Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Üç müharibə iştirakçısı olan general-mayor

Üç müharibə iştirakçısı olan general-mayor


Aygün Əliyarbəyova: “Müqəddəs Georgi" yalnız 4 azərbaycanlıya təqdim edilib ki, onlardan biri də Tərlan bəy Əliyarbəyov olub”


Newscenter.az.21.05.2019. Respublikamızın bütün bölgələrində fəaliyyət göstərən ictimai təşkilatlar və dövlət orqanlarının ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və milli mənlik şüurunun inkişafı istiqamətində apardığı maarifləndirmə işləri gənclərin vətənpərvərlik hisslərinin formalaşmasında mühüm rol oynayır. Məhz bu səbəbdən də qədim və zəngin tarixə malik Azərbaycan xalqının hərb tariximizdə olan şəxsiyyətlərinin tanıdılmasına çox böyük ehtiyac duyulur.

Şimali Azərbaycanın Çar Rusiyası tərkibində olduğu 90 il (1828-1917) ərzində Rusiya çarlığı azərbaycanlıları hərb sənətinin incəliklərinə yiyələnməkdən uzaq tutmuş, xalqımızın nümayəndələri demək olar ki, hərbi xidmətdən məhrum edilmişdilər. Yəni müsəlman azərbaycanlılar orduda xidmət əvəzinə müxtəlif cür vergilər ödəyiblər. Yalnız xalqın yüksək zadəgan və ziyalı zümrəsi içərisindən ayrı-ayrı şəxslər öz övladlarını Rusiyanın hərbi məktəblərinə göndərə bilmişlər və bu hesabdan göstərilən dövrdə müəyyən miqdarda azərbaycanlı zabit heyəti yaranmışdı ki, onlar döyüş cəbhələrində yüksək sərkərdəlik nümunələri göstəriblər.
Bu yazımızda haqqında söhbət açacağımız şəxs məhz hərb sənəti tariximizdə izlər qoymuş, üç müharibə görmüş general-mayor Tərlan bəy Əliyarbəyov da belə yüksək sərkərdəlik nümunəsi göstərmiş azərbaycanlılardandır. Azərbaycanın görkəmli sərkərdələrindən olan - “həyatını, sahib olduğu hər şeyi Vətən yolunda düşünmədən fəda edə bilmək” devizi ilə yaşamış general-mayor Tərlan bəy Əliyarbəyov Azərbaycan tarixinə iki cahan müharibəsində iştirakçısı olmuş, Azərbaycan Milli Ordusunun təşkilində yaxından fəaliyyət göstərmiş görkəmli sərkərdə kimi daxil olmuşdur.

Müsahibimiz görkəmli sərkərdəmizin nəvəsi Aygün Əliyarbəyova ilə söhbətimizdə gənclərimiz üçün örnək olacaq belə bir fəxrli azərbaycanlının həyat yolu və onunla bağlı xatirələri qələmə almışıq. Öncə onu vurğulayaq ki, Aygün Əliyarbəyova Azərbaycan Tibb Universitetində Histologiya, embriologiya və sitologiya kafedrasının tədris hissə müdiridir, tibb üzrə fəlsəfə doktorudur.
Üç müharibə iştirakçısı olan general-mayor

- Aygün xanım, öncə oxucularımıza babanız haqqında ətraflı məlumat verərdiniz.

