Newscenter.az.26.07.2019. “Aqrar Tədarük və Təchizat” ASC (ATT) dövlət vəsaitinin səmərəli və qənaətlə istifadə edilməsi, keyfiyyətli məhsul istehsalı və təhlükəsiz qida təminatı, yerli məhsul istehsalçılarının dəstəklənməsi kimi prinsipləri öz fəaliyyətində əsas götürür. Çevik və şəffaf idarəetmənin yaradılması məqsədilə şirkətin əsas işi yerli fermerlər və qida istehsalçıları ilə görüşüb yaxından tanış olmaq, növbəti 2 il ərzində respublika ərazisində regional idarələr, dayaq məntəqələri, anbar,loqistika daxil olmaqla şirkətin infrastrukturunu yaxşılaşdırmaqdır.
Bu məqsədlə qurumun bir sıra rəhbər şəxsləri Şamaxı və Zaqatala Regional İdarələri ilə birgə İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax və Balakən dayaq məntəqələrində və anbarlarında olublar.
Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Qax, Zaqatala və Balakən rayonlarının icra hakimiyyətlərinin təşkilatçılığı ilə yerli fermerlər və onların təsərrüfatları ilə yaxından tanış olunub. Rayonun icra hakimiyyəti başçısı Mübariz Əhmədzadənin və ATT-nin Zaqatala Regional İdarəsinin əməkdaşlarının iştirakı ilə fermer və qida istehsalçıları ilə görüş keçirilib. Görüşdə iştirak edən fermerlərə təşkilatın məqsədi, gələcək fəaliyyəti və icra olunmaqda olan layihələr barədə ətraflı məlumat verilib, onlarla müzakirələr aparılıb.
Nizamnaməyə əsasən Səhmdar Cəmiyyət eyni zamanda fermerləri xarici ölkələrə məhsul ixrac etməyə təşviq etməli və bilavasitə məhsul ixracını təşkil etməlidir. Bu səbəbdən şirkət xaricə ixrac edilə biləcək keyfiyyətdə kənd təsərrüfatı və ərzaq məhsulu olan fermerlərə əməkdaşlıq təklif edir. Belə ki, fermerlər yaşadıqları rayon və ya şəhərlərə uyğun olaraq ATT-nin regional idarələrinə müraciət edə və ətraflı məlumat ala bilərlər.
Orxan