Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib



Newscenter.az.20.05.2020. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mayın 19-da növbəti videoqəbul keçirib. Komitə sədri əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

Newscenter.az-a Dövlət Komitəsindən bildirilib ki, müraciətlər, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, vahid aylıq müavinətin təyin edilməsi və məşğulluq məsələləri ilə bağlı olub. Vətəndaşlara məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınır, onlara mənzillərin verilməsində ədalət və şəffaflıq təmin edilir. Bildirilib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ən ağır vəziyyətdə və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı tapşırığının icrası davam etdirilir.

Videoqəbul dörd saatdan çox davam edib. Əksəriyyəti məcburi köçkün olan 40-dan çox vətəndaşın müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınıb.

Qeyd edək ki, komitədə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, digər vəzifəli şəxslərin də videoqəbulları davam etdiriləcəkdir. 012 525-41-03 və ya 055 900-12-40 nömrəli telefonlara zəng etməklə komitənin vəzifəli şəxslərinin onlayn rejimdə qəbuluna yazılmaq olar. Bu zaman vətəndaş özü haqqında məlumat, əlaqə üçün telefon nömrəsi verməli və hansı vəzifəli şəxsin qəbulunda olmaq istədiyini bildirməlidir. Videoqəbul növbəlilik əsasında, vətəndaşlara Komitədən zəng edilməklə aparılır.

Sevinc
Xəbəri paylaş