmudov öz fikir və qeydlərini söyləyiblər.

Milli Məclisin sədri Sahibə Qafarova çıxışlarda səsləndirilən fikirlərə münasibət bildirərək, Milli Məclisdə dəfələrlə səhiyyə məsələlərinə həsr olunmuş müxtəlif dinləmələrin keçirildiyini, bu gün ölkədə səhiyyə sahəsinin inkişafı istiqamətində uğurlu addımların atıldığını vurğulayıb.

Komitə sədri Əhliman Əmiraslanov qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirilib ki, layihə bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin, o cümlədən dövlət tərəfindən qrant verilməsinin hüquqi əsaslarının yaradılması və bundan irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb.

Müzakirələrdə komitə sədri Siyavuş Novruzov, deputatlar Fariz İsmayılzadə, Aydın Mirzəzadə, Azay Quliyev çıxış ediblər, bəzi qeydlərini söyləyiblər.

Komitə sədri Azər Əmiraslanov qaldırılan məsələlərlə bağlı öz fikirlərini açıqladıqdan sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Sonra komitə sədri Azər Əmiraslanov “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsindən bəhs edib. Bildirilib ki, adı çəkilən qanunun 21-ci maddəsi ilə daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması zamanı reyestrə daxil edilən bildirişdə göstərilən məlumatların dairəsi təsbit edilir. Təklif edilən qanun layihəsi həmin məlumatların sırasına daşınar əmlakın seriya nömrəsinin də əlavə edilməsinin hüquqi əsaslarını yaradır.

Deputat Bəhruz Məhərrəmov məsələ barədə öz fikirlərini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov “Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Diqqətə çatdırılıb ki, layihədə ümumilikdə 5 məcəllədə və 6 qanunda dəyişikliklərin edilməsi nəzərdə tutulur. Dəyişikliklərdə Əmək Məcəlləsi, Ticarət Gəmiçiliyi Məcəlləsi, “İcra haqqında”, “Banklar haqqında”, “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında”, “Mediasiya haqqında” qanunların müvafiq maddələrindən "münsiflər" termini çıxarılır, "münsiflər məhkəməsi" termini "arbitraj məhkəməsi" termini ilə əvəz olunur.

Bununla yanaşı, Cinayət Məcəlləsinin müvafiq maddəsində arbitrlərin "yerli, xarici və beynəlxalq arbitrlər" bölgüsü "arbitr" termini ilə əvəz edilir, Cinayət-Prosessual və İnzibati Xətalar Məcəllələrinin şahidlərlə bağlı maddələrinə arbitrlər barədə yeni bənd əlavə olunur. Habelə “İcra məmurları haqqında” və “İcra haqqında” qanunlarda "beynəlxalq arbitrajlar", "xarici dövlətlərin arbitrajları" terminləri çıxarılır, müvafiq olaraq, "Azərbaycan Respublikasının və xarici dövlətlərin məhkəmələri", "xarici və yerli arbitraj məhkəmələri" ifadələrindən istifadə edilir. “Dövlət rüsumu haqqında” Qanuna arbitraj institutu ilə bağlı rüsumlar barədə, “İcra haqqında” Qanuna isə arbitraj məhkəmələrinin icra sənədlərinin icraya yönəldilməsi müddətləri barədə yeni maddələr əlavə edilir.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov rəhbərlik etdikləri komitələrin bu məsələyə dair rəylərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinin mahiyyətini açıqlayıb. Bildirilib ki, dəyişikliyin əsas məqsədi ölkədə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsil müəssisələrinin sayının artırılması və həmin təhsil pilləsinin təkmilləşdirilməsidir.

Müzakirələrdə Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, komitə sədrləri Fazil Mustafa, Siyavuş Novruzov məsələ barədə öz fikirlərini açlqlayıblar, dəyişikliklərin vacibliyini qeyd ediblər.