-Tərlan bəy Əliyarbəyov 1892-ci il noyabrın 28-də füsunkar təbiətli Şamaxı şəhərinin Ağsu kəndində zadəgan ailəsində anadan olub. Uşaqlıq illərini Şamaxıda keçirən Tərlan bəy yaşadığı torpağın çörəyini yemiş, suyunu içmiş, havasını udmuşdur. Beləliklə, onun xarakter və iradəsinin formalaşmasında doğma ocağın, təbii iqlim şəraitinin xüsusi rolu olub. Müdriklər demişkən, “su öz keyfiyyətini sızıb keçdiyi torpaqdan götürdüyü kimi, insan da yaxşı və pis cəhətlərini doğulduğu diyardan götürür”. Tərlan bəy 1908-ci ildə Şamaxıdakı altıillik şəhər məktəbini bitirib və ordu sıralarına könüllü olaraq piyada kimi yollanıb. Ordu sıralarından qayıdan 18 yaşlı Tərlan bəy 1910-cu ildə atası Abdulla bəyi itirsə də, təmkinliyini pozmayaraq bütün ailənin yükünü öz üzərinə götürüb. Qardaşları və bacısına “Ata”, anasına “Arxa, dayaq” olub. Sonralar atasının ölümünü ilk aldığı yara -“Ata yarası” kimi xatırlayan Tərlan bəy Vətənə xidmət edib, hərbçi olmaq arzusu ilə 1911-ci ildə 3-cü Qafqaz piyada alayının əlaçı əsgəri olub. Daha sonra T.Əliyarbəyovu Tiflisdəki Mixaylovsk hərbi piyada məktəbinə oxumağa göndəriblər. 4 illik təhsili zamanı birincilər sırasında olan, bütün fənləri müvəffəqiyyətlə qavrayan Tərlan bəy hərbi məktəbi birinci dərəcəli diplomla bitirərək, həmyaşıd və həmkarlarından mərdliyi, alicənablığı, humanistliyi, xeyirxahlığı ilə fərqlənib. Beləliklə, podporuçik Tərlan bəy Əliyarbəyov ilk hərbi vəzifə xidmətinə Şamaxıdakı 205-ci piyada alayında başlayıb.

1914-cü ilin yayında başlayan Birinci Dünya müharibəsi zamanı Əliyarbəyovun xidmət etdiyi 205-ci alay Qərb cəbhəsinə göndərilib. Elə bu vaxtdan etibarən gənc zabit olan babamın çətin sınaq günləri başlanıb. Gününün çox vaxtını od-alov yağan səngərlərdə əsgərlərin yanında keçirən Tərlan bəy komandirin verdiyi tapşırıqları can-başla yerinə yetirir, hər döyüşdən qələbə ilə çıxaraq həmkarlarının sevimlisi olurmuş. Onu rota komandirindən batalyon komandiri kimi məsul vəzifəyə təyin ediblər. Batalyonunu qələbədən-qələbəyə aparan ştabs-kapitan Əliyarbəyovun igidliyi bütün Qərb cəbhəsinə yayılaraq, dillərə dastan olub.

- Bildiyim qədəri ilə onun əfsanəvi general Əliağa Şıxlinski ilə də yolları qovuşub...

-Haqlısınız. Şücaətlə vuruşan Əliyarbəyov həmin illərdə üç dəfə yaralanıb da... Belə ki, 1916-cı ildə Verden ətrafında gedən vuruşmaların qızğın çağında ilk dəfə Tərlan Əliyarbəyovun general Əliağa Şıxlinski ilə görüşləri olur. Maraq üçün onların arasında olan dialoqu da diqqətinizə çatdıra bilərəm. 10-cu ordunun komandanı general Əliağa Şıxlinski hərbçi qaydası ilə onu başdan-ayağa süzüb deyibmiş ki: “Səsini-sorağını eşitmişəm, eloğlu, əsl igid kimi vuruşursan”. Hətta əlini onun çiyninə qoyub - “Böyük şair Puşkin vaxtilə Şamaxı gözəlini vəsf eləyib, indi yeni bir Puşkin lazımdır ki, sənin Şamaxı Tərlanının qəhrəmanlığını qələmə alsın”-deyib. Sonra maraq dolu baxışlarını Tərlana zilləyib: - Bir de görüm, hansı hərbi məktəbi bitirmisən, oğul? - Tiflisdəki hərbi gimnaziyanı... General Şıxlinski sevinclə: - Hə, demək ikimiz də bir yuvadan pərvazlanmışıq. Çox şadam. Bu qürbət diyarda sevindirdin məni, oğul. Babam bu şöhrətli generalla görüşünü uzun müddət unuda bilməyib, həmişə fəxr və qürurla xatırlayırmış.

