Newscenter.az.14.11.2020. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən koronavirusun (COVID-19) profilaktikasına dair ictimai iaşə müəssisələrində həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı aşkar olunmuş nöqsanlar, yoxlamaların statistik nəticələri və təhlilinə dair, həmçinin pandemiya dövründə ictimai iaşə müəssisələrində əməyin mühafizəsi ilə bağlı bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələrinə təlim keçirilib.
Newscenter.az-a AQTA-dan bildirilib ki, videobağlantı formatında keçirilən təlimdə ictimai iaşə müəssisələrinin əməl etməli olduğu vacib tədbirlər, habelə pandemiya dövründə yarana biləcək risklərin minimuma endirilməsi üçün qida sektorunda fəaliyyət göstərən hər bir sahibkarlıq subyekti sosial məsuliyyətini dərk edib, daha intizamlı işləməli, öz fəaliyyətini əhalinin sağlamlığının və rifahının qorunmasına xidmət edəcək şəkildə həyata keçirməlidir. Sahibkarlar koronavirusa (COVID-19) yoluxma hallarının qarşısının alınması məqsədilə maksimum tədbirlər görməli, virusun profilaktikasına dair Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara riayət olunmasına ciddi nəzarət etməlidirlər.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun (AQTİ) mütəxəssisləri sahibkarlara İSO 45001 standartının işçilərin sağlamlığını və təhlükəsizliyini artırmaq, eləcə də iş yerindəki riskləri azaltmaq baxımından əhəmiyyəti barədə geniş məlumat verib.
Xüsusən də insanların sıx toplaşdığı digər məkanlar kimi ictimai iaşə müəssisələrinin fəaliyyəti pandemiya şəraitinə uyğun təşkil edilməlidir. İctimai iaşə müəssisələrində qida ilə təmas edən səthlərin, avadanlıqların təmizliyi nəzarətdə saxlanılmalı, qida ilə təmasda olan şəxslər vaxtaşırı tibbi müayinədən keçməlidir. İctimai iaşə müəssisələrində istər müştərilər, istərsə də işçilər tərəfindən əl və tənəffüs gigiyenasına riayət etmək COVID-19-a yoluxmanın qarşısını alan vacib şərtlərdəndir ki, sahibkarlıq subyektlərinin rəhbərləri bu tələblərə əməl edilməsini mütəmadi nəzərdə saxlamalıdırlar.
Görüşdə sahibkarlara bildirilib ki, ictimai iaşə müəssisələrində koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Agentlik tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə məkanlarında monitorinqlər həyata keçirilir. Bununla bağlı sahibkarlara dəfələrlə xəbərdarlıqlar edilib, onlara maarifləndirici məlumatlar verilib və bundan sonra da sözügedən qaydalara əməl etməyən sahibkarlar barəsində qanunverciliyin tələblərinə uyğun tədbirlər görüləcək.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Orxan