Newscenter.az.13.11.2020. Azərbaycan tarixinə növbəti şərəfli və unudulmaz günlər daxil oldu. Noyabr ayı əvvəllər də bir çox əlamətdar günlər baxımından zəndin idi. Belə ki, 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü, 12 noyabr - Konstitusiya Günü, 17 noyabr - Milli Dirçəliş Günü məhz bu ayda qeyd olunur. İndi isə bu günlərin sırasına 8 və 10 noyabr tarixləri də əlavə olundu. 8 noyabrda iyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi. Şuşanın azad edilməsinin əhəmiyyəti isə özünü çox tez bir zamanda göstərdi və cəmi iki gün sonra düşmən öz məğlubiyyətini elan etmək məcburiyyətində qaldı. Şuşanın azad edilməsi əslində xalqımızın və dövlətimizin istər mənəvi və tarixi, istərsə də strateji və hərbi baxımdan qələbəsinin carçısı idi.
Şuşanın azad edilməsinə olan həsrət həmişə bir çox amillərlə bağlı olub, ancaq Ermənistan baş nazirinin Şuşada dəstə başçısının andiçmə mərasimində iştirak etməsi və digər ləyaqətsiz hərəkətləri bu həsrətin həm də haqlı qəzəbə çevrilməsində son nöqtə oldu. Düşmən bunun cavabını çox ağır aldı və rəşadətli ordumuz bunun hesabını ona artıqlaması ilə ödətdi. Ermənistanın “yenilməz” ordusu məhv oldu, otuz il ərzində qurduqları istehkamlar keçildi və fərarilik başladı. Ermənistanda hələ də qarşılıqlı ittihamlar baş alıb gedir. Artıq onlarla şəxs vətənə xəyanət ittihamı ilə, hərbi qanunlarla mühakimə olunub, onlarla şəxs yüksək postlardan uzaqlaşdırılıb. Azərbaycan ordusunda isə bir dənə belə olsun fərarilik və ya digər mənfi hallara rast gəlinmədi. Otuz ilin əziyyəti, ümidsizliyi və əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Bütün bunlar göstərdi ki, heç kim Azərbaycan xalqının səbri ilə oynaya bilməz. Şuşanın azad edilməsindən sonra bayraq günündə 72 yaşayış məntəqəsi olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Şuşanın azad edilməsi ilə həmçinin Ulu Öndərin vəsiyyəti yerinə yetmiş oldu və bu gün hamımız xoşbəxtik ki, onun ruhu bu qələbəyə sevinir və şaddır. Azərbaycan xalqı 27 il ərzində həmişə Ümummilli Lider Heydər Əliyevin və onun davamçısı cənab İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyib. Vətəndaşlarımız döyüşlərin getdiyi bütün müddət ərzində yaşadıqları məhrumiyyətlərə baxmayaraq yalnızca “vətən sağ olsun”, “ancaq irəli” dedilər. Ermənilər isə parlament və hökumət binalarını dağıdırlar. Ermənistanda indiyədək az qala bütün hakimiyyət dəyişiklikləri qanla, gülləboranla və ya küçədə həll olunub.
Azərbaycanın vətən müharibəsində qələbəsi yalnız hərbi yolla olmadı. Biz eyni zamanda siyasi yolla da qələbə qazandıq. Məhz hərbi qələbəmiz düşməni məcbur etdi ki, Ağdam, Laçın və Kəlbəcər rayonları siyasi yolla qaytarılsın. Son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz və ordu quruculuğu da bizim qələbəmizi şərtləndirən önəmli amillərdən oldu. Azərbaycan müharibəni yalnız humanitar hüquq normaları çərçivəsində aparmaqla ona əsassız ittihamlar irəli sürənlərə qarşı layiqli cavab vermiş oldu. Ermənistan isə öz terrorist xislətini, beynəlxalq hüquq normalarına hörmətsizliyini bariz şəkildə göstərdi. Ermənilərin məskunlaşdığı, gizləndiyi şəhərlər böyük dağıntılara məruz qalmayıb, çünki biz mülki obyektlərə atəş açmamışıq. Ermənistan isə bütün insani hədləri aşaraq münaqişə zonasından tamamilə kənar olan və mülki şəxslərin yaşadığı əraziləri – Gəncəni, Bərdəni, Tərtəri və digərlərini atəşə tutub, bombalayıb, qadağan olunmuş silahlardan istifadə etməklə ciddi zərərlərə və insan tələfatına səbəb olub. Ermənistan rəhbərliyi bu əməllərinə görə ciddi şəkildə cavab verməlidir və bunun üçün bütün zəruri addımlar atılacaqdır.