1916-cı ilin yayında alayı ilə məşhur Brusilov hücumunda iştirak edən Əliyarbəyov qızğın döyüşlərdə yenidən sinəsindən ağır yaralanıb. Həkimlər onun tam sağalacağına əmin olmasalar da, bir müddət Brest hərbi hospitalında müalicə olunduqdan sonra onu müalicəsini davam etdirmək üçün Bakıya göndəriblər. Yarasının ağırlığına, həmçinin müharibə qanunları ilə yaşayan Bakıda lazımi dava-dərmanların çətinliklə tapılmasına baxmayaraq Vətənə və sənətinə olan sevgisi Əliyarbəyovu məğrurcasına ayağa qaldırır və yenidən hərbi xidmətini davam etdirib. Artıq müharibə qurtardıqdan sonra T.Əliyarbəyov Rotmister rütbəsində təxris olunur, onun sinəsini üçüncü dərəcəli “Müqəddəs Stanislav” və üzərində “İgidliyə görə” yazılmış dördüncü dərəcəli “Müqəddəs Anna” ordenləri bəzəyib.
Üç müharibə iştirakçısı olan general-mayor

- Bəs onun AXC ordusunda olan xidmətləri barədə nələri bilirsiniz?

-1918-ci ilin avqustunda o vaxtı Müsavat ordusu adlanan orduya çağırılan Tərlan bəy Əliyarbəyov 2-ci piyada alayının komandir köməkçisi vəzifəsinə təyin edilib. O, yeni qurulan orduda gündüz vaxtı çıraqla axtarılan bir peşəkar idi. Onu artıq tanıyan general Əliağa Şıxlinski T.Əliyarbəyovu batalyon komandiri vəzifəsinə təyin eləyib. Onun alayı ölkədə sabitliyi bərpa etməklə, döyüş hazırlığını artırmaqla məşğul olurmuş. 1919-cu ilin yayında Rusiyanın ağqvardiyaçı generalı A.Denikinin ordusunun Azərbaycana hücum təhlükəsi yarananda 2-ci piyada alayı sərhədlərimizin mühafizəsini gücləndirmək üçün Qusarda yerləşdirilib. Tərlan bəy Əliyarbəyov tabeliyində olanları qələbə ruhunda tərbiyə edirmiş, öz silahdaşları ilə yorğunluq, yuxusuzluq bilmədən Azərbaycan ərazilərində soyqırımı törədən daşnak dəstələrinə qarşı vuruşurmuşlar. Belə ki, Tərlan bəy Qarabağda erməni daşnaklarına qarşı bir sıra döyüşlərdə fərqlənib, torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə müstəsna xidmətləri olub. O, bütün şüurlu həyatını Azərbaycanda hərbi quruculuq işlərinə həsr edib.

İyirminci ilin baharında rotmistr Tərlan bəy Əliyarbəyov Bakı Hərbi İdarə rəisinin müavini və alay komandiri vəzifəsini icra edirdi. 1920-ci ilin yazında Sovet Rusiyası qoşunları Azərbaycana daxil olanda Sovet hakimiyyəti hərbi kadrlara olan tələbatı nəzərə alaraq Tərlan bəy Əliyarbəyovu digər azərbaycanlı zabitlər kimi yeni yaradılan Azərbaycan Qızıl Ordusu sıralarına daxil ediblər. Tərlan bəy haqqında bolşeviklərin verdiyi əmrlərin birində yazılıb:

