Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TİKA azərbaycanlı həkimlər üçün təlim təşkil etdi

TİKA  azərbaycanlı həkimlər üçün təlim təşkil etdi


Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Tibb Müəssisələrinin İdarəetmə Birliyi (TƏBİB) ilə əməkdaşlıq çərçivəsində Bakı, Şamaxı və Gəncə şəhərlərində fəaliyyət göstərən oftalmoloqlar üçün "Göz Travmalarının İdarə Edilməsi üzrə Təlim” proqramı təşkil edib.

Newscenter.az-ın məlumatına görə, yanvarın 27-28-də Neftçilər Xəstəxanasında TİKA və TƏBİB-in birgə əməkdaşlığı ilə keçirilən təlim proqramında Prof. Dr. Muhammed Batur, Van Yüzüncü Yıl Universitetinin Tibb Fakültəsinin müəllimi Dr. Veysi Yıldız və Van Tədris və Araşdırma Xəstəxanasının həkimlərindən Op. Dr. Rümeysa Bilməz Tan təlimçi qismində iştirak ediblər.

Təlim proqramına qatılan 25 azərbaycanlı oftalmoloq göz travmalarının təsnifatı və terminologiyası, göz travmalarının qiymətləndirilməsi, tikiş və tikiş materialları, göz travmalı xəstəyə yanaşma, buynuz qişa və limbus zədələnmələri, konjunktiva və sklera yaralanmaları mövzularında nəzəri və praktiki biliklər əldə ediblər. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Bakıda keçirilən təlimdən sonra proqram Şamaxı və Gəncə şəhərlərində davam edəcək və ümumilikdə 60 azərbaycanlı həkim bu sahədə ixtisasartırma kursu keçəcək.

Paytaxtda təşkil olunan açılış mərasimində TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelik, TƏBİB-in sədr müavini Araz Nəsirov, xəstəxana rəhbərliyi və həkimlər iştirak ediblər.

Tədbirdə çıxış edən TƏBİB-in sədr müavini Araz Nəsirov özünün də Trakya Universitetinin məzunu olduğunu vurğulayaraq, "Türkiyə yüzlərlə həkim yetişdirərək Azərbaycanın səhiyyəsinə töhfə verib. Burada iştirak edən həkimlərimiz adından qardaş Türkiyəyə təşəkkür edirik”, – deyə bildirib. Nəsirov əlavə edib: "Müasir tibbi avadanlıqlar və ən təsirli dərmanlar əldə etmək mümkündür, lakin insanları sağaldan məhz həkimlərdir. Vicdanlı və işini düzgün icra edən həkimlərin yetişdirilməsi daha vacibdir.”

TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelik çıxışında vurğulayıb ki, TİKA Azərbaycanda fəaliyyətə başladığı gündən etibarən həyata keçirdiyi 1500-dən çox layihənin 20%-i səhiyyə sahəsinə aid olub. O bildirib ki, gələcəkdə də Azərbaycan səhiyyə işçilərinin bilik və təcrübələrinin artırılmasına yönəlmiş təlim layihələri davam etdiriləcək.

Təlimçilərdən biri olan Prof. Dr. Muhammed Batur isə qeyd edib ki, azərbaycanlı həkimlərlə göz travmalarını həm nəzəri, həm də klinik hallar üzərində müzakirələr aparılıb: "Peşəkar həmkarlarımızla bilik və təcrübə paylaşımı etmək bizim üçün böyük məmnuniyyət oldu”.
Xəbəri paylaş