
"Ölkə başçısının keçirdiyi müşavirədə əslində dağ-mədən və metallurgiya sənayesi ilə bağlı kifayət qədər detallı məsələlər öz əksini tapdı. Amma səsləndirilən fikirləri, Dövlət Proqramının əsas istiqamətlərini, perspektivləri və gözləntiləri mümkün qədər yığcam şəkildə media üçün aşağıdakı kimi şərh edərdim.
Belə ki, 2027-2030-cu illəri əhatə edən Dövlət Proqramının mahiyyəti yeni yataqların istismarı və hasilatın artırılması yox, Azərbaycanın mineral ehtiyatlarını yeni qeyri-neft gəlir mənbəyinə çevirmək, xammal ixracından daha yüksək əlavə dəyər yaradan istehsala keçməkdir".
Newscenter.az xəbər verir ki, bunları iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, buna görə də 4 il ərzində sektora 5,3 mrld. manat investisiya nəzərdə tutulur:
"Bunun təxminən 80% qeyri-büdcə mənbələri hesabına formalaşmalıdır. 2030-cu ilədək sektorun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 mlrd. manata, illik ixrac potensialının isə 1,3 mlrd. manatdan 3,4 milyard manata çatdırılması hədəflənir.
Əsas dəyişiklik isə rəqəmlərdən daha çox istehsal modelində olacaq. Filizi çıxarıb satmaq əvəzinə hasilat, zənginləşdirmə və emaldan mümkün olan sahələrdə son məhsula qədər ölkədaxili dəyər zəncirinin qurulması nəzərdə tutulur. Daşkəsəndə filiz hasilatı ilə yanaşı zənginləşdirmə, pelet və isti briketləşdirilmiş dəmir istehsalının yaradılması bunun konkret nümunəsidir".
O qeyd edib ki, digər böyük layihə Filizçay yatağıdır. Burada 34 illik istismar dövründə 363 min ton mis, 2,7 milyon ton sink və 1 milyon ton qurğuşun resursunun hasilata cəlb edilməsi planlaşdırılır:
"Layihə üzrə təxminən 1 milyard manat investisiya tələb olunur. Burada da əsas iqtisadi imkan təkcə hasilat deyil, həmin resursların mümkün qədər ölkə daxilində emal edilərək daha yüksək dəyərli məhsula çevrilməsidir.
Kəlbəcər, Ağdərə və Zəngilanda məlum yataqlarla yanaşı müasir üsullarla yeni geoloji kəşfiyyat nəzərdə tutulur. Ona görə həmmin ərazilərin real mineral potensialının hazırda məlum olan ehtiyatlardan daha böyük olması mümkündür. Bunu qarşıdakı geoloji tədqiqatlar daha dəqiq göstərəcək.
İndi isə proqramdan kənar bəzi subyektiv fikirlərimi qeyd edim.
Məncə, qarşıdakı mərhələdə əsas məsələlərdən biri 5,3 milyard manatlıq investisiyanın ölkə daxilində qalma səviyyəsini ölçmək olmalıdır. Yəni bu vəsaitin nə qədəri xaricdən alınan avadanlıq və xidmətlərə gedəcək, nə qədəri yerli şirkətlərin gəlirinə çevriləcək? Böyük investisiyanın iqtisadi effektini qiymətləndirərkən bu göstərici də vacibdir.
Eyni yanaşma ixraca da tətbiq edilə bilər. 3,4 milyard manatlıq ixracın strukturuna baxmaq lazımdır. Bunun nə qədəri xammal, nə qədəri yarımfabrikat, nə qədəri daha yüksək emal səviyyəli məhsul olacaq? Məncə, gələcədə sektorun uğurunu yalnız ixracın məbləği ilə deyil, ixrac edilən məhsulun yaratdığı əlavə dəyərlə də ölçmək lazımdır.
Digər məsələ mineral ehtiyatların tükənən sərvət olmasıdır. Bu sahədən əldə ediləcək əlavə gəlirlərin müəyyən hissəsinin gələcəkdə gəlir yaradacaq yeni istehsal, texnologiya və insan kapitalına çevrilməsi uzunmüddətli baxımdan vacibdir".
Süleyman












































