Newscenter.az.10.01.2019. Prezident İlham Əliyevin Bərdə şəhəri ərazisində Tərtər çayı üzərində qəzalı vəziyyətə düşmüş körpünün sökülməsi və onun yerində yeni körpünün tikilməsi ilə bağlı imzaladğı sərəncama əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri artıq yekunlaşdırılıb. Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, aparılan işlər çərçivəsində köhnə körpü qısa müddət ərzində sökülüb. Əvəzinə yeni körpünün özülünün və sütunlarının tikintisi aparılaraq başa çatdırılıb, dayaqlar üzərində aşırım tirləri quraşdırılıb.
4 aşırımlı körpünün ümumi uzunluğu 126 metr, qabariti isə 11.5 metrdir. Vətəndaşların körpü ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hər bir istiqamət üzrə 1.5 metr enində piyada səkilərinin də tikintisi həyata keçirilib.
Körpünün inşası müasir tikinti norma və standartlarına uyğun olaraq həyata keçirilib.
Layihə çərçivəsində Tərtər çayında istinad divarları və sutənzimləyici qurğular inşa edilib. Bundan başqa körpüyə 150 metr uzunluğunda yanaşma yollarının da yenidənqurulması işləri aparılıb.