
"İranın ali dini lideri Əli Xamenenin müşaviri Əli Əkbər Vilayəti Pakistan daxili işlər naziri Seyid Möhsün Nəqvi ilə görüşü zamanı Azərbaycan əlehinə fikirlər səsləndirib. İlk öncə onu qeyd etmək lazımdır ki, Əli Əkbər Vilayəti siyasi fiqur olaraq hər zaman anti-Azərbaycan ritorikası ilə seçilib. O, İran siyasi elitasında fəal ermənipərəst mövqeyi ilə seçilən şəxslərdən biridir.
Lakin Vilayətinin fikirləri son dövrlərdə dinamik şəkildə inkişaf edən İran-Azərbaycan əlaqələrinə ziddir. Bu isə onu göstərir ki, İran daxilində qütbləşmə çox kəskin xarakter daşıyır. Ayrı-ayrı qruplar öz siyasi maraqları əsasında hökumətin qərarlarına təsir etməyə çalışır".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Pərviz Mirizadə səsləndirib. O deyib ki, Əli Əkbər Vilayəti ölkəmizi İsraillə əməkdaşlıqda və ümumilikdə, İslam dünyasının maraqlarına zidd addımlar atmaqda ittiham edir:
"Lakin unutduğu bir məqam var ki, təmsil olunduğu siyasi konfiqurasiya uzun müddət məhz İslam dünyasında parçalanmaya zəmin yaradıb, minlərlə günahsız insanların həyatını itirməsinə səbəb olub. Azərbaycan bu gün istər Suriyada, istərsə də Fələstində siyasi istoqrarın olmasında maraqlıdır və bu istiqamətdə öz töhfəsini verir. Son olaraq Suriya keçid hökumətinin prezidenti Əhməd əş-Şaraanın ölkəmizə səfərə gəlməsi bunun bariz nümunəsidir".
Pərviz Mirizadə qeyd edib ki, Azərbaycanın Avrasiya məkanında fəal aktorlardan biri kimi özünü təsdiq etməsi, öz reputasiyasını gücləndirməsi və ən əsası regionda Rusiya - İran kimi güclərə rəğmən müstəqil siyasət aparması çoxlarını Vilayəti kimi düşünənləri narahat etməyə bilməz:
"Lakin onlar başa düşmür ki, Azərbaycan qlobal müstəvidə yaşanan titrəyişləri fürsətə çevirən nadir ölkələrdəndir. Bu tip ritorikalarla ölkəmizə zərər vurmaq mümkünsüzdür".
Süleyman