Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çıxış Azərbaycan iqtisadiyyatının konturlarının istiqamətinin müəyyənləşdirilməsi kimi dinlənildi

Çıxış Azərbaycan iqtisadiyyatının konturlarının istiqamətinin müəyyənləşdirilməsi kimi dinlənildi


Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın iqtisadi inkişafı suverenliyin bütün imkanları müstəvisində dövlət üçün prioritet oldu. Sənayenin inkişafı bütün sahələr üzrə yeni texnologiyalar əsasında quruldu, mütəxəssis hazırlığı mərhələlərlə həll edildi.

Ölkənin iqtisadi inkişafı bütün sahələri əhatə edəndə daha böyük qüdrət yaradır. “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsi ilə respublikamızda yeni, müasir sənaye istiqaməti yaradıldı, iqtisadi fəaliyyətinin perspektivləri müəyyənləşdirildi. Bu proqrama həsr olunmuş müşavirədə çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son vaxtlar bir neçə Dövlət Proqramı qəbul edildiyini, bu proqramların çox konkret olduğunu, qısamüddətliliyini, son məqsədə çatmaq üçün həm dövlət büdcəsində növbəti illər üçün maliyyə təminatını, həm də investisiya proqramında kifayət qədər vəsait nəzərdə tutulduğunu, bu proqramların icra və nəzarət mexanizmlərinin tam hazır olduğunu xatırladaraq Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin şəbəkəsinin genişləndirilməsinə də diqqət yetirildiyini bildirərək dedi: “Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə Azərbaycanın təbii resurslarının işlənməsini, onlardan bu sahə üzrə istehsal prosesinin gücləndiriləcəyini, qəbul olunmuş proqramların 4 il ərzində icra olunacağını bildirən, Azərbaycanda qazlaşmanın səviyyəsinin 96 faiz olduğunu, 25 milyard kubmetrdən çox qaz ixrac edildiyini də xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “...20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq. Bizim öz imkanlarımız çox məhdud idi. Bu gün isə ölkəmizdə qazlaşmanın səviyyəsi 96 faizdir və biz 25 milyard kubmetrdən çox qaz ixrac edirik. Daxili tələbat bundan qat-qat aşağıdır. Biz elektrik enerjisi ilə bağlı bütün məsələləri həll etdik və çox güclü potensial yaratdıq. Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür. Müəyyən həcmdə ixrac da edilir, amma növbəti illərdə bu ixrac genişmiqyaslı olacaq, xüsusilə nəzərə alsaq ki, dünya bazarlarında enerji resursları ilə bağlı – elektrik enerjisi, yanacaq, təbii qaz, bütün bu əsas enerji təhlükəsizliyini təmin edən bu məhsullarla bağlı böyük narahatlıq var, qıtlıq var. Yəni dünya mənzərəsi göz önündədir. Ona görə bütün bu işlərin vaxtında görülməsi ilə bağlı atdığımız addımlar bizi böyük problemlərdən sığortaladı...”...

Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair ilk Proqramın 2004-cü ilin əvvəlində qəbul edildiyini, bu Proqramın 2003-cü ildə keçirilmiş prezident seçkilərindən sonra qəbul edilmiş ən mötəbər proqram olduğunu, sonralar bir neçə beşillik proqramın da qəbul olunduğunu, bu layihələrin icrasının davam etdiyini bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün mötəbər toplantılarda, eləcə də bütün beynəlxalq tədbirlərdə Ermənistanın elan etmədən apardığı müharibədən də söz açır, Ermənistanın Azərbaycana milyardlarla hesablanan zərər vurduğunu da qeyd edir. Bu, dünya dövlətlərinə Ermənistanın hansı səviyyədə işğalçı dövlət olduğunun təsdiqi kimi dinlənilir. Dövlət başçımız bu müşavirədə bildirdi ki, Ermənistan işğal dövründə Kəlbəcərdə, Laçında, Zəngilanda 60 min hektar meşə fondunu məhv edib. Bu fakt Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfərin qüdrətinin haradan qaynaqlandığını göstərir. Dövlət başçımız dedi: “Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi. Təkcə onu demək kifayətdir ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib, kəsilib, satılıb və artıq İkinci Qarabağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt verilmişdi. Hamının yaxşı xatirindədir, onlar həm ağacları məhv edirdilər, həm də santexnikanı yaddan çıxarmayıblar. Görünür, onlar üçün ən qiymətli iki məsələ var idi: biri Azərbaycan təbiətini tamamilə məhv etmək, ikinci də ən qiymətli santexnika cihazlarını özləri ilə aparmaq. O işğal dövrünün onlar üçün əsas yadigarı yəqin ki, odur”.

Gələn ildən Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işlərinin başlayacağını, fəaliyyətin həm dövlət xətti ilə, həm də özəl sektorun iştirakı ilə qurulduğunu, Avropa qitəsində ən perspektivli yataqlardan birinin Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağının olduğunu, Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədinin dağ-mədən sənayesinin inkişafı ilə bağlılığını da bildirən dövlət başçımız bu sahə üzrə fəaliyyətin uğurlu perspektivlərindən də danışdı: “Bu proqramın maliyyə təminatı bəllidir, bütün müvafiq qurumlarla razılaşdırılıb və biz bu proqramı istənilən halda icra edəcəyik. Amma eyni zamanda, əgər yerli və xarici investorlar maraq göstərsələr, müəyyən faiz səviyyəsində onların iştirakı da mümkündür. Olsa yaxşıdır, olmasa da yaxşıdır. Onsuz da biz bunu edəcəyik. Amma mən hesab edirəm ki, sahə, düzdür, maliyyə tutumludur, ancaq gəlirlidir. Xüsusilə bu gün qiymətli metalların dünya bazarlarındakı qiyməti kifayət qədər yüksəkdir və yəqin ki, aşağı-yuxarı bu səviyyədə belə də qalacaq. Ona görə həm maliyyətutumludur, həm də ki, gəlirlidir. Ona görə yerli və xarici investorlara da mesajımız budur ki, qapılar açıqdır. Proqram dərc olunacaq, görüləcək bütün işlər orada sadalanır. Hər kəs tanış ola bilər. Əgər maraq doğursa, onda xarici investorları da biz cəlb edə bilərik. Yekun olaraq bu bizə nə verəcək? Qeyd etdiyim kimi, yeni bir güclü sənaye istiqaməti yaradılacaq. Beş mindən çox, bəlkə də daha çox yeni iş yeri yaradılacaq. İşğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun inkişafı, orada məşğulluğun artırılması daha sürətlə gedəcək. Ölkə büdcəsinə vergilər şəklində böyük vəsait daxil ediləcək, güclü ixrac potensialı yaradılacaq. İndi bunu demək bəlkə də bir qədər tezdir. Amma gözlənilən illik müsbət maliyyə təsiri bir milyard manatdan daha çox olmalıdır. Yəni son rəqəm demək istəmirəm. Amma bunlar milyardlarla manat səviyyəsində ölçülə biləcək layihələrdir...”...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı həm tarixi müstəvidə Azərbaycan dövlətinin qüdrətinin səviyyəsinin göstəricisi kimi, həm də Azərbaycan iqtisadiyyatının konturlarının istiqamətinin müəyyənləşdirilməsi kimi dinlənildi. Azərbaycanda da, xaricdə də...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı





.
Xəbəri paylaş