
Yaponiya hökuməti Yeddilik (G7) ölkələri ilə sıx əməkdaşlıq çərçivəsində Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqi imkanlarını nəzərdən keçirəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi növbəti mətbuat konfransında bildirib.
"Ukraynada sülhün tezliklə əldə edilməsi üçün lazım olanlara əsaslanaraq müəyyən addımların atılması zərurəti ilə bağlı qərarlar qəbul etməyə davam edəcəyik və bu istiqamətdə beynəlxalq ictimaiyyətlə, ilk növbədə G7 ilə sıx əməkdaşlıq edəcəyik. Bizim əsas mövqeyimizdə heç bir dəyişiklik yoxdur" deyə o, bildirib.
Hayaşi xatırladıb ki, Yaponiya hökuməti 2022-ci ilin yazından etibarən Rusiyaya qarşı bir neçə sanksiya paketi tətbiq edib. Bundan sonra Rusiya sülh müqaviləsi üzrə Yaponiya ilə məsləhətləşmələri dayandırıb. Moskva həmçinin Kuril adalarının cənubunda birgə iqtisadi fəaliyyətlərin yaradılması ilə bağlı danışıqlardan geri çəkilib və keçmiş yapon sakinlərinin oraya səfərləri dayandırılıb.
Mehman Mehdiyev