Newscenter.az.10.11.2020. Bu gün tarixi bir gündür. Bu gün Azərbaycan üçün Qələbə günüdür. Bu gün Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Ermənistan həm hərbi meydanda həm də siyasi meydanda məğlub oldu. İmzalanmış üçtərəfli bəyanat Azərbaycanın qələbəsini, Ermənistanın məğlubiyyətini beynəlxalq səviyyədə rəsmiləşdirdi.
Bu Azərbaycan xalqının, Müzəffər Azərbaycan Ordusunun və Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin zəfəridir, tarixi qələbəsidir. Fəxr edirəm və çox şadam ki, 200 ildən çox davam edən bu münaqişənin həm hərbi həm də siyasi həllinə şahid oldum.
Tarixi bəyanata əsasən Azərbaycan Respublikası işğaldan azad etdiyi mövqelərdə, o cümlədən Şuşada qalır. Ermənistan 15 noyabr tarixinə kimi Kəlbəcər rayonunu, 20 noyabr tarixinə kimi Ağdamı, 1 dekabr tarixinə kimi Laçın rayonunu qeyd-şərtsiz Azərbaycan Respublikasına qaytarır.
Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağ ərazisinə və ətraf rayonlarına geri qayıdır. . Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq!
Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Bu o deməkdir ki, muxatariyyət də yoxdur, status da yoxdur. Bitdi. Həmin ərazidə Dağlıq Qarabağ adlı hər hansı bir qurum da yoxdur. Dağlıq Qarabağ, o cümlədən Xankəndi, Xocalı, Ağdərə və Xocavənd də Azərbaycanın inzibati ərazi vahididir. Biz ikinci erməni dövlətinin Azərbaycan torpağında yaradılmasına imkan vermədik. Dağlıq Qarabağ Azərbaycandır!
Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizi yaradılır və təhlükəsizliyinə beynəlxalq təminat verilir. Bu müddəa da çox vacibdir. Bu məsələnin bəyanata daxil edilməsi və Ermənistan rəhbərliyinin buna imza atmasına məcbur edilməsi böyük siyasi qələbədir.
Bəyanatdakı sülhməramlılarla bağlı qeyd etmək istəyirəm ki, əslində bu müddəa ən çox bizim lehimizədir. Bu münaqişə İsrail Fələstin münaqişəsi kimi uzun illər davam edə bilməz. İstisna deyil ki, torpaqlar işğaldan azad ediləndən sonra ermənilər yenidən hücum cəhdi etsin və mülki əhaliyə atəş açsın. Bununla bağlı olaraq, tərəflərin bu bəyanata əməl etməsi üçün sülhməramlı mərkəz yaradılır. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Ermənista silahli qüvvələri heç vaxt risk edib rus və türk əsgərlərinə atəş aça bilməz!
Beləliklə Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdır.
Ən vacib məsələ isə Dağlıq Qarabağdan Ermənistan silahlı qüvvələri tamamilə çıxardılır.
Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!
Kamal Cəfərov-Milli Məclisin deputatı