Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Camış ətinin hansı faydaları var?



Newscenter.az.7.04.2021. zərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. AQTİ-nin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssislərinin hazırladığı budəfəki maarifləndirici mövzumuz isə orqanizm üçün olduqca faydalı sayılan ət növlərindən biri – camış əti haqqındadır.

Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, əhalinin ət və süd məhsullarına olan tələbatının ödənilməsində camışçılıq mühüm yer tutur. Ölkəmizdə camışçılıqla qədim dövrdən bəri məşğul olurlar. Qeyd edək ki, camış əti insanlar tərəfindən mal ətindən sonra ikinci ən çox istehlak olunan qırmızı ət növü hesab olunur. Hətta ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən balanslı və qidalandırıcı, az yağlı diyetik ət növü olduğundan camış ətinin mütəmadi istehlakı tövsiyə edilir.

Ümumiyyətlə, camış əti mal ətinin malik olduğu bütün qida parametrlərini özündə cəmləşdirir. Bu ət növü qiymətli zülallar və asan mənimsənilən dəmir komponentləri ilə (transferrin və ferritin) zəngin olduğundan dad-tamına görə mal ətindən bir qədər fərqlənir. Toyuq əti ilə müqayisədə isə camış əti daha zəngin zülal tərkibinə malikdir. Odur ki, el arasında camış ətinə “kasıb insanların zülalı” deyilir.

Camış ətinin tərkibində rast gəlinən yağlar (lipidlər) doymuş və doymamış ali yağ turşularından təşkil olunur. Doymuş turşulara miristin, palmitin və stearin turşularını, doymamışlara isə palmitolenin, olein, linol, linolen və araxidon turşularını aid etmək olar. Bu turşu kompleksi Omega-3 və Omega-6 kimi tanınır. Qeyd edək ki, zərərli lipid komponentlərinə aid olan xolesterolun miqdarı camış ətində yüksək deyildir (62 mqr/100qr). Tərkibində doymuş turşuların miqdarı az olduğundan camış ətinin istehlakı nəticəsində insan orqanizmində yağların piy toxuması şəklində toplanması baş vermir. Təbii otlaqlarda otlayan camışların ətinin tərkibində antioksidantların (ß-karotin və selen) miqdarı çox olur. Ümumiyyətlə, selen elementinin digər heyvan növləri ilə müqayisədə camış orqanizmi üçün fizioloji əhəmiyyəti böyükdür.

Orxan
Xəbəri paylaş