Newscenter.az.27.12.2018. Birləşmiş Ərəb Əmirliklərinin aparıcı ərəbdillirəsmi dövlət qəzeti olan ”Ettihad” qəzetində BƏƏ-li jurnalist Mahmud İsmayıl Badrın “Şeyx Zayed İrsi Festivalında Azərbaycan pavilyonu. Odlar yurduna səyahət” sərlövhəli yazısı dərc olunub. Newscenter.az-a Azərbaycanın bu ölkədəki səfirliyindən bildirilib ki, Abu Dabi şəhərində keçirilən Şeyx Zayed İrsi Festivalında ölkəmizin iştirakına həsr edilmiş məqalədə Azərbaycan pavilyonundanümayiş etdirilən milli adət-ənənələrmiz,müxtəlif yaş təbəqələrinə aid kişi və qadın milli geyimlərimiz, onların xüsusiyyətləri, istifadə olunan naxışlar, eyni zamanda sərt qışı ilə seçilən Xınalıq kəndindən gətirilmiş yun paltarlar və şallar haqqında məlumat verilib.
Pavilyonun xalça guşəsindən yazan jurnalist burada Azərbaycanın xalça muzeyində saxlanılan xalçaların prototiplərinin yer aldığını qeyd edib, muzey barəsində məlumatlar verib. Bildirilib ki, 1967-ci ildə yaradılmış muzeydə Azərbaycanın bütün bölgələrindən qədim və yeni toxunmuş xalçalar, zinət əşyaları olmaqla ümumilikdə 14 min eksponat saxlanılır.
Yazıda bildirilib ki, Azərbaycan Körfəz ölkələrindən olan turistlər üçün ən sevilən məkanlardan biridir. Ölkəmizdə ərəb turistlərinə turizmin hər fəslə uyğun bütün növləri təqdim edilir. Azərbaycan dövləti tərəfindən yeni yaradılmış müxtəlif sanatoriyalar, müalicə müəssisələri barədə məlumatlar verilib, Naftalan və Duzdağ müalicə mərkəzləri xüsusi qeyd olunub. Dini abidələrin turistlər üçün cəlbedici olduğunu qeyd edərək, Bibi Heybət məscidinin qədim tarixi barəsində bəhs edilib. Müəllif Azərbaycana səfər edən turistlərin ölkəmizin tarixi ilə maraqlandığını, Bakı şəhərində yerləşən Şəhidlər Xiyabanında dəfn edilən Azərbaycanlıların ölkənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban verdiyini bildirib.
Məqalənin sonunda Azərbaycanın paytaxtı yaxınlığında yerləşən "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğundan yazaraq, bu təbiət abidəsinin Odlar Yurdu adlanan Azərbaycanın simvollarından biri olduğu vurğulanıb.