Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Komitəsinin “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub



Newscenter.az.15.05.2020. Mayın 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmi Facebook səhifəsində “Virtual qəbul otağı”nın növbəti canlı yayımı olub. Səhifə izləyicilərinə əvvəlcədən bildirildiyi kimi, bu dəfəki canlı yayımda komitənin Miqrasiya, məşğulluq, status və sosial təminat şöbəsinin müdiri Sənan Hüseynov, Mənzil-istismar departamentinin direktoru Səbuhi Əhmədov, Repatriasiya departamentinin direktoru Natiq Hüseynov iştirak ediblər. Canlı yayıma komitənin mətbu orqanı olan “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev moderatorluq edib.

Newscenter.az xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimində Dövlət Komitəsinin işinin təşkili, ölkə rəhbərinin qarşıya qoyduğu vacib və təxirəsalınmaz vəzifələrin icrası vəziyyəti barədə sosial şəbəkə istifadəçilərinə ətraflı məlumat verilib. Canlı yayımın iştirakçıları vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirib, onların bir çoxunun suallarını dərhal cavablandırıblar. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial təminat, kommunal xidmətlər, qeydiyyat və s. məsələlərlə bağlı müraciətləri üstünlük təşkil edib. Araşdırılması müəyyən vaxt tələb edən müraciətlərin müəlliflərinə özləri haqqında məlumatı və əlaqə üçün telefon nömrəsini mesaj vasitəsilə səhifənin administratoruna göndərmək təklif olunub. Həmin müraciətlərin mövcud qanunvericilik çərçivəsində cavablandırılacağı bildirilib.

Facebook sosial şəbəkəsi, öz ənənəsinə uyğun olaraq, canlı yayımı Dövlət Komitəsinin rəsmi səhifəsində arxivləşdirib. Şəbəkə istifadəçilərinin həmin səhifədə “Virtual qəbul otağı”nda indiyədək keçirilmiş bütün canlı yayımların videosunu izləmək, onun rəy bölməsinə yazılanlarla tanış olmaq imkanı vardır.

Xüsusi karantin rejimi müddətində komitənin vəzifəli şəxslərinin videoqəbulu və “Virtual qəbul otağı”ndan canlı yayım davam etdiriləcək. Bu barədə komitənin rəsmi Facebook səhifəsində əvvəlcədən müvafiq məlumat yerləşdiriləcəkdir.

Xatırladaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz işini qlobal pandemiya ilə əlqədar ölkəmizdə elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun şəkildə qurub. Hər həftənin çərşənbə axşamı Dövlət Komitəsinin sədri, digər iş günlərində sədr müavinləri, aparat rəhbəri, şöbə müdirləri, departament direktorları vətəndaşların qəbulunu onlayn - videoqəbul formatında keçirirlər.

Sevinc
Xəbəri paylaş