Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsveçrə-Azərbaycan biznes forumu keçirilib



Newscenter.az.28.06.2019. Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin və AZPROMO-nun təşkilatçılığı ilə İsveçrənin Sürix şəhərində İsveçrə-Azərbaycan biznes forumu keçirilib. “Cənubi Qafqaz bazarları - MDB, Yaxın Şərq və Avropaya qapıdır” mövzusunda təşkil olunan tədbirdə Azərbaycan və İsveçrə tərəfdən rəsmi şəxslərlə yanaşı, energetika, kənd təsərrüfatı, tikinti, turizm, İKT, səhiyyə, qida sənayesi və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Newscenter.az-a İqtisadiyyat Nazirliyindən bildirilib ki, biznes forumda çıxış edən Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova və İsveçrənin İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyinin nümayəndəsi Toni More Azərbaycan-İsveçrə siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, iqtisadi-ticarət əməkdaşlığının inkişaf etdiyini vurğulayıblar.

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Azərbaycan iqtisadiyyatı, ölkəmizdə sahibkarlıq sahəsində aparılan islahatlar, biznes və investisiya mühiti barədə məlumat verib, əlaqələrin genişləndirilməsi imkanlarını diqqətə çatdırıb, İsveçrə iş adamlarını Azərbaycanda yaradılmış əlverişli işgüzar şəraitdən yararlanaraq müxtəlif sahələrə investisiya yatırmağa dəvət edib.

Biznes forumda İqtisadiyyat Nazırliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Nemət Nağdəliyev, “Azərtelekom” MMC-nin baş icraçı direktoru Fuad Allahverdiyev, Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova, Dövlət Turizm Agentliyinin şöbə müdiri Cəmilə Talıbzadə, “Alliance Logistics”in direktoru Natiq Heydərov, “Socar Polymer” MMC-nin baş direktorunun müavini Məmmədəli Hüseynov Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri ilə bağlı təqdimatla çıxış ediblər.

İsveçrəyə səfər çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Turqau Kantonunun Ticarət və Sənaye Palatası arasında keçirilən görüşdə ticarət, investisiya, iqtisadi və texniki sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Görüşün sonunda tərəflər arasında Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumda iqtisadi əməkdaşlığın inkişafı üçün qarşılıqlı dəstək, təcrübə mübadiləsi, hər iki ölkənin sahibkarları arasında əlaqələrin genişləndirilməsi,yeni əlaqələrin yaradılması və s. məsələlər nəzərdə tutulub.

Qeyd edək ki, İsveçrənin Turqau Kantonunun Ticarət və Sənaye Palatası 600-dən çox yerli şirkəti özündə birləşdirir və sənaye, ticarət və xidmət sahələrində fəaliyyət göstərən sahibkarlara müxtəlif xidmətlər göstərir.
Xəbəri paylaş