Newscenter.az.10.11.2020. Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanmış birgə sazişə əsasən 1960 hərbçidən, 90 zirehli transportyordan və 380 vahid avtomobil texnikasından ibarət olan sülhməramlı qüvvələrin Qarabağda yerləşdirilməsi başqa dövlətin ordusu demək deyil. Münaqişə tərəflərinin razılaşdırmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədi ilə atəşəkəsə nəzarət üçün Sülhməramlı Mərkəz yaradılır.
Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etməsi ümumilikdə sentyabrın 27-dən başlanmış müharibənin aqibətini həll etdi. Bundan dərhal sonra bir gündə 72 yaşayış məntəqəsinin və 8 strateji yüksəkliyin azad olunması Ermənistan tərəfinin ağ bayraq qaldırmasına səbəb oldu. Dünən Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə video-konfrans formatında keçən kapitulyasiya şərtləri əsasında razılaşma sənədinin imzalanması Azərbaycan Ordusunun Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdiyini sübut etmiş oldu. Bu gün bütün dünya azərbaycanlıları qürur və qələbə gününü qeyd edir. Artıq 10 noyabr yeni Azərbaycan tarixinin ən əlamətdar günlərindən biri olaraq yaddaşlara həkk olundu. Bu gün 30 ilə yaxındır ki, həsrətlə gözlədiyimiz, bəlkə də bəzilərinin artıq gözləməkdən də əl çəkdiyi müjdəli xəbərin gəldiyi gündür. 30 ilə yaxındır ki, davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, ermənilərin arzusu, Dağlıq Qarabağın “statusu” məsələsinə son qoyuldu. İşğalda olan bütün torpaqlarımız erməni silahlı qüvvələrindən azad edildi. Bununla da bütün məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar. Azərbaycanla Ermənistan arasında yalnız dövlət sərhəd xətti mövcud olacaq və Sülhməramlı Mərkəz yaradılacaq. Bu Mərkəzdə Türkiyə və Rusiya hərbçiləri fəaliyyət göstərəcək. Qürurverici haldır ki, bütün azad olunmuş torpaqlarımızda Azərbaycan Respublikasının qanunları tətbiq olunacaq, yalnız Azərbaycan manatı dövriyyəyə buraxılacaq və Azərbaycan Polisi xidmət göstərəcək. Tarixi, siyasi və iqtisadi əhəmiyyətə malik olan Naxçıvanla Azərbaycanın arasında isə bütün kommunikasiya xəttləri yenidən bərpa ediləcəkdir.
İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının lazım gələrsə bir yumruq kimi necə birləşdiyini də əyani göstərdi. Azərbaycanda yaşayan hər bir kəsin milliyətindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq Vətən uğrunda canından keçməyə hazır olduğunu göstərdi. Bugün şəhidlərimiz arasında milliyəti azərbaycanlı olmasa da qəlbi Azərbaycanla döyünən rus, yəhudi və digər etnik mənsubiyyəti fərqli olan vətəndaşlarımız da var. Biz onların hər biri ilə fəxr edirik. Azərbaycan xalqı öz övladları ilə fəxr edir.
Sonda bir daha xalqımızı öz adımdan və təmsil etdiyim 96 saylı Goranboy-Naftalan seçki dairəsinin çoxminli seçiciləri adından şanlı qələbəmiz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Xalqımızın gözü aydın, şəhidlərimizin ruhu şad olsun deyirəm. Qələbə bizimdir! Yaşasın Ordumuz! Yaşasın Ali Baş Komandan!
Şuşa bizimdir! Qarabağ bizimdir! ifadəsi Qələbəmizin Rəmzidir!
Anar MƏMMƏDOV-Milli Məclisin deputatı