Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycana aqrar məsləhət xidmətləri və müsbət təcrübə modelləri təklif ediləcək



Newscenter.az.11.11.2020. Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının həyata keçirdiyi “Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” Layihəsinin birillik fəaliyyətinin nəticələri açıqlanıb. Kənd Təsərrüfatı Nazirliyinin və Nazirliyin Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Elm və İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Aqrar Tədqiqatlar Mərkəzinin nümayəndələrinin, özəl şirkətlərin təmsilçilərinin daxil olduğu layihənin işçi qrupu il ərzində görülmüş işlər barədə məlumat verib, layihənin sonuna – 2021-ci ilin sonunadək planlaşdırılan işləri müzakirə edib.

Newscenter.az xəbər verir ki, layihə rəhbəri, beynəlxalq məsləhətçi Gülcahan Qurbanova layihənin əldə etdiyi nəticələr kimi iqtisadi rayonların aqrar xəritələşməsinin tamamlanmasını, aqrar məsləhət xidmətinin ölkədəki vəziyyəti haqqında qiymətləndirmənin başa çatmasını, aqrar məsləhət xidmətlərinin nümunəvi modellərinin seçilməsini, xidmət təminatçılarının bazasının yaradılmağa başlamasını, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran, Lənkəran, Yuxarı Qarabağ iqtisadi rayonlarının aqrar sahə iştirakçıları, aqrar məsləhət xidməti təminatçıları üçün keçirilən seminarları qeyd edib. Noyabr ayında digər iqtisadi rayonlar üçün də analoji tədbirlərin planlaşdırıldığını vurğulayıb. Layihə rəhbəri aqrar məsləhət xidmətlərində rəqəmsal və peyk məlumatlarından istifadə, xidmət təminatçıları və fermerlər üçün idarəetmə və maliyyə mexanizmləri, xidmətlərin hüquqi aspektləri mövzularında keçirilmiş müzakirələri vacib fəaliyyətlər kimi qiymətləndirib. Ölkədə aqrar sahəni əhatə edən digər layihələrlə tərəfdaşlığın qurulması və əməkdaşlıq haqda razılıqların əldə olunması layihənin daha bir uğurudur.

Layihənin mütəxəssisləri monitorinq və qiymətləndirmə meyarları, aqrar məsləhət xidmətlərinin qiymətləndirilməsi üzrə nəticələr, aqrar sahənini xəritələşməsinin güclü, zəif cəhətlərinin analizi barədə təqdimatlar etdilər.

FAO-nun Romadakı baş qərargahında layihənin baş texniki meneceri olan Nevena Aleksandrova Kənd Təsərrüfatı Nazirliyi və alt qurumlarına layihənin icrası ilə bağlı verdikləri dəstəyə görə təşəkkürünü bildirib. Xanım Aleksandrova qarşıdakı aylarda aqrar məsləhət xidməti modelləri üzərində daha intensiv müzakirələr aparılacağına diqqət çəkib.

Layihənin əsas benefisiarı olan Aqrar Elm və İnnovasiya mərkəzinin baş mütəxəssisi Yaqub Quliyev fermerlər arasında aqrar məsləhət xidmətlərindən istifadənin təşviq olunmasının vacibliyini bildirdi. Qeyd etdi ki, aqrar sahədəki yeni texnologiyalara fermerlər az maraq göstərir. İşçi qrupun üzvləri layihə tərəfindən hazırlanacaq strategiyada Azərbaycan üçün təklif ediləcək aqrar məsləhət xidmətləri modelində dövlət və özəl xidmət təminatçılarının fəaliyyətlətinin dəqiq təsvir olunmasının vacibliyini bildiriblər.

Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Anar Hətəmov fermerlərin aqrar məsləhət xidmətlərindən istifadəsi üçün subsidiya mexanizminin tətbiqində Türkiyə modelinin araşdırılmasını təklif edib. Layihə rəhbəri Gülcahan Qurbanova həm qabaqcıl beynəlxalq təcrübələrin, həm də yerli tələblərin nəzərə alınaraq, ölkə üçün uyğun model hazırlanacağını, həmin modeldə bütün bu məqamların nəzərə alınacağını bildirib.

Mehman
Xəbəri paylaş