Newscenter.az.19.10.2019. “Daxili İşlər Nazirliyi müxalifətin qeyri-qanuni aksiyası zamanı vətəndaşların təhlükəsizliyini təmin etmək üçün radikal tədbirlərə əl atıb”.
Bu barədə virtualaz.org saytı məlumat yayıb.
Məlumatda hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla bildirilir ki, bu gün saat 12: 00-dan 16: 00-dək metronun “28 May” stansiyasına aparan prospekt və küçələr bağlanacaq (Söhbət həm də Azadlıq prospekti və ona bitişik küçələrdən gedir).
“Bakı Metropolitenin işində də müəyyən dəyişikliklər edilib. Belə ki, saat 13: 00-dan 16: 00-dək qatarlar “28 May” stansiyasında dayanmayacaq, ona və “Cəfər Cabbarlı” stansiyasına giriş bağlanacaq”- deyə sayt bildirir.
Xatırladaq ki, müxalif qüvvələrin birləşdiyi Milli Şura tərəfindən bu gün saat 15.00-da 28 May metrostansiyasının qarşısındakı meydanda razılaşdırılmamış kütləvi aksiya təyin olunub. Hakimiyyət orqanları isə aksiyanın həmin ərazidə keçirilməsinə razılıq verilmədiyini bildirərək təşkilatçılara aksiyanın keçiriləcəyi təqdirdə sərt tədbirlər görüləcəyi haqda xəbərdarlıq edib.