
Əsasən Rusiyada fəaliyyət göstərən “Taşir” şirkətlər qrupunun sahibi, Ermənistanda hakimiyyəti güc yolu ilə devirməklə təhdid etdiyi üçün həbsdə olan milyader Samvel Karapetyan öz siyasi komandasını yaradacağını bəyan edib. O, artıq bu işin getdiyini bildirib. Karapetyan eyni zamanda Nikol Paşinyanın siyasətinə qarşı çıxan bütün müxalifət hərəkatlarına hörmətlə yanaşdığını vurğulayıb. Samvel Karapetyan iyunun 18-də hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar etmək ittihamı ilə iki ay müddətinə həbs edilib. Onun bəyanatından sonra hakimiyyət Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsi və hərraca çıxarılması barədə qərar qəbul edib. Baş verən hadisələr Rusiyanın Ermənistanda dövlət çevrilişi etmək niyyətindən xəbər verir. Bir müddət əvvəl Ermənistanın kurasiyasının Rusiya Prezident Administrasiyasının rəhbərinin müavini Sergey Kiriyenkoya həvalə edildiyi barədə məlumat yayılmışdı. Kiriyenko Karepetyanla isti münasibətlərə malik olması, həmçinin bundan əvvəl də milyarderin Paşinyanı tənqid edən açıqlamalar verməsi onun yeni müxalifət kimi meydana çıxmasına şərait yaratdı. Karepetyanı digər müxalifətçilərdən fərqləndirən əsas cəhət də bundan əvvəl siyasi proseslərdə iştirak etməməsi və Ermənistan daxilində güclü iqtisadi dəstəyinin olmasıdır. Ancaq hakimiyyəti ələ keçirmək milyarderə güclü sosial dəstək lazımdır. Ermənistanda hazırda müxalifət hazırda müxtəlif qruplara bölünüb. Bir tərəfdə əvvəlki hakimiyyətin - Köçəryan - Sarkisyan qrupunun tərəfdarları, digər yanda keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi " kilsə müxalifəti ", başqa bir tərəfdə isə Rusiyaya nifrət edən və Paşinyanı dəstəkləməyən qərb meyilli müxalifət. Karepetyan yalnız kilsə tərəfdarlarını prosesə cəlb edə bilər. Onun baş yepiskop Qaragenlə münasibətlərinin yaxşı olması, eyni zamanda kilsə rəhbərliyə ortaq biznes əlaqələrini idarə etməsi bu ehtimalı daha da artırır. Samvel Karepetyana çətinlik yaradan digər amil Rusiyaya bağlı olması və erməni cəmiyyətində buna görə ona qarşı aqressiyanın olmasıdır. Paşinyan Samvel Karepetyana bağlı biznes qurumlarının ələ keçirdikdən sonra Kreml də onu cavabsız qoymadı və Rusiyada erməni baş nazirinin biznesinin əsas idarəçisi olan Karen Karparyanı ölkədən deport etdi. Bu Kremlin Paşinyana ciddi xəbərdarlığı idi. Eyni zamanda, Rusiyanın Ermənistanda hərbi aktivliyini gücləndirməsə də bu ölkə daxilində çevriliş ehtimalını artırır.
Zeynal Əmrəliyev, politoloq