Newscenter.az.10.05.2020. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzumuz isə “Bruselyoz nədir və onunla necə mübarizə aparmalıyıq?” haqqındadır.
Newscenter.az-a AQTA-dan bildirilib ki, bruselyoz yoluxma mənbəyi ancaq heyvanlar olan zoonoz xəstəlikdir. Xatırladaq ki, bruselyoz infeksiyasına ilk yoluxma faktı dünyada 1861-ci ildə, ölkəmizdə isə 1922-ci ildə qeydə alınıb. XX əsrin ortalarına qədər bruselyoza, demək olar ki, dünyanın bütün ölkələrində rast gəlinib. 1940-cı ildə xəstəliyə qarşı mübarizə tədbirlərinin hazırlanması yolları öyrənilməyə başlanılıb və bruselyoz vaksininin hazırlanmasına nail olunub. Beləliklə, 1950-ci ildən dünyada "tam sürünün və ya naxırın kütləvi peyvəndlənməsi" yolu ilə həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində bruselyoza yoluxmanın miqyasını azaltmağa müvəffəq olunmuşdur. Vaxtlı-vaxtında peyvənd aparılması nəticəsində 1980-ci ildən dünyanın bir sıra ölkələrində xəstəlik tamamilə ləğv edilmişdir.
Ölkəmizdə 1937-ci ildən etibarən həyata keçirilən planlı profilaktik tədbirlər nəticəsində bruselyozun baş verməsinin və yayılmasının qarşısının alınmasına nail olunsa da, xəstəlik hələ də tamamilə ləğv edilməyib. Ona görə də respublikada bu il bütün iri və xırdabuynuzlu heyvanlarda bruselyoza qarşı kütləvi peyvəndləmə tədbirlərinə başlanılıb. Peyvəndləmə dövlət vəsaiti hesabına rayon baytarlıq idarələri tərəfindən həyata keçirilir.
Qeyd edək ki, boğaz heyvanların peyvənd olunması bəzi hallarda balasalma ilə nəticələnə bilər. Ancaq balasalma heyvanın sonrakı sağlamlıq və nəsilvermə qabiliyyətinə heç bir mənfi təsir etmir. Heyvan sahibləri və baytarlıq mütəxəssisləri arasında sıx işbirliyi yaradılsa, balasalmaya yol vermədən peyvəndləməni aparmaq olar.
Bruselyoza yoluxub-yoluxmadığına əmin olmaq üçün təsərrüfat sahibləri heyvanları baytarlıq mütəxəssisləri tərəfindən mütəmadi müayinə etdirməli, həyata keçirilən planlı diaqnostika və profilaktika tədbirlərinin icrasına şərait yaratmalıdırlar. Mal-qarada bruselyoz xəstəliyinin əlamətləri müşahidə edildikdə və ya bu xəstəliyin olmasına şübhə (balasalma, oynaqlarda şişkinlik və s.) yarandıqda Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinə və rayon baytarlıq idarələrinə məlumat verilməlidir. Xəstəliyi təsdiq edilmiş heyvanın təsərrüfatdan çıxarılması üçün müvafiq baytarlıq təlimatlarına uyğun tədbirlərin və göstərişlərin icra edilməsi vacibdir. Bununla yanaşı heyvanlar saxlanılan bina, həyət, qulluq əşyaları və s. dezinfeksiya edilməlidir. Unutmayın ki, bruselyoz infeksiyasına yoluxmuş heyvan nəinki digər sağlam mal-qaraya, hətta insanlar üçün təhlükə yaradır. Bruselyoz xəstəliyinə yoluxma qaynadılmamış və ya pasterizə olunmamış süd və belə süddən hazırlanmış qida məhsullarının (pendir, xama, yağ, qaymaq və s.) istifadəsi və yaxşı bişirilməmiş ət və ət məhsullarının qidaya qəbul edilməsi nəticəsində baş verə bilər. Xəstə heyvanla təmas zamanı, heyvanın kəsilməsi, emalı, yununun qırxılması, balasalma və ya balalama zamanı yardım göstərilməsi, heyvanlara qulluq edilən zaman xəstəliyə yoluxma mümkündür. Heyvanda bruselyoz infeksiyasının olması təsdiqini taparsa, fermer və fərdi təsərrüfat sahibləri xəstəliyə yoluxmuş heyvanın məhsullarından istifadə edən şəxsləri təsərrüfatın sağlamlıq vəziyyəti barədə məlumatlandırmalıdır. Xəstəlik əlamətləri olan mal-qara və ya onların saxlandığı yerlərlə təmasda olan, həmin heyvanlardan əldə olunmuş məhsullardan istifadə edən hər kəs bruselyoza qarşı müayinə edilməlidir.
Bruselyoza qarşı əsas profilaktik tədbir xəstəlik törədicisinin kənardan gətirilməsinin qarşısını almağa yönəldilməlidir. Belə ki, fermer və fərdi təsərrüfat sahibləri təsərrüfata yeni heyvanlar, heyvandarlıq məhsulları, yemlər, qulluq əşyaları və s. gətirməzdən əvvəl onların gətirildiyi obyektin sağlamlığına əmin olmalıdırlar.
Təsərrüfatda baytarlıq-sanitariya və şəxsi gigiyena qaydalarının gözlənilməsini təmin etmək bruselyozun profilaktikasında zəruri şərtdir. Mal-qaranı bu yoluxucu xəstəlikdən qorumaq üçün baytarlıq mütəxəssisləri tərəfindən həyata keçirilən planlı diaqnostika və profilaktika tədbirlərindən heyvanları yayındırmamaq tövsiyə olunur.
Orxan