Newscenter.az.14.05.2020. Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə gənclər təşkilatları ilə onlayn məsləhətləşmələr baş tutub.
Fondun mətbuat xidmətindən Newscenter.az-a bildirilib ki, görüşün məqsədi pandemiya dövründə gənclər təşkilatlarının fəaliyyətinin stimullaşdırılması, 14-cü qrant müsabiqəsinə təqdim olunan layihələrin qiymətləndirmə və icra mexanizmlərinin müzakirə edilməsi olub. Görüşdə 100-ə yaxın gənclər təşkilatının səlahiyyətli nümayəndəsi iştirak edib.
İştirakçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə dövlətimizin həyata keçirdiyi tədbirlərə dəstək olmaq məqsədilə gənclər təşkilatlarının da öz fəaliyyətlərini genişləndirməli və şaxələndirməli olduqlarını bildirib. Gənclər təşkilatlarına Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini, koronavirusla mübarizə tədbirləri ilə bağlı maarifləndirici materialların gənclər arasında geniş yayılmasına dəstək olmaları tövsiyə olundu. Qeyd edilib ki, xüsusi karantin rejimi ilə bağlı kütləvi tədbirlərin təxirə salınmasını nəzərə alaraq, bu cür görüşlərin videobağlantı formatında davam etdirilməsi gənclərlə iş sahəsində fəaliyyətin fasiləsizliyinin təmin olunmasına şərait yaradır.
Fondun nümayəndələri gənclər təşkilatlarının təmsilçilərinin çoxsaylı sualları cavablandırıb, təklifləri dinləyib. Daha sonra görüş gənclər təşkilatlarının layihə müraciətlərinin pandemiya dövrünün tələblərinə uyğun olaraq yenidən baxılması, layihələrin adaptasiyası və sair mövzular ətrafında müzakirələrlə davam etdirilib.
Sevinc