Newscenter.az.13.11.2020. 44 günlük müharibədən və məlum bəyanatla düşmənin kapitulyasiyasından sonra Ermənistandakı mürəkkəb vəziyyət xaotik xarakter alıb. Ermənistan vətəndaşları bir zamanlar çiyinlərində “demokratiya” deyib hakimiyyətə gətirdikləri Paşinyanı indi düşmən elan edilblər, hətta onu hər an linç etməyə hazır olduqlarını nümayiş etdirirlər. Əlbəttə ki, Nikol Paşinyan da artıq qurduğu diktatura rejiminin demokratikliyinə dair imitasiya imkanlarını itirib. O, ölkəsini fəlakətə məhkum etmiş bir şəxs kimi onu ittiham edən bütün müxalifət nümayəndələrini həbsə atdırır, onlara təzyiqlər və təhdidlər edir. Hətta, müharibədə sarsıdıcı məğlubiyyətə uğramış Paşinyan iqtidarı ölkə daxilində baş qaldıran narazılıq və xalq qəzəbini söndürmək üçün amansız repressiyalara da başlayıb. Təkcə ötən gün Ermənistanda Nikol Paşinyanın istefası tələbi ilə keçirilən kütləvi aksiyalarda 10 müxalifət lideri saxlanılıb. Budurmu, Paşinyanın demokratikliyi? Budurmu Ermənistan demokratiyası?.
Hazırda Ermənistanda müxalifət partiyalarının hökumətin fəaliyyəti ilə bağlı tənqidləri cəmiyyətə “milli xəyanət” kimi təqdim olunur. Hətta, Ermənistanda dövlət orqanlarının və vəzifəli şəxslərin hərəkətlərini tənqid edən, təkzib edən, şübhə altına alan və ya başqa bir şəkildə dəyərdən salan məlumatların dərc edilməsi və yayımlanması qadağan edilib. Ölkədə hakimiyyəti, hətta bələdiyyələri belə tənqidə görə 1200 avro cərimə tətbiq edilir. Buna görə sosial şəbəkə istifadəçiləri və jurnalistlər açıq şəkildə hakimiyyətin özbaşınalığı və cinayətlərini tənqid edə bilmirlər. Bununla yanaşı, Ermənistanda vətəndaşların dinc etiraz aksiyalarını qeyri-mümkün edən yüksək cərimələr də tətbiq olunur. Bəs, nə oldu? Haradadır Ermənistan demokratiyası, Qərb dəyərləri? Sorosun hakimiyyətə “demokratik lider” deyib gətirdiyi Paşinyan nə üçün erməni xalqının adi hüquqlarını belə təmin etmir? Heç şübhəsiz ki, bu gün regionda yaşanmış müharibə və dağıntılara, Ermənistandakı kütləvi insan hüquqlarının pozulması hallarına, beynəlxalq cinayətlərə görə yalnız Paşinyan yox, onu hakimiyyətə gətirən, bütün cinayətlərinə göz yuman Qərb dairələri və təşkilatları da məsuliyyət daşıyırlar.
Qərb dairələri uzun müddət 2018-ci ilin mayında Ermənistanda baş vermiş dövlət çevrilişini “demokratik inqilab”, hakimiyyəti ələ keçirmiş Nikol Paşinyanı isə “demokratik lider” kimi təqdim etməsinə baxmayaraq, Ermənistanda bu gün demokratiyanın işartıları belə qalmayıb, ölkə kriminal şəxslərin neofaşizm yuvasına çevrilib. Əgər bu gün Ermənistanda baş verənlər Azərbaycanda olsaydı, indi Qərb ölkələrində bu barədə bəyanat verməyən heç bir insan hüquq təşkilatı qalmayacaqdı? Nə üçünsə Ermənistanda hamının gözü qarşısında müxalifətin əzilməsi və sıradan çıxarılması qəribə bir susqunluqla qarşılanır. Bu, haqlı olaraq suallar yaradır. Bu ikili standartlar nə üçündür və bu ədalətsizlik, selektiv münasibət nə vaxta qədər davam edəcək?: “Human Rights Watch, Amnesty İnternational, Freedom House, ATƏT, AŞPA və başqa insan hüquqlarının müdafiəsini özlərinin prioriteti hesab edən beynəlxalq təşkilatlar niyə susurlar? Haradadırlar? Məgər, onlar bu gün Ermənistandakı cinayətləri görmürlərmi? Axı, nə üçün Prezident İlham Əliyevə feyk məlumatlar əsasında guya Azərbaycanda bir nəfərin sülh tələb etdiyinə görə həbs edilməsi barədə sual verənlər bu gün Ermənistandakı kütləvi həbsləri, təqibləri görməzdən gəlir, heç nə baş verməmiş kimi davranır, bu barədə Paşinyana heç bir sual ünvanlanmırlar? Siyasi məhbusların ölümünə səbəb olan, siyasi rəqibləri həbslər, fiziki məhvetmə ilə aradan götürən, üstəlik də Bərdə, Gəncə terroru ilə günahsız insanları qətlə yetirən Paşinyanın cinayətlərinə necə göz yummaq, bunun əvəzində isə Azərbaycana və onun liderinə qarşı uydurmalar söyləmək olar? Bunun adı nədir axı? Fransa, Kanada kimi ölkələr üçün demokratik dəyərlər, insan haqları bu qədərmi əhəmiyyətsiz oldu ki, Paşinyanın cinayətlərinə susurlar? Artıq Qərbin təlqin etdiyi dəyərlərə nə qədər sadiq olması şübhə altındadır və onların beynəlxalq səviyyədə inam və etibar kreditləri tamamilə tükənməkdədir. Cinayətkarın başını sığallamaq törədilən cinayətlərə ortaq olmaq deməkdir ki, bunu da Qərb ölkələri unutmasınlar.
Sədaqət Vəliyeva-Milli Məclisin deputatı