Newscenter.az.13.11.2020. Nikol Paşinyan Vladimir Putinə qarşı əməlli-başlı dirəniş göstərməyə başlayıb.
Qarabağdakı məğlubiyyətə görə İrəvanda Baş nazirin və komanda üzvlərinin istefasını tələb edən şəxslərin kütləvi həbsinə başlanılması o deməkdir ki, Paşinyan hələ də onu hakimiyyətə gətirən və qarşısına ciddi öhdəliklər qoyan amerikalıların müdaxiləsinə və dəstəyini əldə edəcəyinə ümidini itirməyib, vaxtı uzatmağa çalışır.
Məlumat üçün bildirək ki, hələ ötən il Rusiyanın hərbi kəşfiyyatına yaxın media resurslarında ABŞ-ın Ermənistandakı səfirliyinin 2500 əməkdaşından 1400-ə yaxın şəxsin ABŞ Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinə mənsub hərbçilər olduğu və 3 hərbi təyinatlı məxfi laboratoriyanın da Ermənistanda fəaliyyətə başladığı haqda informasiya yaymışdılar.
Eyni zamanda, ruslar iddia edirdilər ki, Paşinyanı müdafiə edən “Sasna tsrer” (“Sasun cəngavərləri”) terror təşkilatının maliyyəsi də məhz ABŞ-ın İrəvandkı səfirliyi tərəfindən ödənir...
İndi belə görünür ki, dekabrın 14-dək – ABŞ-dakı seçkilərin ilk rəsmi nəticələrinin müəyyənləşəcəyi tarixədək, Paşinyan canını qorumaq, istefa verməmək və müqavimət göstərmək kursu seçəcək, bu müddətdə əsas sığınacağı da elə ABŞ səfirliyi olacaq.
Putinin vasitəçiliyi ilə imzalanmış atəşkəs razılaşmasına əsasən, noyabrın 15-də Kəlbəcərin, 20-də Ağdamın və dekabrın 1-də isə Laçının boşaldılması isə, böyük ehtimalla, Ermənistandakı daxili siyasi gərginliyi pik həddə çatdıraraq, etirazları rusyönümlülərlə qərbyönümlülərin silahlı toqquşması prosesinə çevirəcək.
\
Sözsüz ki, məhz bu ərəfədə Azərbaycandakı xarici agentura şəbəkəsi də xeyli fəallaşacaq, xüsusən də son 45 gündə yaranmış iqtidar-müxalifət, xalq-hakimiyyət həmrəyliyinin pozulmasına, yenidən bölücü mühitin və cəmiyyətdə hakimiyyətə inamsızlıq atmosferinin yaranmasına cəhd göstəriləcək.
Odur ki, indi cəmiyyətimiz həddən artıq həssas və ayıq olmalı, nəyin bahasına olursa-olsun yaranmış bu həmrəyliyin xüsusilə də qarşıdakı 3-4 həftə ərzində pozulmasına yönələcək bütün addımlardan çəkinməlidir!
Təbii, qanı təmiz olan, milli maraqlarımızın və dövlət suverenliyimizin qorunmasını istəyən hər bir vətənpərvər şəxs Rusiyanın həyasızlıqla və sürətlə "sülhməramlı"adı altında qoşunlarını Qarabağa yerləşdirməsini və Ordumuzun Xankəndi-Xocalı xəttini tutmasının da qarşısını almasını qətiyyən həzm edə bilmir, bu səbəbdən hakimiyyətə səmimi etirazları da başadüşüləndir.
Ancaq o da aşkar görünür ki, insanların bu səmimi duyğularından istifadə etmək istəyən konkret qüvvələr də az deyil və buna qətiyyən yol vermək olmaz!
Allah bütün gizlinləri görən, məkrli niyyətləri üzə çıxarandır! Gəlin, Allaha təvəkkül etməklə, arxada aparılan danışıqların, razılaşmaların gün üzünə çıxmasına imkan verəcək daha bir 3 həftəni səbrlə gözləyək!
Savaşsa bitməyib, hələlik diplomatik masada davam edir və onun hər an yenidən cəbhə xəttinə sıçrama ehtimalı var!
Və nə yaxşı ki, qardaş Türkiyəmiz, Hulusi Akar Paşamız demişkən, artıq meydanda da, danışıqlarda da var və bizi hansısa güc qarşısında da tək buraxmaq niyyətində deyil!
Rusiyanın bizə hökmü Türkiyə Ordusunun rəsmi şəkildə Azərbaycana gəlişinədəkdir!
Elxan Şükürlü-politoloq