Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk dünyasının ən fəal birləşdirici platforması

Türk dünyasının ən fəal birləşdirici platforması


Noyabr ayı Türk dünyası üçün iki qlobal tədbirin keçirilməsi ilə əlamətdar olacaq. Belə ki, ayın 6-da Qırğız Respublikasının paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 11-ci Zirvə Görüşü keçiriləcək. Noyabrın 11-də isə Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un açılışı olacaq. Hər iki tədbir Türk dünyası üçün strateji əhəmiyyətə malikdir. TDT-nın Dövlət Başçılarının 11-ci Zirvə Görüşünün COP29 ərəfəsində keçirilməsi qardaş ölkələrin Azərbaycana dəstəyi baxımından da olduqca önəmlidir.
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ev sahibliyi edəcəyi və Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan liderlərinin iştirak edəcəyi TDT-nın 11-ci Zirvə Toplantısı “Türk Dünyasının Gücləndirilməsi: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və Hamı üçün Təhlükəsizlik” şüarı ilə keçiriləcək. Göründüyü kimi Zirvə görüşünün mövzusu olduqca aktualdır. Gündəliyə həmçinin üzv dövlətlər və müşahidəçi ölkələr arasında müxtəlif sahələrdə çoxtərəfli əməkdaşlığa diqqət yetirilməklə, regionda və dünyada baş verən geosiyasi və geoiqtisadi proseslərin müzakirə edilməsi də daxil ediləcək. Bir sözlə, TDT-nın Bişkek sammitinin gündəliyi kifayət qədər genişdir.
Türk Dövlətləri Təşkilatı (TDT) Türk dünyasının ən fəal birləşdirici platforması hesab olunur. Azərbaycan da bu təşkilatın fəaliyyətində yaxından iştirak edir. Prezident İlham Əliyev TDT-nın dünyada nüfuzlu güc mərkəzinə çevrilməsi istiqamətində fəal siyasət yürüdür. Bütövlükdə Türk dünyası böyük coğrafi məkanı əhatə edir və Türk dünyasının əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün geniş potensial var. TDT-nın Zirvə görüşləri sözügedən potensialdan Türk dünyasının gələcək inkişafı üçün səmərəli istifadəsinə töhfə verir.
Əlbəttə, türk dövlətləri bir-biriləri ilə bir sıra digər beynəlxalq platformalarda da yaxından əməkdaşlıq edirlər. Lakin TDT müstəvisində əməkdaşlıq Türk dünyasının inteqrasiyası üçün daha etibarlı zəmindir. Bu mənada, TDT-nın Bişkək Zirvəsində qəbul edilən qərarlar təşkilatın beynəlxalq nüfuzunu daha da artıracaq. Ümumiyyətlə, TDT liderlərinin Zirvə görüşləri Türk dünyasının iqtisadi-siyasi bağlantısının və mənəvi həmrəyliyinin güclənməsinə təkan verir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş