Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin müsahibəsi özündə bir sıra mühüm mesajları ehtiva etdi

Prezidentin müsahibəsi özündə bir sıra mühüm mesajları ehtiva etdi


"Cənab Prezidentin digər müsahibələri kimi “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibə də özündə bir sıra mühüm mesajları ehtiva etdi".

Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O deyib ki,
müsahibədə Azərbaycan həqiqətlərinin çatdırılması ilə yanaşı, gözləntilərimiz və hədəflərimizlə bağlı da bir sıra məqamlara toxunuldu:

"Azərbaycanın Rusiya, Türkiyə ilə münasibətləri, Rusiya-Ukrayna cəbhəsində baş verənlər, Ermənistanla nəzərdə tutulan sülh sazişi ilə bağlı detallar, Ai-nin “mülki missiyası” Gürcüstanda vəziyyət, Fransanın regionda oynadığı destruktiv rol və bir sıra digər məsələlərlə bağlı olduqca maraqlı açıqlamaların şahidi olduq".

Politoloq deyib ki, Rusiya ilə NATO arasında baş verə biləcək müharibə ehtimalı ilə bağlı sualı cavablandıran ölkə başçısı gərginliyin aradan qaldırılması istiqamətində ölkəmizin töhvə verə biləcəyi ilə bağlı mesajlar verdi:

"Prezidentin də dediyi kimi xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Digər tərəfdən isə ölkəmiz həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Prezidentin bu açılqması faktiki olaraq Qərblə Rusiya arasında vasitəçilik missiyasını üzərimizə götürə biləcəyimizin mesajı kimi qəbul olunmalıdır. Bununla bağlı təcrübə də var. Məlumdur ki, ölkəmizdə Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilib, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyi də zaman-zaman görüş üçün məhz Bakını seçiblər".

Yusif Bağırzadə qeyd edib ki, Cənab Prezident həmçinin Azərbaycan-Türkiyə münasibətləri və ölkəmizdə Türkiyənin hərbi bazası ilə bağlı verilən sualı cavablandırarkən da dolayısıyla həm də ayrı-ayrı güclərə mesaj ünvanlamış oldu:

"Türkiyənin Azərbaycan ordusunun hərbi potensialının artıırlmasında xidmətləri danılmazdır. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ilin əvvəlindən Türkiyə ilə hərbi əməkdaşlıq edir. Yəni Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı 32 ildən artıq zamanı əhatə edir. Türkiyənin Azərbaycan Ordusunun müasirləşdirilməsində, NATO standartlarına keçməsində, döyüş qabiliyyətinin artmasında, əməliyyatların planlaşdırılması və vəziyyətin təhlilində, hərbi kəşfiyyat potensialının yüksəlməsində çox böyük rolu var. Bu gün Azərbaycanda ayrı-ayrı ordu birləşmələrində zabit kimi fəaliyyət göstərən çoxlu sayda şəxslər məhz Türkiyənin Ali Hərbi məktəblərindən məzun olan insanlardır. Üstəgəl Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi var və bu Bəyannamədə də təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Yəni, bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Buna görə də, Bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir. Prezidentin bu bəyanatı bu gün müxtəlif adlar altında ərazilərimizə hərbi birliklər yerləşdirmək istəyən Qərb dairələrinə, eləcə də Rusiyanın özünə müsaj kimi qəbul oluna bilər".

Onun sözlərinə görə, Prezident həmçinin Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar və əldə edilən razılaşmalarla bağlı da vacib məqamlara toxundu:

"Məlumdur ki, həm Azərbaycan, həm də Ermənistan rəsmi şəkildə sülh sənədinin 17 maddəsindən 15-i ilə bağlı razılıq əldə olunduğunu bəyan ediblər. Yerdə qalan məsələlərlə bağlı isə hələ ki, ümumi razılşmaya nail olmaq mümkün olmayıb. Cənab Prezident də məhz həmin məqamların nədən ibarət olduğunu bəyan etdi. Məlum oldu ki, vacib məqamlardan biri Beynəlxalq məhkəmələrdə olan qarşılıqlı iddialarla bağlıdır. İşğal dövründə Ermənistan tərəfindən Azərbaycan vurulan zərərin həcmi 150 milyarddan çoxdur. Ermənistan tərəfi isə hər vəchlə bu zərərlə bağlı öhdəlik götürməkdən yayınmaq istəyir.

Daha bir məsələ Avropa İttifaqı müşahidə missiyası adı altında sərhədlərə yerləşdirilmiş xarici qüvvələrlə bağlıdır. Prezident açıq şəkildə bəyan etdi ki, bu missiya regionda sülhün genişləndirilməsinə xidmət edən faktor kimi çıxış etmir. Üçüncü ölkənin sərhəddə olması, bir tərəfdən iki ölkə arasında vəziyyətin gərginləşməsinə, digər tərəfdən isə Avropa İttifaqının Cənubi Qafqazda hərbi faktor kimi ortaya çıxmasına səbəb olur. Bu isə yolverilməzdir. Çünki bəzi Avropa ölkələri Aİ missiyası adından çıxış edərək, əslində özlərinin Cənubi Qafqaz maraqlarını təmin etmək üçn planlar həyata keçirirlər".

Yusif Bağırzadə qeyd edib ki, Prezident müsahibədə Ermənistan tərəfindən həyata keçirilməli olan iki məqmla bağlı da fikirlərini bildirdi ki, bunlardan birincisi ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiları ilə bağlıdır:

"Bu isə istənilən sazişi faktiki olaraq heçə endirir. Cənab Prezidentin də dediyi kimi Ermənistanın Konstitusiyanı dəyişdirməsi təkcə bizim istəyimiz deyil, həm də obyektiv şərtdir. Digər şərtimiz isə ATƏT-in Minsk qrupunun ləğvidir. Minsk qrupu Qarabağ məsələsinin həlli üçün yaradıldığından və Qarabağ məsələsi də həll olunduğundan artıq belə bir quruma ehtiyac qalmır.
Dövlət başçısı müsahibəsində həmçinin Ermənistandan qovulmuş azərbaycanlılardan və onların hüquqlarından da geniş şəkildə bəhs etdi. Dövlət başçısı bildirdi ki, Azərbaycanda Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. Bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib.

Bu məsələnin daim diqqətda saxlanılması olduqca vacib məsələdir və Cənab Prezident də mütəmadi olaraq bu məsələni beynəlxalq ictimaiyyətin diqqətində saxlaması həm həqiqətlərin çatdırılması baxımından, həm də Ermənistana təzyiq baxımından olduqca əhəmiyyətlidir. Çünki bu məsələdə beynəlxaq birliyin də üzərinə vəzifələr düşür. Belə ki, geriqayıtma beynəlxalq hüquqi razılaşma çərçivəsində baş verir və beynəlxalq birliyin də bu məsələdə əlini daşın altına qoyması lazımdır.

Son olaraq qeyd edim ki, Cənab Prezidentin müsahibədə toxunduğu bu və digər məsələlər Azərbaycanın qarşısına qoyduğu hədəflərdən hər hansı bir şəkildə geri çəkilməyəcəyini, heç bir qüvvənin bizə təzyiq yolu ilə öz müstəqil siyasi kursumuzdan imtinaya məcbur edə bilməyəcəyini və eləcə də ölkəmizin daxili işlərinə müdaxiləyə imkan verilməyəcəyini bir daha ortaya qoymuş oldu".

Süleyman
Xəbəri paylaş