“Azərbaycan Sovet Sosialist Respublikası Hərbi Dəniz Xalq Komissarlığının 1922-ci il 9 dekabr tarixli 525 nömrəli əmri: “Mənə etibar olunmuş Komissarlığın qərargah rəisi yoldaş Tərlan Əliyarbəyov Azərbaycanda Sovet hakimiyyəti qurulan ilk günlərdən məsul vəzifələr daşımış, vicdanlı, səliqəli olması, ona tapşırılan vəzifələri can-başla yerinə yetirməsi və proletar hakimiyyətinə sədaqəti ilə fərqlənmişdir. Hərbi işi tam bildiyini göstərmiş və Azərbaycan SSR-də mahal hərbi komissarlıqlarının təşkili işinə böyük qüvvə və qayğı sərf etmişdir. 1920-ci ildə Bakı qəzasında və 1921-ci ildə bütün respublikada səfərbərliyi yüksək bacarıqla keçirmişdir. Hazırda Hərbi Dəniz Xalq Komisarlığı qərargahı ləğv edildiyi üçün Əliyarbəyov yoldaşı Azərbaycan SSR Hərbi Komisarlığının müavini vəzifəsinə təyin etməklə inanıram ki, onun öz biliyi və Sovet hakimiyyətinə sədaqəti sayəsində Azərbaycanda səfərbərlik işi həmişə yüksək səviyyədə olacaqdır. Təxminən üç il müddətində hərbi idarədə birgə çalışdığımız vaxtlar gənc Sovet Azərbaycanının yaradılması işinə böyük zəhmət və enerji sərf etdiyinə görə Tərlan Əliyarbəyova rəhbərlik adından təşəkkür elan edir və əmr edirəm ki, şəxsi xidmət kitabçasına yazılsın. Hərbi Dəniz Xalq Komisarı və Əlahiddə Qafqaz Ordusu Hərbi İnqilab Şurasının üzvü Əliheydər Qarayev. Qərargah rəisi əvəzi Məğrubov”.

Arxivdən əldə edilən bu əmrdən artıq hər şey aydındır. Məlumdur ki, bolşeviklər qara qaşa, qara gözə aşiq olan deyildilər. Bilirdilər ki, Tərlan bəy onlara nə cür faydalar verəcək. Bu ehtimalları da düz çıxdı. Onun savadının, biliyinin, əsgər və kiçik zabitlərlə rəftarını yaxşı bilən o vaxt qərargah rəisi vəzifəsini icra edən Qambay Vəzirov 1927-ci ildə onu Moskvaya təhsilini artırmağa göndərib. 1927-ci ildə Frunze adına hərbi akademiyada ali komanda heyəti kursunu bitirdikdən sonra Bakıya qayıdan Tərlan Əliyarbəyov öz istedadını milli hərbi kadrların yetişdirilməsinə sərf edib.

Digər xatirələri də bölüşə bilərəm. Məsələn, Azərbaycan diviziyasının komandiri Cəmşid xan Naxçıvanski və hərbi komisar Hüseyn Rəhmanov ona verdikləri atestasiyada yazırmışlar: "Ali komanda heyəti kursunu bitirən Tərlan bəy Əliyarbəyov biliyi və bacarığı ilə diviziyanın hərbi məşq və manevrlərində yüksək komandirlik məharəti ilə iştirak edir".

Həmçinin pedaqoji keyfiyyətləri ilə seçilən Tərlan bəy Əliyarbəyova Azərbaycan Neft İnstitutunda (indiki Neft Akademiyası) tələbələri hərbi işə hazırlamaq tapşırılmış və o bu işi can-başla yerinə yetirib.
1934-cü ildə Zaqafqaziya hərbi dairəsindən ali məktəblərdə hərbi dərslərin səviyyəsini yoxlamağa gələn polkovnik Slujekov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hərbi rəhbəri Tərlan bəy Əliyarbəyova verdiyi xarakteristikasında yazırdı: “Ali məktəblər üçün çox qiymətli hərbi pedaqoqdur. Yaxşı təşkilatçıdır. Rus və Azərbaycan dillərində aydın və səlis danışıq qabiliyyətinə malikdir. Tərlan bəy məhz ali məktəblər üçün istedadlı mütəxəssisdir”.

