"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin istər yerli, istərsə də xarici televiziya kanalları, nüfuzlu media qurumlarına verdiyi hər bir müsahibə xüsusi maraq kəsb edir, geniş müzakirə predmetinə çevrilir. Bu mənada dövlət başçısının “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə də hər zamankı kimi regional və qlobal əhəmiyyətli fikirlərin, tezislərin səsləndirilməsi, müəyyən dairələrə xəbərdarlıq mesajlarının səsləndirilməsi ilə yadda qaldı".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı deyib. O bildirib ki, dövlət başçısı müsahibədə maraqlı nüanslara toxunub, cəmiyyətimizi narahat edən bir sıra məqamlara aydınlıq gətirib:
"İkinci Qarabağ Müharibəsindən sonra Ermənistanın sürətlə silahlanması, Fransa, Hindistan və digər ölkələrdən öldürücü silahlar alması cəmiyyətimizdə haqlı olaraq bir narahatçılıq yaratmışdı ki, İrəvan yenidən müharibəyə hazırlaşır və bu hazırlığın qarşısında rəsmi Bakı hansı addımlar atır. Cənab Prezident müsahibə zamanı cəmiyyətin bu narahatçılığını aradan qaldırmış oldu və bildirdi ki, Azərbaycan da adekvat addımlar atır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi 2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq. Bu, təxminən beş milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, belə təhdidlər olmasaydı,xərcləməzdik".
İctimai Birlik sədrinin sözlərinə görə, dövlət başçısının müsahibəsində diqqət çəkən digər vacib məqamlardan biri Ermənistana, eləcə də bu ölkəyə havadarlıq edən dövlətlərə ünvanlanmış xəbərdarlıq mesajı oldu:
"Prezident İlham Əliyev açıq şəkildə Ermənistana xəbərdarlıq edib ki, İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Hesab edirəm ki, Cənab Prezidentin bu xəbərdarlığından Ermənistanı yeni bir müharibəyə, revanşizmə sürükləyən Fransa, Hindistan, Birləşmiş Ştatlar və digər dövlətlər də nəticə çıxarmalıdırllar".
Süleyman