Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev: “Azərbaycanda lazım olmayan layihələr icra edilir”



Newscenter.az.6.08.2020. “Azərbaycanda israfçılığa yol verilir, bəzi hallarda lazım olmayan layihələr icra edilir, yaxud da bu layihələrin icrasına start verilir”.

Bunu Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə bildirib.

“Bu layihələr başa çatandan sonra aydın olur ki, bunun səmərəsi yoxdur. Burada, əlbəttə ki, həm idarəetmədə mövcud olan pozuntular, eyni zamanda, bəzi hallarda şəxsi maraqlar rol oynayır. Mən demişəm, bir daha demək istəyirəm ki, dövlət büdcəsinin formalaşması ərəfəsində, müzakirə zamanı bütün dövlət şirkətlərindən sifarişlər gəlir - buraya bu qədər, oraya bu qədər vəsait verin. Biz əlbəttə ki, sosial infrastruktur layihələrinə bundan sonra da dövlət vəsaiti ayıracağıq. Halbuki baxmaq lazımdır, burada da dövlət-özəl sektor tərəfdaşlığı mümkündür, inkişaf etmiş ölkələrdə bu, var. Amma, necə deyərlər, əsas layihələr üçün tələblər dövlət şirkətlərindən büdcə müzakirə olunan zaman gəlir ki, bu qədər vəsait verin bu işi görək. Lakin bu işin səmərəliliyinə heç kim baxmır - bu iş görülməlidir, yaxud görülməməlidir? Bu iş bu ilmi görülməlidir, yoxsa 2 il gözləyə bilər? Buna da heç kim baxmır. Nəzarət aşağı səviyyədədir. Ona görə bu məsələyə mütləq diqqət yetirilməlidir”, - deyə o, qeyd edib.

“Mən bir daha demək istəyirəm ki, əsas məsələ insanların sağlamlığı, onların sosial vəziyyəti və bizim iqtisadi dayanıqlılığımızdır. Çünki əgər bu, olmasa, bu birinci iki vəzifəni biz icra edə bilməyəcəyik. Bizim güclü iqtisadi imkanlarımız olmasa, bütün niyyətlərimiz kağızda qalacaq. Ancaq biz istəyirik bu işləri elə görək ki, ölkə inkişaf etsin, ölkənin gələcəyi qeyri-neft sektorunun inkişafı hesabına təmin edilsin. Əlbəttə, makroiqtisadi vəziyyətin sabit qalması sevindirici amildir, inflyasiya təqribən 3 faiz ətrafındadır və artıq məlumat verildi ki, bizdə xarici borc artmayıb. Ümumi daxili məhsula nisbətdə ola bilsin ki, artıb, çünki ümumi daxili məhsul bizdə azalır və azalacaq. Ancaq bizdə mütləq rəqəmlərdə xarici borc artmayıb və hesab edirəm ki, ilin sonuna qədər azalmalıdır”, - deyə dövlət başçısı əlavə edib.
Xəbəri paylaş