"Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya HHM tərəfindən vurulması öz təsdiqini tapıb. 38 nəfərin həlak olmasına səbəb olan bu hadisənin araşdırılması həm hüquqi, həm də mənəvi baxımdan vacibdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Mütəllim Rəhimli səsləndirib. Onun sözlərinə görə. təyyarə vurulandan sonra onun ən yaxın hava limanlarından birinə təhlükəsiz enişini təmin etmək olardı:
"Lakin Rusiya tərəfi bunu da etməyib. Faktiki olaraq təyyarədə olan sərnişinləri və ekipaj üzvlərini ölümə təhrik edən qərar qəbul edib. Səbəb nədir? Axı Rusiya tərəfi niyə belə addım aıb? İnsanlığa yaraşmayan bu addımın arxasında nə durur? Azərbaycanın haqqı var ki, bütün bunları Rusiya dövlətindən soruşsun və açıqlama tələb etsin. Azərbaycan Respublikasının Prezidenti də məsələ ilə bağlı dövlətin mövqeyini tamamilə sərrast şəkildə ifadə edib. Prezident Rusiya tərəfinin üzr istəməsini, günahını etiraf etməsini, günahkarların cəzalandırılmasını, zərərçəkənlərə və dövlətə dəymiş zərərin kompensasiya şəklində ödənilməsini israr edib. Bütün bunlar beynəlxalq hüququn prinsiplərinə uyğundur. Üstəlik, biz bilməliyik ki, hadisə nəyə görə baş verib və bu gələcəkdə onun təkrarlanması ehtimalını müəyyən etməyimizə kömək edəcək. Həm də Rusiyanın etibarlı və dost ölkə olması barədə düşüncələrimizə aydınlıq gətirəcək".
Politoloq deyib ki, əslində Prezidentin Azərbaycan dövləti adından irəli sürdüyü tələbləri Rusiyanın yerinə yetirməsi onun peşmançılığını və səmimiliyini ifadə edər:
"Lakin çox təəssüf ki, bunun əvəzinə Rusiya mediasına Azərbaycanı hədəf alan göstəriş verilib. Heç bir fakta söykənmədən Azərbaycan tərəfi tənqid edilir, ittihamlara məruz qalır. Rusiya mediasında indi bizə qarşı yalan az qala ayaq açıb yeriməkdədir. Bu yekəxanalığın son həddidir. Böyük xalqlar və böyük insanlar səhvlərini etiraf etməyi bacarırlar. Rusiya isə son hərəkətləri ilə göstərməyə çalışır ki, çox cılız və insani dəyərlərdən kifayət qədər uzaqdır. Amma bütün bunlar həqiqətin üzərinə pərdə çəkə bilməz".
Süleyman