Newscenter.az.13.11.2020. Azərbaycan xalqı bu günlər doğrudan da dövlətçilik tarixində böyük hərflərlə yazılacaq qələbə tarixini yaşayır. Bu tarixi yumruq kimi birləşən Azərbaycan xalqı, onun müzəffər Ordusu və xalqın Ali Baş Komandanı İlham Əliyev yazmaqdadır.
Bütün Azərbaycan vətəndaşları, habelə dünyada yaşayan Azərbaycanlılar həmrəylik göstərərək birləşdiklərinə, Azərbaycan Respublikasının suverenliyinin bərpasına, dünyada haqq və ədalətin bərqərar olunmasına, Azərbaycan xalqının qələbəsinə görə məhz Prezident İlham Əliyevə sonsuz minnətdardır.
Təmsil etdiyim 89 saylı Göyçay-Ağdaş seçki dairəsinin seçiciləri mənə dayanmadan müraciət edərək Ali Baş Komandana onların da təbriklərinin çatdırılmasını və daima dövlət başçısının yanında olaraq bundan sonra da Cənab Prezidenti dəstəkləyəcəklərini dəfələrlə vurğulamışlar.
Müharibənin başlanğıcında respublikanın hər yerində olduğu kimi, Göyçay və Ağdaş rayonlarının əhalisində də yüksək əhval-ruhiyə, qələbəyə əminlik var idi.
Bu gün 89 saylı Göyçay-Ağdaş seçki dairəsində çoxlu sayda şəhidlik zirvəsinə yüksələn vətən övladları, Vətən Müharibəsində qəhramanlıq göstərərək yaralanan igid övladlarımız Cənab Prezidentin çağırışına səs verərək öz vətənpərvərlikləri, canları və qanları hesabına dövlətimizin, torpaqlarımızın işğaldan azad olunması uğrunda könüllü olaraq döyüşlərdə iştirak etmişlər. Ölkə başçısının daxili və xarici siyasəti hesabına əldə olunan möhtəşəm qələbə hamımızı sevindirdi. Şanlı qələbimizi vətəndaşlarımız layiqincə, çox böyük coşqu, bayram əhval-ruhiyəsi ilə qarşıladılar.
Noyabrın 10-da sülhə dair bəyanatın imzalanması ilə Azərbaycanın qələbəsinin düşmən tərəfindən təsdiq olunması, bundan sonra da Qarabağın yenidən qurulması və çiçəklənməsi, soydaşlarımızın öz doğma yurdlarına qayıtması kimi vacib məsələlərdə birliyimizin qorunmasını zəruri edir.
Bütün bunları nəzərə alaraq Göyçay və Ağdaş seçiciləri Cənab Prezidenti bundan sonra da hər zaman olduğu kimi dəstəkləyərək, Ali Baş Komandanla davamlı inkişafa doğru bir yerdə olacaqlarına əminliklərini ifadə edirlər.
Şəhidlərimizə Allahdan rəhmət, yaralanan qardaşlarımıza, ləyaqətli övladlarımıza şəfa diləyirəm.
Böyük sevinc hissi ilə Göyçay və Ağdaş seçicilərinin Ali Baş Komandanımıza olan müraciətlərini, təbriklərini, salamlarını Milli Məclisin deputatı kimi çatdırmaqdan qürur və Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycanın vətəndaşı olmaqdan şərəf duyuram.
Eşq olsun Ali Baş Komandana!
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Azərbaycan Xalqı!
Qarabağ Azərbaycandır!
Məzahir Əfəndiyev
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı