
Milli Məclisin deputatı Pərvanə Vəliyeva Kenyanın dövlət televiziyasında (KBC TV) iqlim dəyişmələri ilə mübarizədə Azərbaycanın verdiyi böyük töhfədən danışıb.
Newscenter.az-ın xəbərinə görə, deputat bildirib ki, COP29-da iqlim maliyyəsi ilə bağlı tərəflər arasında konsensus əldə olunub və əvvəlki hədəf üç dəfə artırılaraq illik ən azı 300 milyard ABŞ dolları səviyyəsinə çatdırılıb. Bu, inkişaf etməkdə olan ölkələrə uyğunlaşma və iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini gücləndirməyə, texnologiyalar və potensialın artırılması imkanlarına çıxış əldə etməyə şərait yaradacaq. Eyni zamanda, COP29 zamanı İtki və Zərər Fondunun fəaliyyətə başlaması təmin olunub ki, bu da inkişaf etməkdə olan ölkələr üçün itki və zərərin aradan qaldırılması məqsədilə vəsaitlərin əlçatanlığını təmin edib. COP29-un başqa bir mühüm nailiyyəti isə tərəflər arasında Karbon bazarları üzrə 6-cı maddə ilə bağlı qəbul edilən qərar olub. Bakı iqlim maliyyəsi “Bakı Sıçrayışı” kimi adlandırılıb və bu, iqlim diplomatiyasında böyük bir uğurdur.
Azərbaycan “yaşıl enerji”nin inkişafını əsas prioritetlərindən biri kimi müəyyənləşdirib və bu sahədə beynəlxalq enerji şirkətləri və maliyyə institutları ilə sıx əməkdaşlıq edir. Ölkəmiz 28 qiqavatlıq bərpa olunan enerji potensialını reallaşdırmaq üçün işləyir. Əsas hədəflərdən biri 2030-cu ilə qədər quraşdırılmış bərpa olunan enerji gücünün ölkənin ümumi enerji balansında payını 30%-ə çatdırmaqdır. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzuru “yaşıl enerji” zonalarına çevirmək və bu ərazilərdə 2050-ci ilə qədər “sıfır emissiya” statusuna nail olmaq üçün əhəmiyyətli layihələr icra olunur. Bu strategiya çərçivəsində davamlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, ağıllı şəhər və kəndlərin yaradılması, minlərlə hektar meşənin bərpası kimi innovativ yanaşmalar həyata keçirilməsi planlaşdırılır.
Azərbaycan iqlim dəyişikliyi kimi qlobal çağırışlara cavab verməkdə əsas rolunu sübut edib. Biz növbəti iqlim maliyyəsi hədəfini müəyyənləşdirdik ki, bu da iqlim dəyişikliyi ilə mübarizə üçün daha çox vəsaitin əlçatan olmasını təmin edir. Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı enerji tərəfdaşı kimi tanınır.
Gələn il Bakı BMT-nin iki beynəlxalq tədbirinə – Dünya Şəhərsalma Forumu (WUF) və Dünya Ətraf Mühit Günü (WED)-nə ev sahibliyi edəcək. Bu tədbirlərin əsas məqsədi iqlim dəyişmələri ilə mübarizə aparmaq, yüksək uyğunlaşma səviyyəsinə malik şəhərlər yaratmaq, ağıllı şəhər və kənd konsepsiyalarının tətbiqini genişləndirmək və müasir urbanizasiya planları vasitəsilə iqlim dəyişmələrinin təsirlərini azaltmaqdır. BMT-nin UN-Habitat təşkilatı tərəfindən təşkil olunan və Bakının ev sahibliyi edəcəyi bu forumda kənd təsərrüfatı, enerji, sağlam və sürətlə inkişaf edən şəhərlər daxil olmaqla, optimal, səmərəli və davamlı şəhərlərin yaradılması diqqət mərkəzində olacaq.
Bütün bu təşəbbüslər və yanaşmalar bir daha sübut edir ki, Azərbaycan Yer kürəsinin qorunmasında lider mövqeyini nümayiş etdirir.
Süleyman