- Doğrudan da keşməkeşli həyat yolu olan babanızın hərbi bilikləri yüksək səviyyədə olub. Əks-təqdirdə onu bir müsəlman, azərbaycanlı kimi ordu sıralarında yüksək pillələrə cəlb etməzdilər.

- Nəinki cəlb etməzdilər, sürgünə də göndərərdilər. Amma qarşıda hələ onu dünya tarixinin qanlı səhifəsi olan Böyük Vətən müharibəsi dediyimiz ikinci cahan savaşı gözləyirmiş. Bu söhbətimizə qədər artıq babamın iki müharibədə şərəflə iştirak etməsi haqqında söz açmışdıq. 1937-ci ilin təlatümlü hadisələri başlayanda Əliyarbəyovun da başının üstünü qara buludlar alıb, o, vəzifədən-vəzifəyə köçürülüb. Təbii k, zadəgan ailəsinə mənsub olması ona "xalq düşməni" damğası vurmağa kifayət idi. Lakin Moskvaya -M.V.Frunze adına Ali Hərbi Akademiyaya göndərilməsi amili də onu yerli cəlladların əlindən xilas edib. 1941-ci ildə Tərlan bəy akademiyanı bitirəndə artıq müharibə başlamışdı. 1942-ci ildə Şimali Qafqazda yaranan ağır hərbi vəziyyəti nəzərə alaraq SSRİ rəhbərliyi azərbaycanlılardan ibarət milli diviziyaların sayını artırmışdı. Milli zabitlərə olan ehtiyacı ödəmək üçün azərbaycanlı zabitlər bu hissələrə təyinat alırdılar. Hökumət rəhbərliyi tərəfindən Tərlan bəyə yaxşı mütəxəssis olduğu üçün 416-cı diviziyaya zabitlərin yığılması, onların hərbi hazırlığına nəzarət, bir sözlə komandanlıq tapşırılıb. Artıq polkovnik rütbəsində olan T. Əliyarbəyov 416-cı milli Azərbaycan atıcı diviziyasının komandir müavini, üç ay sonra isə komandiri təyin edilib. Bildiyiniz kimi, 416-cı atıcı diviziya müharibədə çox fəal iştirak edib. Məharətlə idarə olunan diviziya faşistlərin müdafiə xəttini asanlıqla yarırmış, bir sıra mühüm əhəmiyyətli yaşayış məntəqələrini azad edirmiş. Xalqımızın igid oğullarından ibarət olan bu diviziya inamla vuruşaraq asanlıqla düşmənin möhkəmləndirilmiş atəş nöqtələrini məhv edirmiş. Hücumları müvəffəqiyyətlə genişləndirən polkovnik Tərlan Əliyarbəyov həmişə ön cəbhədə olur, döyüşçülərdə qələbəyə sarsılmaz inam yaradırmış. 44-cü ordunun tərkibində yerləşən bu diviziya 1942-ci ilin qışında Şimali Qafqazda 350 kilometrlik döyüş yolu keçərək, onlarla şəhər və kəndi düşməndən azad edib. Dəfələrlə ordu komandanlığının təşəkkürünə layiq görülüb. Taqanroq şəhərinin düşməndən azad edilməsində böyük qəhrəmanlıq göstərdiyi üçün bu qələbəyə görə ona "Taqanroq diviziyası" fəxri adı verilib. Bir sıra mühüm döyüşlərdə uğurla iştirak edən bu diviziya həmçinin Berlinə ilk dəfə daxil olan hərbi hissələr içərisində də olub. Onun komandiri olduğu məhz 416-cı diviziyanın 1054-cü alayı 1945-ci ilin martında "Qırmızı bayraq" ordeni, 1368-ci alayı- "Boqdan Xmelnitski" ordeni, 44-cü divizionu isə "Aleksandr Nevski" ordeni ilə təltif edilib. Diviziya həm də cəbhələrdə vuruşan milli Azərbaycan diviziyaları üçün zabit və əsgər kadrlarını hazırlayıb. Tərlan bəyin yetişdirdiyi milli hərbi kadrların sorağı bütün cəbhələrdən gəlirmiş. Onlar öz sərkərdəlik məharətlərinə görə ilk növbədə Tərlan bəyə təşəkkürlərini bildirirmişlər. 416-cı diviziyadakı fəaliyyəti o qədər gözəl idi ki, 402-ci diviziyadakı nisbətən boşluq, zəifliyi nəzərə alaraq Qafqaz cəbhəsinin komandanının əmri ilə Tərlan bəy Əliyarbəyovu 402-ci milli atıcı diviziyaya komandir təyin edirlər. Onun komandanlığı ilə demək olar ki, Ukraynada 300 km olan məsafə almanlardan xilas olunub. Bütün bu xidmətlər nəzərə alınaraq ona dəfələrlə təşəkkür edilib.

