Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Eldəniz Səlimovun mandatı əlindən alına bilərmi?-



Newscenter.az.30.07.2021.
İstirahət mərkəzlərindən birində polis nəfərini döyən Milli Məclisin deputatı Eldəniz Səlimov barədə parlamentin İntizam Komissiyasında müvafiq qərarın çıxarılacağı bildirilir. Hətta onun deputat mandatının ləğvi mümkünlüyü barədə də fikirlər səslənməkdədir. Bəs, görəsən deputat mandatı hansı hallarda ləğv edilir?

Newscenter.az deputatın mandatının hansı halda ləğv edilə biləcəyi barədə hüquqşünas Əli İbrahimovun fikirlərini təqdim edir:

Azərbaycan Respublikası Milli Məclisinin deputatı təqsirli olması qanunla sübuta yetirilməyibsə, onun mandatının əlindən alınması ilə bağlı danışmaq çox tezdir.

Konstitusiyaya əsasən, Milli Məclisin deputatı bu hallarda mandatından məhrum edilir: Seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda, Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda. Həmçinin dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), özü imtina etdikdə, Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda, deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.

Eyni zamanda Konstitusiyaya əsasən, səlahiyyət müddəti ərzində deputatın şəxsiyyəti toxunulmazdır. Bu müddət ərzində cinayət başında yaxalanma hallarından başqa, deputat cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Deputat cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda, Milli Məclisin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

Millət vəkilinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən, Milli Məclisin qərarı ilə xitam verilə bilər.
Bundan başqa Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət Prosessual Məcəlləsində təqsirsizlik prezumpsiyası ilə bağlı müddəa var. Təqsirsizlik prezumpsiyasına əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş