Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclər Azərbaycan dövlətçiliyinin əsgəridir  

Gənclər Azərbaycan dövlətçiliyinin əsgəridir  

 
Ötən əsrin sonlarında Azərbaycanda milli-azadlıq hərəkatı genişlənmişdi. Bu hərəkat Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin mübarizəsi idi. Əvvəllər dərnəklər formatında başlayan mübarizədə gənclər olduqca fəal idilər – universitetin, institutların, texnikumların tələbələri, yuxarı sinif şagirdləri, Elmlər Akademiyasının elmi işçiləri, aspirantları, müəllimlər, ümumiyyətlə Azərbaycan gəncliyi, Azərbaycan gəncləri tarixin axarını dəyişmək uğrunda gedən mübarizəniin mücahidləri idilər. 1990-cı ilin yanvarında Azərbaycanın gəncləri imperiyanın qoşunlarının qarşısını qətiyyətlə kəsdi. Azərbaycanda milli-azadlıq hərəkatını söndürmək istəyən imperiya Azərbaycanda Azərbaycan gənclərinin möhtəşəm hərəkatına məğlub oldu.

1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Konstitusiya Aktı qəbul olundu. Tarix təsdiqlədi ki, həqiqətən də “Zülmün topu var, gülləsi var, qələsi varsa, Haqqın da bükülməz qolu, dönməz üzü vardır”, “Su axan arxdan bir də axır”...
Azərbaycanda dövlət çevrilişinə cəhdlər göstəriləndə, separatçılar baş qaldıranda milli qarşıdurma yarananda xalq ciddi təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ən böyük azərbaycanlı hakimiyyətə qayıtdı. Xalqa müraciət edəndə bu çağırışa milyonlar hay verdi.

Ordu yarananda da, döyüşə-döyüşə formalaşanda da gənclər avanqard idi. Birinci Qarabağ müharibəsində döyüşlərdə də ön sıradaydılar, Vətən naminə ən ağır döyüşlərə gedəndə də boyları görünürdü. Gənclər döyüşürdü, şəhid olurdu...

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan gənclərinə ünvanladığı “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq...” kəlamı bütün dövrlərdə gənclərin ictimai həyatının başlıca qayəsi olub.

Gənclər cəmiyyətin inkişafında böyük qüvvədir, bu qüvvə aparıcı qüvvədir. Bütün sahələr üzrə gənclərin fəaliyyətinin dövlət idarəçiliyinə də cəlb etmək, gənclərin ölkənin inkişafında iştirakını, məsuliyyətini artırmaq üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsini tövsiyə etdi. 1996-ci il fevralın 2-də də gənclərin I Forumu keçirildi. Bu qurultay gənclərin siyasi fəallığını yüksəltdi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev gənclərin mənəvi vəzifələrini müəyyənləşdirdi, çıxışında dedi ki, “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır”.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1997-ci il fevralın 2-də fevralın 2-sinin Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında Sərəncam imzaladı. O vaxtdan üzü bu yana sabiq SSRİ-də, eləcə də Şərqi Avropa ölkələrində Azərbaycanın Gənclər Günü təntənəli şəkildə qeyd edilir. Azərbaycan gəncliyi gənc Azərbaycan dövlətinin istər siyasi nüfuzunun yüksəlməsində, istər iqtisadi gücünün artırılmasında, istərsə də Azərbaycan xalqının ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin dinamik inkişafında fədakarlıqlar göstərdilər. Azərbaycan Ordusu Ulu Öndərin tövsiyələrini, tapşırıqlarını böyük məsuliyyətlə yerinə yetirirdi ki, bu da ordu quruculuğunun dönməzliyini təmin edirdi.

Azərbaycanda gəncliyə, gənclərə münasibət dünyəvi mahiyyətli olub. Gənclər sosial həyatın bütün sahələrində işləyir, təhsil alırdı. Onların fəaliyyətini birləşdirmək, əlaqələndirmək üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi yaradıldı. Gənclər siyasəti istiqamətində həyata keçirilən bütün tədbirlər, imzalanan sənədlər mahiyyət baxımından gənclər siyasətinin istiqamətlərini müəyyənlışdirdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclər siyasətini də dövlət siyasətinin tərkib hissəsi olmasını təmin etdi. Gənclik cəmiyyətin mühüm hissələrindəndir. Cəmiyyətdə dövlətçilik üçün gərəkli olan bütün proseslərin aparıcı qüvvəsi gənclərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə ünvanladığı fikirlər dövlətin gənclər siyasətinin mahiyyətinin ifadəsidir: "Gənclər, mən sizə inanıram, güvənirəm".

Vətən müharibəsində yaralanan döyüşçünü döyüşdən çıxardanda şəhid olan gənclərimiz tarixən unudulmayacaq, döyüşdə şəhid olan döyüşçünün sinəsində qana bələnən bayrağı öpüb gözlərinin üstünə qoyanlar da, bu bayraqla döyüşə atılan, şəhid döyüşçünün qanı qurumamış qisasını alanlar da, Xudafərində, Şuşada, ... qələbə bayrağımızı dalğalandıranlar da gənclər idi, Xankəndidə keçirilən paradda tribuna önündən qətiyyətlə keçənlər də gənclər idi, ...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşada dedi: "Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi". Sərkərdənin döyüşçüyə - Ali Baş Komandanın əsgərə rəğbətinin bu səmimilikdə ifadəsi olan bu kəlmələr ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığını yüksək səviyyədə tamamladı. Ordu gəncləri ilə Azərbaycan gəncləri də qürurlanır. Qürurlanır və onlara xitabən əminliklə deyir ki, sizin işğaldan azad etdiyiniz ərazilərdə biz də sizin dövlətçiliyə sədaqətiniz səviyyəsində iştirak edəcəyik! 44 gün davam edən Vətən müharibəsində qazanılan qələbəyə görə Azərbaycan gəncləri Azərbaycan Ordusuyla hansı səviyyədə qürurlanırsa, Azərbaycan Ordusunun şəxsi heyəti də bu niyyətinə görə Azərbaycan gəncləri ilə həmin səviyyədə qürurlanır...

Ordu gəncləri Ali Baş Komandanın sərkərdəliyi ilə İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı. Ordumuz, bu sıradan ordu gəncləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün əmrlərini məsuliyyətlə yerinə yetirməyə hazırdır. Bu gün gənclər təhsil alan da, işləyən də, xidmət edən də, xidmətdən tərxis edilən də özünü Azərbaycan dövlətçiliyinin əsgəri bilir...
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputat
Xəbəri paylaş