Sonralar 58-ci korpusun komandir müavini kimi məsul vəzifələrdə çalışan babam özünün komandirlik bacarığını parlaq şəkildə nümayiş etdirib, xidmət etdiyi hərbi hissələrdə böyük nüfuza və hörmətə malik olub. Peşəkar hərbçi, igid general Tərlan bəy Əliyarbəyov hərb işinin yenilikləri ilə daim maraqlanıb, yeni-yeni hərbi fəndlər təklif edirmiş. Onların bəziləri elə cəbhədəcə tətbiq olunub. O, xidmət etdiyi bütün hərbi hissələrdə böyük nüfuza və hörmətə malik olub. Müharibə illərində Tərlan bəy Əliyarbəyovun hərbi xidmətlərini yüksək qiymətləndirən komandanlıq 1944-cü il fevralın doqquzunda ona general-mayor rütbəsini verib.

- Hərb yolu haqqında çox geniş və əhatəli məlumatlar verdiniz. Bəs başqa ictimai-siyasi fəallığı olubmu?


-Tərlan bəy Əliyarbəyov 1925-1931-ci illərdə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvlüyünə namizəd seçilib, Azərbaycan SSR Ali Sovetinin 2-ci çağırış deputatı da olub. 1946-1948-ci illərdə Azərbaycan SSR Maarif nazirinin müdafiə işləri üzrə müavini olub, 1948 -ci ildə istefaya çıxıb. 1956-cı il fevral ayının 15-də general Tərlan bəy Əliyarbəyov 63 yaşında Bakı şəhərində vəfat edib. Amma bu gün onun təltifləri barədə də geniş danışılmasını istərdim. Xidmət illərində Tərlan bəy dəfələrlə təltif edilib. Müharibənin ağır sınaqlarında həqiqi sərkərdə şöhrəti qazanan general Tərlan bəy Əliyarbəyovun sinəsini Çar Rusiyasının "Müqəddəs Georgi" ordeninin 4 dərəcəsinə və "Müqəddəs Stanislav" ordeninin 3-cü dərəcələri, Sovet İttifaqının Lenin ordeni, Qırmızı Bayraq, Qırmızı Ulduz ordenləri və çoxlu medallar bəzəyirmiş. Qeyd edim ki, 1769-cu ildə Rusiya imperatoru II Yekaterina tərəfindən təsis olunmuş “Müqəddəs Georgi" ordeni Rus imperiyasının süqutuna qədər dövlətin ən ali hərbi ordeni sayılırmış. "Əla xidmət və cəsurluğa görə" devizini daşıyan "Müqəddəs Georgi" ordeninə yalnız "fövqəladə, xüsusi rəşadət, mərdlik, əla əsgəri qəhrəmanlıq göstərən" hərbi qulluqçular layiq görülürdülər. Bu orden 4 azərbaycanlıya təqdim edilib: Fərrux Ağa Qayıbov, Tərlan bəy Əliyarbəyov, Teymur Ağa Novruzov, Qalib bəy Vəkilov.