Qeyd olunanlarla yanaşı, iqtisadi gücümüz qələbəni əldə etmək potensialımızı təmin etdi. Azərbaycan sübut etdi ki, acı məğlubiyyətə uğramış düşməndən fərqli olaraq hərbi və iqtisadi cəhətdən heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil və iqtisadi müstəqilliyimiz ordumuzu gücləndirmək üçün kifayət qədər imkanlar yaradıb. Bu gün biz ordu üçün lazım olan bütün hərbi texnikanı, silahları alırıq. Azərbaycanda müstəqil müdafiə sənayesi yaradılıb və ordumuzun tələbatı böyük dərəcədə daxili istehsal hesabına təmin edilir.
Digər tərəfdən, bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaradıb və regionun enerji və nəqliyyat xəritəsini yenidən tərtib edib. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir və bu da təbii ki, Azərbaycanın beynəlxalq nüfuzu gücləndirir.
Biz illərlə, demək olar ki, bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüzü dəstəkləyən sənədlərin qəbuluna nail olmaqla münaqişənin həllinə hüquqi zəmin yaratmışdıq. Dünyanın bütün aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edərək birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımışdı. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz isə bizə əlavə güc verdi və imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Azərbaycan xalqı yumruq kimi birləşib və bu birlik əbədi olacaqdır. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkanlar yaradacaq və dövlətimizin gücü də məhz Azərbaycan xalqının dəstəyindədir. Biz bir daha göstərdik ki, milli məsələlərdə hamımız birləşə bilirik və bu birlikdə, həmçinin qələbəmizin əldə ounmasında ən önəmli amil də Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi oldu. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir. Siyasi müxalifət də bu dövrdə yüksək şüur nümunəsi göstərərək sübut etdi ki, dövlətə və dövlətçiliyə müxalifətdə olmaq olmaz. “İqtidara, dövlətə nə qədər pisdir, mənim üçün bir o qədər yaxşıdır” fikri ilə yaşamaq olmaz. Müharibədən sonra bəzi məqamlar açıqlanandan sonra hər kəs dövlətin və dövlət başçısının nə qədər böyük sınaqlardan çıxdığını, hansı böyük təzyiqlərə məruz qaldığını şahidi olacaq.
Qazanılan uğurlamınızı və Azərbaycanın qələbəsini özündə ehtiva edən 10 noyabr tarixli bəyanatın da xüsusi əhəmiyyəti var. Bəyanata əsasən, sentyabrın 27-də başlamış İkinci Qarabağ münaqişəsi Azərbaycanın qələbəsi ilə başa çatdı və Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxmış oldu. Bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir və Ermənistan baş nazirinin onu imzalamaqdan hər vəchlə imtina etməsi də bununla bağlı idi. Bütün bunlara baxmayaraq, o, düşdükləri acınacaqlı vəziyyəti və Azərbaycanın qazandığı parlaq qələbəni qəbul etməklə bu sənədi məcbur qalaraq sonradan imzalamışdır.
Bəyanatda Dağlıq Qarabağın statusu haqqında, ona hər hansı muxtariyyət verilməsi barədə bir kəlmə də yoxdur. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək və Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində xüsusi rol oynayacaqdır. Bunun nəticəsində başqa kənar oyunçuların bölgədə iştirak etmək cəhdləri aradan qalxmış olur. Eyni zamanda, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atılmışdır ki, bununla da Naxçıvanın otuz illik blokadasına son qoyulur, eyni zamanda türk dünyasının yerüstü tranzit–rabitə əlaqələri bərpa olunur.
Bu qələbə dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. Azərbaycan xalqı öz yenilməzliyini, dəmir iradəsini göstərdi, Xocalı qurbanlarının, şəhidlərimizin qisasını alındı.
Yaralı zabitlərimizin tezliklə sağalıb normal həyata dönməsi, sağalması üçün, o cümlədən məcburi köçkünlərimizin öz yurdlarına qayıtması üçün bütün zəruri addımlar atılacaqdır. Azərbaycan dövləti işğaldan azad olunmuş bütün ərazilərdə infrastrukturu yeniləyərək məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılmasını mümkün olan ən qısa müddətdə təmin edəcək. Bütün tarixi abidələrimiz, məscidlərimiz bərpa ediləcək.
Göstərdiyi qəhrəmanlığa görə Azərbaycan xalqı və bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm və qazanılan bu misilsiz qələbə münasibətilə hər kəsi səmimi qəlbdən təbrik edirəm.
Eldəniz Səlimov-Milli Məclisin deputatı