
COP29-da iqlim maliyyəsi ilə bağlı tərəflər arasında konsensus əldə olundu və əvvəlki hədəf üç dəfə artırılaraq illik ən azı 300 milyard ABŞ dolları səviyyəsinə çatdırıldı. Bu, inkişaf etməkdə olan ölkələrə uyğunlaşmaya və iqlim dəyişmələri ilə mübarizə tədbirlərini gücləndirməyə, texnologiyalar və potensialın artırılması imkanlarına çıxış əldə etməyə şərait yaradacaq.
Eyni zamanda COP29 zamanı İtki və Zərər Fondunun fəaliyyətə başlaması təmin olundu ki, bu da inkişaf etməkdə olan ölkələr üçün itki və zərərin aradan qaldırılması məqsədilə vəsaitlərin əlçatanlılığını təmin etdi. COP29-un başqa bir mühüm nailiyyəti isə karbon bazarları üzrə 6-cı maddə ilə bağlı qəbul edilən qərardır. Bakı iqlim maliyyəsi "Bakı sıçrayışı" kimi adlandırılıb və bu, iqlim diplomatiyasında böyük uğurdur.
Azərbaycan "yaşıl enerji"nin inkişafını əsas prioritetlərindən biri kimi müəyyənləşdirib və bu sahədə beynəlxalq enerji şirkətləri və maliyyə institutları ilə sıx əməkdaşlıq edir. Ölkəmiz 28 qiqavatlıq bərpaolunan enerji potensialını reallaşdırmağa çalışır. Hədəflərdən biri 2030-cu ilə qədər bərpaolunan enerji gücünün ölkənin ümumi enerji balansında payını 30 faizə çatdırmaqdır. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzuru "yaşıl enerji" zonalarına çevirmək və bu ərazilərdə 2050-ci ilə qədər "sıfır emissiya"ya nail olmaq üçün əhəmiyyətli layihələr icra olunur. Bu strategiya çərçivəsində davamlı inkişaf edən kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, "ağıllı şəhər" və "ağıllı kənd"lərin yaradılması, minlərlə hektar meşənin bərpası kimi innovativ yanaşmaların həyata keçirilməsi planlaşdırılır.
Azərbaycan iqlim dəyişmələri kimi qlobal çağırışlara çevik cavab verir. Biz növbəti iqlim maliyyəsi hədəfini müəyyənləşdirdik ki, bu da iqlim dəyişmələri ilə mübarizədə daha çox vəsaitin əlçatan olmasını təmin edir. Azərbaycan beynəlxalq aləmdə etibarlı enerji tərəfdaşı kimi tanınır.
Gələn il Bakı BMT-nin iki beynəlxalq tədbirinə - Dünya Şəhərsalma Forumu (WUF) və Dünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edəcək. Bu tədbirlərin əsas məqsədi iqlim dəyişmələri ilə mübarizə aparmaq, yüksək uyğunlaşma səviyyəsinə malik şəhərlər yaratmaq, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqini genişləndirmək və müasir urbanizasiya planları vasitəsilə iqlim dəyişmələrinin təsirlərini azaltmaqdır. BMT-nin UN-Habitat təşkilatı tərəfindən təşkil olunan və Bakının ev sahibliyi edəcəyi bu forumda kənd təsərrüfatı, enerji, sağlam və sürətlə inkişaf edən şəhərlər daxil olmaqla, optimal, səmərəli və davamlı şəhərlərin yaradılması diqqət mərkəzində olacaq.
Bütün bu təşəbbüslər və yanaşmalarla Azərbaycan Yer kürəsinin qorunmasında lider mövqeyini nümayiş etdirir.
Pərvanə VƏLİYEVA,
Milli Məclisin deputatı.