- Son olaraq babanızla, onun övladlarına, nəsil şəcərəsinə qoyub getdiyi örnək xatirələrlə bağlı nələri deyərdiniz.

-Bu gün də bəşəriyyəti faşizm girdabından xilas edənlərin ön sıralarında olan general Tərlan Əliyarbəyovun adı fəxrlə yada salınır. Belə ki, Bakıda Fəvvarələr meydanından başlayan və Neftçilər prospektində başa çatan küçə, Şamaxıda əsas küçələrə onun adı verilib, Şamaxı Tarix Diyarşünaslıq Muzeyində generalın ayrıca guşəsi yaradılıb: ona aid olan əşyalar, geyim dəstləri, silahı, təltif olunduğu medalları burada saxlanılır.
Hər il 9 May Qələbə günü bizim üçün çox fərqli olub, Tərlan bəy Əliyarbəyov haqqında danışılan verilişləri, çəkilən filmləri sevərək, qürurlanaraq seyr edir və bizdən sonrakı nəslimizin yeniyetmə və cavanlarına örnək kimi kökümüzün, babasının həyat yolunu təqdim edirik. Sağlam və yaraşıqlı, şəxsiyyətinə qibtə edilən general-mayor Tərlan bəy Əliyarbəyov ona bəxş olan həyatını başı uca yaşamış, Vətənə son nəfəsinə qədər sədaqətlə və namusla xidmət etmiş, nəsil kökü üçün təmiz ad və soyad qoyub. Bu soyadı daşıyan bütün Əliyarbəyovlar onun ruhu qarşısında baş əyir, Vətən uğrunda qanı və canıyla mərdlik, şücaət, sədaqət göstərən babanın övladları olduğumuzu unutmuruq. Bioloji və ictimai varlıq kimi insanlara, iradəsindən asılı olmayaraq, bir ömür payı ayrılıb. Hamı ömrünü yaşayır, sonra isə bu işıqlı dünyanı əbədi olaraq tərk edir. Vəzifə, peşə, məşğuliyyət və sənətindən asılı olmayaraq xoşbəxt o insanlardır ki, onlar Vətəninə, xalqına, millətinə, dövlətinə namusla xidmət edir, el obanın hörmət və məhəbbətini qazanır, insani keyfiyyətləri və sədaqəti ilə xatirələrdən, yaddaşlardan, ürəklərdən heç vaxt silinmir. Tərlan bəy Əliyarbəyov bütün nəslin işıqlı yol göstərən mayakı oldu. Biz onun nəvələri, nəticələri, kötücələri həmişə bu familiyanı alnı açıq, üzü ağ daşıyaraq öz kökümüzlə fəxr etmiş, qürur duymuşuq. Son olaraq qeyd edim ki, əvvəllər Milli Azərbaycan Tarix Muzeyində babamla bağlı ayrıca guşə və yaşadığı binada barelyefi olub. Təəssüf ki, hər ikisi artıq götürülüb... Çox istərdik ki, aidiyyatı qurumlar yenidən bu məsələni diqqətdə saxlasınlar və hər iki xatirə bərpa olunsun. Həmçinin çox istərdik ki, onun qəbri Fəxri xiyabana köçürülsün. Çünki o vaxtı Tərlan Əliyarbəyovun dəfn mərasimini təşkil edən qardaşı, övladları, qardaşı uşaqları sadəlik və təvazökarlıq göstərərək onun Fəxri xiyabanda dəfn olunmasını istəməmişdilər. Bu gün belə bir fəxrli, dünya hərb tarixində izi olan birinin Fəxri xiyabanda olması arzuolunandır.
Tural Tağıyev
Xəbəri paylaş