
Qarlı-şaxtalı günümüzdə Bakıda 95 yaşlı Bahar nənə ilə 98 yaşlı Zülfüqar babanın ailə qurmasının 75-ci ili təmtəraq, toy-büsatla qeyd olundu.
El arasında buna tac toyu və ya şah toyu deyirlər. Bu əlamətdar gündə məclisin tacı olan səbəbkarları övladları, nəvə-nəticələri, qohum-əqrəbaları, dost-tanışları, söz-sənət adamları, mətbuat, televiziya əməkdaşları əhatə etmişdi.
Novruzova Bahar Məmməd qızı və Novruzov Zülfüqar İsaq oğlu əslən Qərbi Azərbaycanın Böyük Qarakilsə rayonunun Hollavar kəndindəndilər.

1950-ci ildə ailə qurublar. 1988-ci ildə ermənilərin təzyiqi ilə doğma yurd-yuvalarından didərgin düşərək keçmiş Dəvəçi, indiki Şabran rayonuna pənah gətiriblər.
Uzun illər maldarlıqla, kəndli təsərrüfatı ilə məşğul olan ailənin başçısı, el arasında Zülfü baba kimi məşhur olan Zülfüqar Novruzov Şabran rayon bələdiyyəsində işləyib.
Xoşbəxt cütlüyün 7 qızı, 3 oğlu, 50 nəvəsi, 35 nəticəsi var.
Sima Babayeva