“Şəhid ailələri, qazilər bizim üçün müqəddəsdir”
Newscenter.az.12.06.2021. “Mən hesab edirdim ki, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında əldə etdiyimiz 44 günlük tarixi Zəfərdən sonra Azərbaycanda yeni dövr, era başlayacaq və bizim məmurlarımız, deputatatlarımız, hətta məhkəmə hakimiyyəti yeni dövrdə, yeni quruculuq prosesində fəal iştirak edəcəklər. Lakin gördüklərimdən çox təəsüüf hissi keçirirəm”.
Newscenter.az xəbər verir ki, bu fikirləri kanal24.az-a müsahibəsində sabiq millət vəkili Cahangir Hüseynov səsləndirib. 30 ildir bu zəfəri gözlədiyimizi deyən sabiq millət vəkili onu da qeyd edib ki, hətta bəzi hallarda belə bir tarixi qələbənin baş verə biləcəyinə inamsız idik:
“Ancaq Allah qismət etdi və biz bu tarixi zəfəri gördük. Başda Ali Baş Komandan olmaqla müzəffər ordumuz, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti, bütün hərbiçilərimiz sağ olsunlar ki, bizə bu günü nəsib etdilər. Allahdan şəhidlərimizə də rəhmət diləyirəm. Həmçinin qazilərimizə tezliklə sağlamlıqlarını bərpa etməyi arzulayıram. Ancaq mən istəməzdim ki, torpaqlarımız müharibə yolu ilə azad edilsin, şəhidlərimiz, qazilərimiz olsun. İstəyirdim ki, problem diplomatik yolla həll olunsun və Ermənistan işğal altında saxladığı ərazilərimizi geri qaytarsın. Ancaq təəssüflır olsun ki, Ermənistan problemin diplomatik yolla həllində maraqlı görünmədi”.
Cahangir Hüseynov qeyd edib ki, tarixi zəfərdən keçən dövr ərzində bir sıra hallarda şəhid ailələrinə, qazilərə olan biganə münasibət dərin təəssüf doğurur:
“Halbuki biz həmin insanları qorumalı, onlara hər cür yardım etməliyik. Təəssüflər olsun ki, hələ də bu sahədə müəyyən narazılıqlar var və bu narazılıqların başında dayanan isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir”.
Sabiq millət vəkili yaxın tarixə nəzər salaraq deyib ki, 1973-cü ildə Sosial Müdafiə Nazirliyində yoxlama aparılır və həmin nazirliyin Firudin Qədirov adlı əməkdaşı həbs edilir:
“Onun bağından təxminən 40 kiloqrama yaxın qızıl və zinət əşyaları aşkar edildi. Həmin vaxt ulu öndər Heydər Əliyevin “İzvestiya” qəzetində “Qoy, ədalət zəfər çalsın” başlıqlı müsahibəsi dərc olundu. Həmin vaxt respublikada korrupsiya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparıldı və kifayət qədər müsbət nəticələri oldu. Bu gün də tarixi zəfərimizdən keçən dövr ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elə hərəkətlər edir ki, adam təəssüf hissi keçirir. Bu gün nazir Sahil Babayev deyir ki, 90 min insanı təqaüddən məhrum etmişik. 17 min nəfərin isə əlillik dərəcəsi ləğv olunub. Deməli, 110 minə yaxın insan təqaüddən məhrum edilib. O zaman sual yaranır, ötən on illər ərzində həmin şəxslərə əlillik dərəcəyi təyin olunub və onlara pensiya verilib və yəqin həmin şəxslərə əlillik dərəcəsini sözügedən nazirliyin həkim-ekspert komissiyası verib. Onda belə çıxır ki, həmin şəxslər, yəni həkimlər də vətəndaşla əlbir olaraq qanunsuzluğa imza atıblar?”.
Sabiq millət vəkili onu da diqqətə çatdırıb ki, qazilərə qarşı əsassız cinayət işlərinin qaldırılması yolverilməzdir. Cahangir Hüseynov deyib ki, şəhid ailələri, qazilər bizim üçün müqəddəsdir:
“Mən də Birinci Qarabağ müharbəsində iştirak etmişəm və müharibənin hər üzünü, ağrısını, çətinliyini görmüşəm. Əgər kimsə silah götürüb könüllü, yaxud bir başqa formada döyüşə gedib, erməni qəsbkarları ilə vuruşub torpaqlarımızın azad edilməsi prosesində iştirak edibsə, onların əməyini yüksək qiymətləndirməliyik. Cənab Prezident də qeyd etdi ki, İkinci Qarabağ Müharibəsi dünya hərbi tarixində öyrənilir. Belə bir vəziyyətdə müharibə iştirakçılarına beləmi qiymət verməliyik? Əgər bu qədər narazılıq və etirazlar varsa, deməli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də nazir Sahil Babayev vəzifəsinin öhdəsindən gələ bilmir. Bundan əvvəl nazir işləyən Səlim Müslümov da həbsdədir. Bu necə nazirlikdir ki, orada bu qədər korrupsiya, rüşvətxorluq halı mövcuddur. Bu gün respublikada ən böyük narazılıq məhz həmin nazirlikdəndir. Ona görə də təklif edirəm ki, Milli Məclisdə bu məsələs müzakirə olunsun, nazir özü parlamentdə hesabat versin”.
NEWSCENTER.AZ