Komitə sədri Arzu Nağıyev qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, bildirib ki, bu sənəd uşaqların hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Təqdim olunan qanun layihəsi "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə hazırlanıb. Layihədə qeyd edilən tələblər uşaq müəssisələrində xidmətlərin təşkili, yaşayış şəraiti, qidalanma, sağlamlığın mühafizəsi, təlim-tərbiyə və asudə vaxtın təşkili sahələrini əhatə edir. Hazırlanmış tələblərin uşaq müəssisələrində keçirilən monitorinqlərdə istifadə edilməsi nəzərdə tutulur.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd olunan dəyişikliklərin mütərəqqi olduğunu deyib, məsələ barədə bu komitənin müsbət rəy verdiyini bildirib.

Vitse-spiker Rafael Hüseynov, deputatlar Nigar Məmmədova, Vüqar İskəndərov, Hikmət Məmmədov sənəd barədə öz qeyd və təkliflərini səsləndiriblər

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə danışıb. O, layihə ilə bağlı birinci oxunuş zamanı ətraflı məlumat verildiyini, ikinci oxunuşda komitəyə əlavə təklifin daxil olmadığını, mətndə heç bir dəyişikliyin edilmədiyini deyib və sənədin dəstəklənməsini xahiş edib.

Layihə sosial ödənişlərin təyin olunması və bunun hüquqi əsaslarının mütəmadi olaraq təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun artırılması məqsədi ilə hazırlanıb. Sənəddə daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi və digər qanunvericilik aktlarına uyğunlaşdırılma məqsədilə sözügedən kateqoriyadan olan uşaqlara, habelə onların arasından olan şəxslərə ilk dəfə işə düzələn zaman onlara ödənilən birdəfəlik müavinətin hazırda ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği nəzərə alınmaqla 6000 manat müəyyən edilməsi təklif olunur.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məsələ barədə rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini açıqlayaraq, ölkəmizdə həssas qrupa aid olan insanların hüquqlarının qorunmasının, onların sosial müdafiəsinin gücləndirilməsinin hər zaman prioritet məsələlərdən olduğunu, bu sahədə qanunvericiliyin davamlı olaraq təkmilləşdirildiyini vurğulayıb.

Məsələ ətrafında müzakirələrdə deputatlar Razi Nurullayev və Arzuxan Əli-zadə çıxış ediblər. Komitə sədri Musa Quliyev millət vəkillərinin səsləndirdiyi sualları cavablandırdıqdan sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, birinci oxunuş zamanı məsələ barədə geniş məlumat verildiyini, hər hansı dəyişikliyin olmadığı deyib və layihənin səsə qoyulmasını xahiş edib.

Layihədə dövlət qulluğunun xüsusi növünü tənzimləyən qanunlara ixtisas dərəcələrinin xüsusi, hərbi və diplomatik rütbələrin nəzərə alınması ilə bağlı maddələr əlavə olunur. Belə ki, dövlət qulluğunun xüsusi növünə işə qəbul olunan şəxslərin malik olduqları ixtisas dərəcələri, xüsusi, hərbi və diplomatik rütbələri müvafiq xüsusi rütbələrlə uyğunlaşdırılacaqdır.

Müzakirələrdə parlamentin komitə sədri Siyavuş Novruzov təklif olunan dəyişikliklərin təqdirəlayiq olduğunu deyib və bəzi qeydlərini açıqlayıb.

Deputat Əminə Ağazadə səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev sonuncu məsələni – “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb.

Bildirilib ki, qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Prezidenti tərəfindən irəli sürülüb. Təklif edilən dəyişikliyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə ölkəmizin kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hüquqlarının genişləndirilərək xarici dövlətlərin xüsusi xidmət və hüquq mühafizə orqanları ilə müvafiq proqramlar çərçivəsində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində də əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

Milli Məclis sədrinin müavini Rafael Hüseynov və deputat Qüdrət Həsənquliyev öz fikirlərini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Süleyman
Xəbəri paylaş